Nərgiz Absalamova ilə bağlı siyasi qərar dəyişmir: qadağalar götürülmür
09-02-2024 19:00 / Bu xəbər 921 dəfə oxundu
Vəkil jurnalistin məhkəmələrə gətirilmədiyi bildirilir
Fevralın 9-da Sabunçu Rayon Məhkəməsində hazırda həbsdə olan "Abzas Media"nın əməkdaşı, jurnalist Nərgiz Absalamovanın vəkilinə zənglə bağlı qoyulmuş qadağadan verilmiş şikayətə baxılıb.
Vəkil Rövşanə Rəhimli "Amerikanın Səsi"nə bildirib ki, məhkəmə onun şikayətini təmin etməyib.
"Keçən proses Nərgiz məhkəməyə gətirilmədiyi üçün təxirə salınmışdı, lakin bugünkü məhkəmə də onun iştirakı olmadan keçirilib. Cinayət işini aparan istintaq orqanı jurnalistin ailəsilə görüşünü və danışığını qadağan etsə də, vəkillə danışıq qadağasını Penitensiar Xidmət qanunsuz olaraq qoyub", - deyə vəkil qeyd edib.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb.
Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb.
Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.