Nəsimi Məmmədli: "Ələsgər Məmmədlinin boğazındakı şişlər metastaz verə bilər"

Nəsimi Məmmədli:

02-04-2024 13:59 / Bu xəbər 555 dəfə oxundu

Aprelin 1-də "Toplum" TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli Bakı İstintaq təcridxanasından qardaşına zəng edib.

Bu barədə "Amerikanın Səsi"nə onun qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı problemlər qalmaqdadır: "Səhhəti kifayət qədər onu narahat edir. Dünən kamerasına gəlib ondan qan analizi götürüblər. Əlbəttə, orada şəraitin uyğun olmamasına etiraz edib. Amma buna baxmayaraq, qan analizlərinin verilməsi məcburiyyətində qalıb”.

Nəsimi Məmmədlinin fikrincə, ən ciddi problem qalxanvari vəzində olan şişlə bağlı olan məsələdir.

"Hələ də onun həlli ilə bağlı heç bir addım atılmayıb. Boğulma hissi var. Özünü narahat hiss edir. Xüsusilə də biopsiya edilməməsi onun narahatlığını artırıb. Ola bilsin bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər. Onun həyatı üçün ciddi problemə çevrilə bilər”, - o qeyd edib.

Qardaşı Ələsgər Məmmədlinin həbsini əsassız sayır.

"Biz indi elə çarəsiz bir duruma düşmüşük ki, Azərbaycan dövlət orqanları təqsirsiz bir insanı həbs edib, heç bir sübut, dəlil olmadan onu əsassız olaraq həbsdə saxlayır. Bununla bərabər onun həyatı üçün yaranmış təhlükəni də sanki görməzdən gəlir. Dövlət orqanları sanki onunla bağlı sükut bir rejimə keçib”, - o bildirib.

Nəsimi Məmmədli deyib ki, martın 28-də Bakının Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətin təmin edilməməsi qardaşını üzüb.

Onun sözlərinə görə, bu işlə bağlı apellyasiya şikayətinə aprelin 3-də baxılacaq.

"Ümid edirik ki, bu istiqamətdə müəyyən müsbət qərar qəbul ediləcək”, - Məmmədli deyib.

Ələsgər Məmmədlinin qardaşı qeyd edib ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

"Faktiki olaraq ölkədə hüquq yolu demək olar ki, hansısa bir effekt verdiyi qənaətində deyilik. Sanki bunu açıq deməsələr belə, bir iradə nümayiş etdirirlər ki, bu tip məsələlər nə istintaq orqanı, nə də məhkəmə orqanlarında həll edilmir. Yəni onu açıq deməsələr də o görüntünü davranışları ilə, atdıqları addımlarla, mesajlarla sanki bizə çatdırmağa çalışırlar. Təəssüf ki, əlimizdən bir iş gəlmir. Təkcə Ələsgər bəy deyil. Təqsirsiz həbsə məhkum edilmiş insanların da belə həyatı problemləri olanda onun aradan qaldırılmasında cəmiyyət olaraq heç nə edə bilmirik”, - Nəsimi Məmmədli bildirib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. 

Amma bundan əvvəl "Amerikanın Səsi"nin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb baş idarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 

O, qaçaqmalçılıqda ittiham olunub. 

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. 

Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. 

Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.