Nə Qərib, nə TƏBİB, mənim seçimim Həbibdir

Nə Qərib, nə TƏBİB, mənim seçimim Həbibdir

08-07-2020 18:22 / Bu xəbər 2480 dəfə oxundu

Xədicə İsmayıl

TƏBİB səhiyyə sistemindəki biabırçılığın qismən günahkarıdır. Qismən, çünki hələ yaradılanda açar səhiyyə sahələri onların tabeçiliyinə verilməyib, yəni Gürcüstandakı kimi sığortayla idarə olunan səhiyyə sisteminin olmaması prezidentin öz dayısı Cəmil Əliyev, Oqtay Şirəliyev, özünün də payçı olduğu digər səhiyyə biznesi oyunçularını oyundan kənarlaşdırmaq iradəsinin olmamasıdır.

Üstəlik, illərlə yaradılan uçotsuzluq problemi.

Pandemiyanın lap əvvəlində poliklinikalar coğrafi lokallaşdırmada önəmli idi, amma onlar ümumiyyətlə söhbətin içində yox idi. Səhiyyə Nazirliyi lap əvvəldən sabotaj etdi prosesi.

Həkimləri yüksək maaşlı 4 saatlıq növbələr təklifi ilə təşviq etməkdənsə, maaşlarını yeyib, bəzilərinin fədakarlıqlarından sui-istifadə etdilər. İndi fədakarlar yoluxub və yorulub, qalanları heç maraqlı da deyil.

Maska istehsalı və idxalına müstəqil biznesi buraxmayıb birinci ailənin nəzarətində olan şirkətə verdilər...

Testləri də TƏBİB-dəkilər monopoliyasına aldı.

Amma tək TƏBİB-dənmi görək?

Sərhəddən keçən qohumunu tapşırıqla karantindən yayındırıb bir xəstəxananın tibbi heyətini yoluxduran prezident aparatı işçisi necə olsun?

Antisanitariya və zor hökm sürən karantin məkanlarından hürkənlər xəstəliklərini gizlətdi.

Şəhərə giriş bağlı olanda rüşvətlə şlaqbaumları kim qaldırırdı?

Adamlara "evdə qal” deyib, əksəriyyətinə müavinət vermədilər, onlar da məcburən qayda pozdular (bu ki TƏBİB-lik deyil).

Müavinət verdiklərini məcburən Əliyevlərin bankına yönəltdilər, orada növbələrdə yoluxdurdular.

Metronu bağlayanda marşrutlara daha çox avtobus buraxmağı unutdular.

Qəfil qərarlarla marketlərdə sıxlıq yaratdılar, onlar da oliqarx biznesi olduğu üçün marketlərdən nizam intizam tələb etməyi unutdular.

Daha nələr, nələr...

Bütün nazirliklər yanlış qərarlar verdi - hamısına səbəb də başında bir ailənin durduğu korrupsiya rejimidir.

İndi Qərib və TƏBİB oyunu ilə başınızı qatmaqları da diqqətinizi faciənin əsas baiskarından yayındırmaqdır.

Nə Qərib, nə TƏBİB, mənim seçimim baiskarı ifşa edən Həbibdir (Bloger Həbib Müntəzir nəzərdə tutulur. red) 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.