Neftçalada 7 milyonluq QALMAQAL
24-01-2014 00:47 / Bu xəbər 1229 dəfə oxundu
Milyonlar hara “buxarlanır”?
Düz bir il əvvəl mediada Neftçala rayon Maliyyə İdarəsində 7 milyon manatlıq maliyyə yeyintinin qeydə alınması ilə bağlı xəbərlər yayılmışdı.
Məlumatlarda rayona ayrılmış pulların böyük bir qisminin mənimsənildiyi iddia edilirdi. Həmçinin iddia edilirdi ki, Neftçala rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi icra başçısının göstərişi ilə idarə rəhbəri Rəşid Manafov mənimsəyib. Bu pulların hara xərcləndiyi ilə bağlı sənədlərdə isə rəqəmlər süni olaraq şişirdilib.
Ancaq yoxlamaların nəticələri ictimaiyyətə açıqlanmadı. Gözlənilirdi ki, rayon maliyyə idarəsinin müdiri Rəşid Manafovla bağlı ciddi tədbir görüləcək. Çünki idarədə ciddi korrupsiya faktları və maliyyə maxinasiyalarının olduğu bildirilirdi. Lakin bu baş vermədi. Rayonun "ikinci şəxs"i kimi bütün işlərin başında dayanan Rəşid Manafov isə hansısa qüvvələrin köməyi ilə bu əməliyyatdan xilas ola bildi.
Bir ildə heç nə dəyişməyib. Rayonu yenə Rəşid Manafov idarə edir: "Rayonun icra başçısı İsmayıl Vəliyev maliyyə idarəsinin müdirinə bütün səlahiyyətləri verib. Ona görə də rayonun bütün idarə müdirləri məhz Manafovun göstərişi ilə hərəkət edirlər.
Bundan başqa, R.Manafov rayondakı bütün idarələrdə, xüsusən də təhsil müəssisələrində "yeni iş yerləri" açır, "ştat alveri" ilə məşğuldur.
Məlumdur ki, rayonlarda büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqlarını özlərinə götürürlər. Yalnız yoxlamadan yoxlamaya iş yerində tapılan bu şəxsləri "vruçat" etmək də məhz müəssisə rəhbərinin vəzifəsidir. Maliyyə İdarəsinin müdiri Rəşid Manafov da bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmağa başlayıb. Yəni o, alınan əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir.
Sadəcə, burada problem ondan ibarətdir ki, tətbiq olunan bu qayda heç də qeyd olunan şəxslərə şamil olunmur. Həm də regionlarda işsizliyin aradan qaldırılması üçün dövlət başçısının sərəncamı əsasında görülən işlərdə də özünü göstərməyə başlayıb. Yəni rəsmi qaydada ehtiyac üzündən işə götürülən şəxslərdən də eyni qaydada haqqın tələb olunması bütün rayonda ciddi narazılıq yaratmağa başlayıb.///sonxeber.info












