Nərmin Şahmarzadənin məhkəməsi təxirə salındı

Nərmin Şahmarzadənin məhkəməsi təxirə salındı

22-05-2019 19:25 / Bu xəbər 965 dəfə oxundu

Məhkəmə iclası linqvistik baxışın cavabından sonra keçiriləcək

Xətai Rayon Məhkəməsində mayın 22-də gənc fəal Nərmin Şahmarzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb.

N.Şahmarzadədən məhkəməyə Milli Qəhrəman Mübariz İbrahimov haqqında fikirlərinə görə Fövqaladə Hallar Nazirliyinin mayoru, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti olan idman ustası Araz Musayev şikayət edib.

Məhkəmə Nərmin Şahmarzadənin "Facebook” statusunu AMEA-nin Dilçilik İnstitutuna linqvistik baxışa göndərib.

Məlumatı Meydan TV-yə Nərmin Şahmarzadə verib.

Nərmin Şahmarzadə bildirib ki, məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Onun sözlərinə görə, linqvistik baxışın cavabı məlum olandan sonra iclas keçiriləcək.

Xətai Rayon Məhkəməsi bir dəfə bu iddiaya baxmaqdan imtina etmişdi. Səbəb olaraq, sənədlərin tam olmaması göstərilmişdi. İddiaçı tərəf həmin qərardan apelyasiya şikayəti vermis, Bakı Apelyasiya Məhkəməsi onu təmin etmişdi. Qərar verilmişdi ki, Xətai Rayon Məhkəməsi bu işə baxmalıdır.

Xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsində N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması istənilir. Bu maddələrdə cərimə, islah işlərilə yanaşı, 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Hazırlıq iclasında hakim iddia ərizəsini icraata qəbul edib. Beləliklə, N.Şahmarzadə təqsirləndirilən şəxs qismində tanınıb.

N.Şahmarzadə sosial şəbəkədə Mübariz İbrahimov haqqında bunları yazmışdı:

"Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar.

Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Bu yazısına görə elə sosial şəbəkələrdə günlərlə tənqid olunan N.Şahmarzadə bir neçə gün sonra üzr istəyərək, kimsəni təhqir etmək niyyətində olmadığını bildirmişdi.

Meydan.tv