Nərimanov Rayon Polis İdarəsinin rəis müavini yol qəzasında həlak oldu
10-10-2024 12:25 / Bu xəbər 822 dəfə oxundu
Cavid İsmayılzadə əvvəllər 5 və 16-cı polis bölmələrinin rəisi işləyib
Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Cavid İsmayılzadə yol qəzasında həlak olub.
Hadisə oktyabrın 9-da axşam saat 21.30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Meydan TV-nin məlumatına görə, Cavid İsmayılzadənin idarə etdiyi "Toyota” markalı, "90 KJ 555” nömrəli avtomobil yük maşını ilə toqquşub.
Rəis müavini hadisə yerində həyatını itirib.
Cavid İsmayılzadə bu ilin aprelində Nərimanov Rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin olunmuşdu.
Bu vəzifəyə qədər isə o, elə həmin rayonda 16-cı bölmənin rəisi idi.
Polis mayoru İsmayılzadə 16-cı bölmədən əvvəl isə Binəqədi rayonunda 5-ci bölmənin rəisi vəzifəsində çalışmışdı.
Yeri gəlmişkən, Cavid İsmayılzadənin atası da uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə işləyib.
O, Abşeron və Binəqədi Rayon Polis idarələrinin rəisi vəzifəsində çalışmış, sabiq polis polkovniki Namiq İsmayılovun oğludur.
Cavid İsmayılzadənin yol qəzasında həlak olmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Bu qurumdan bildirilib ki, Cavid İsmayılzadə hazırda məzuniyyətdə idi. Hadisə ilə bağlı araşdırma başlayıb.