Nərgiz Absalamova ev dustaqlığına buraxılmadı
23-05-2024 15:22 / Bu xəbər 645 dəfə oxundu
Mayın 22-də Bakı Apelyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.
Şikayət Xətai Rayon Məhkəməsinin qərarından verilib.
Mayın 15-də məhkəmə 1 dekabr 2023-cü ildə "Abzas Media işi" üzrə həbs edilmiş Absalamovanın barəsində qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti təmin etmıyib.
Bundan əvvəl vəkil Rövşanə Rəhimova bildirib ki, Absalamovanın barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələri pozulub.
***
20 noyabr 2023-cü ildən "Abzas Media”nın altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib.
Onlar ittihamları rədd ediblər və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndiriblər. Belə ki, həmin faktlar "Abzas Media”da dərc olunub.
KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.