“Nərgiz Yaqublu mükafatı” təsis oluna bilər

“Nərgiz Yaqublu mükafatı” təsis oluna bilər

28-04-2015 15:11 / Bu xəbər 536 dəfə oxundu

Əbülfəz Sadıqbəyli: “Niyə də olmasın?”


Aprelin 23-də dünyadan köçən müsavatçı gənc xanım, mərhum əməkdaşımız Nərgiz Yaqublunun yoxluğu günlər keçdikcə, daha çox hiss olunur. Onun həyatdakı yoxluğu hər keçən an yaxınlarını, dost-tanışlarını və ailə üzvlərini daha çox üzür. Ölümündən sonra “Nərgiz Yaqublu mükafatı”nın təsis olunacağı barədə təklif verilib. Müsavatçı gənclərin Nərgiz Yaqublunun ölümü ilə bağlı bir sıra planları var. Həftəsonu mərhumla bağlı partiyanın qərargahında tədbir keçirilməsi nəzərdə tutulur.

Bu barədə musavat.com-a  Müsavat Gənclər Təşkilatının (MGT) Təşkilat Komitəsinin  üzvü Əbülfəz Sadıqbəyli məlumat verdi: “Nərgizin itkisi ilə barışmaq bizim üçün çox ağırdır. Hər saniyə ağlımızda və ürəyimizdədir. ”Nərgiz mükafatı" niyə də olmasın? Adətən belə mükafatlar xalqı uğrunda mübarizə aparan, çalışan insanların şərəfinə yaradılır. Düşünürəm ki, Nərgiz bu etapların hamısını keçmişdi... Təbii ki, ailəsi ilə məsləhətləşib qərar verəcəyik. Tədbirdə Nərgizlə bağlı xatirələrdən, keçdiyi həyat yolundan danışılacaq. Videoçarx hazırlamağı düşünürük. Tədbir barədə mətbuata məlumat verəcəyik".

MGT Təşkilat Komitəsinin sədri Səma Qabulova Nərgiz Yaqubluya veriləcək ən böyük mükafatın atasının həbsdən azad edilməsi olduğunu söylədi: “Nərgizin özü bizə mükafat idi. Heç bir mükafat onu dəyərləndirməyə yetməz. Ona veriləcək ən böyük mükafat atası Tofiq Yaqublunun həbsdən azad olunması və xalqımızın demokratiyaya qovuşmasıdır. Nərgizlə bağlı anım tədbiri keçirməyi düşünürük. Tədbirdə onun mübariz şəxsiyyət olduğundan danışacağıq. Bilənlər bilir, bilməyənlər üçün danışacağıq ki, Nərgizi onlar da tanısınlar. Onun vəfatı sözün həqiqi mənasında bizi bitirdi. Eyni zamanda bizləri bir-birimizə daha da yaxınlaşdırdı. Onun mübarizə yolu hamımız üçün bir örnəkdir. Nərgizin həyat yolu sözlərimizə sığmayacaq qədər böyük və ağırdır. O, 26 yaşının hər anını mənalı keçirib. O qədər məsum, mərd idi ki. Onu tanıyan hər kəs xoşbəxtdir, eyni zamanda qəmlidir. Onun üçün çox darıxıram. Danışdığı hər kəlmə, hər an ağlımdadır. Artıq Nərgiz mənim sevimli gülüm olub. Onu heç vaxt unutmayacağıq”.

Arqument.Az