Nəqliyyatın, benzinin və dizelin qiyməti qalxdı
30-06-2024 23:19 / Bu xəbər 1272 dəfə oxundu
Məişət tullantılarının da daşınması tarifi artdı
İyunun sonuncu bazar günü Azərbaycanda qiymət artımı ilə yadda qaldı. Nəqliyyatda gediş haqları, eləcə də yanacaqda, məişət tullantılarının daşınmasında qiymətlər artırıldı.
Məlum oldu ki, bazar günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər artırılıb.
- Qurumun yaydığl məlumata görə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
- Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olur.
Eyni zamanda, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan/Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 50 qəpik müəyyən edilib.
Tarif (qiymət) Şurası isə Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında digər artımlarla bağlı qərar verdiyini açıqlayıb.
Hakimiyyətyönümlü media bunu "qiymət tənzimlənməsi” kimi qeyd etsə də, faktiki Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Aİ-95 benzinin qiyməti necə ucuzlaşır?
Qiymət artımı əhaliyə təqdim edilməzdən öncə Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulduğu barədə xəbər ictimaiyyətə çatdırılıb.
Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.
"Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”, – xəbərdə deyilir.
2022-ci ildə Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.
Hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Bu benzinlər ölkəyə "SOCAR Petroleum” törəmə şirkəti tərəfindən gətirilir.
Bu səbəbdən də sözügedən benzin növlərində ucuzlaşmanın Tarif Şurasının bahalaşma qərarının yaradacağı ajiotajı dəf etmək məqsədi daşıdığı, müvəqqəti olduğu ehtimal edilir.
Qiymət artımına hazırlıq
Bir neçə gün idi ki, yerli media Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin tənzimlənməsinin vacibliyi ilə bağlı məlumatlar verirdi. Tarif Şurası da hesab edir ki, bu yanacaqların pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil:
"Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar "premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir”, – APA-nın məlumatında qeyd olunur.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, Aİ-92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur. İqtisadçı bildirir ki, Azərbaycan neft ölkəsidir, xammalı xaricdən almır: "Üstəlik, yerli istehsalı var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb. 80-85 dollar koridorunda sabitləşib. Dəb olan "ekoloji problemlər” mövzusunu işin içinə qatıb, qiymət artımına "qlamur” don geydirmək də doğru deyil. Ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir”.
Zibilin də qiyməti artıb
Tarif Şurasının iclasında bərk məişət tullantılarının idarə edilməsi üzrə də tariflərə baxılıb.
Bundan sonra bərk məişət tullantılarının idarə edilməsi üzrə yeni tariflər belə olacaq: Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:
Bakı şəhərində:
- Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlarda:
- Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir.