Nəsimi Məmmədli: "Ölkədəki irimiqyaslı korrupsiyanı həyata keçirənlər YAP üzvləridir"
12-09-2019 15:58 / Bu xəbər 1792 dəfə oxundu
"Sabiq nazirlər də anlayır ki, hazırkı situasiyada mümkün qədər hədəfdən yayınmaq lazımdır"
Bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq nazirləri mövqesizlikdə, mühacirləri maliyyələşdirməkdə ittiham etdi.
Bundan sonra avqustun 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun hakimiyyətə tərəf keçmiş bəzi şəxsləri "düşmən" adlandırması, Baş nazirin müavini Əli Əhmədovun isə deputatlara cavab verməsi ictimai müzakirələrə səbəb oldu.
Bir çox ekspertlər açıqlamalarında bunu hakimiyyət daxilində qarşıdurmalar və idarəetmədə dominantlığın olmaması ilə izah edirlər.
Arqument.Az bu müzakirələrlə bağlı siyasi şərhçi Nəsimi Məmmədlinin fikirlərini öyrənib.
- Nəsimi bəy, son günlərin aktual mövzularından biri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlər haqqında ittihamları oldu. O bəzi sabiq nazirləri mühacirləri maliyyələşdirməkdə ittiham etdi. Sizcə, hakimiyyət daxilində nə baş verir?
- Son vaxtlar hakimiyyət düşərgəsində gərginlik, narahatlıq, ziddiyyət artmaqdadır. Sanki daxildə təfərrüatlarını bilmədiyimiz hansısa qapalı siyasi prosesə hazırlıq var. Hakimiyyətin inzibati resursları ilə yanaşı, ictimai resurslarının da səfərbər edilməsi müşahidə edilir. YAP-ın rəhbərliyinə daxil olan şəxslərin də bəyanatlarında, çıxışlarında, davranışlarında bu amil diqqət çəkir.
Xüsusilə də ölkə başçısının səhhəti ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələr, Daxili işlər nazirinin və Dövlət təhlükəsizliyi xidmətinin rəisinin dəyişdirilməsi, 1997-ci il aprelin 10-dan Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Prezident Administrasiyasının rəhbərinin sabiq Daxili işlər naziri ilə əvəz edilməsi, habelə Birinci vitse-prezidentin təbliğatının intensivləşməsi bir çox suallara və ehtimallara yol açıb.
Sosial şəbəkələrin geniş vüsət alması, ictimai rəyə təsirləri yeni reallıqlar ortaya çıxarıb. Bu reallıqlara uyğun olaraq YAP siyasi mövqeyini yenidən bərpa etməyə cəhd edir. Cəmiyyətdə özünə etimad qazanmaq üçün indiyədək gizlədilən, təkzib edilən problemlər artıq YAP rəhbərlərinin öz dilindən səslənir. Sosial şəbəkələrə qoşulmaqla, müxalifətə qarşı sərt bəyanatlar səsləndirməklə həm də özünün siyasi varlığını iqtidarın ən yüksək rəhbərliyinə göstərməyə cəhd olunur.
- Eyni ritorika ilə YAP-ın qurucularından Eldar İbrahimov da çıxış edib hakimiyyətə tərəf keçmiş və mandat almış şəxsləri düşmən adlandırıb. Buna hətta Prezidentin köməkçisi Əli Həsənov da reaksiya verib və bunun İlham Əliyev iqtidarının mövqeyi olmadığını deyib. Bəs bu cür yanaşma hakim partiyanın nüfuzuna necə təsir göstərəcək?
- 700 mindən çox üzvü olan hakim partiya faktiki olaraq ölkənin ictimai-siyasi həyatında ciddi siyasi nüfuza malik deyil. Hakimiyyətin bürokratik aparatının davamı və inzibati idarəetmənin ən zəif həlqəsi kimi görünür. Faktiki olaraq bu siyasi partiyanın vəzifəsini polis icra edir. İctimai rəydə siyasi partiya kimi nüfuzunu itirməkdə olan YAP-ın hakimiyyətdaxili proseslərdə də oyundankənar vəziyyətə düşməsi istisna olunmur. Ölkədəki irimiqyaslı korrupsiyanı həyata keçirən şəxslər YAP-ın üzvləridir. Görünür, elə bir situasiya yaranıb ki, indiyədək bu reallığı dilə gətirməyə çəkinən səlahiyyətli şəxslər artıq bu barədə açıq danışmaq zərurəti hiss edir. Ola bilsin ki, hakimiyyətin yenidən təşkilində rol almaq, ölkədə korrupsiya ilə bağlı mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərmək və kimlərinsə cəzalandırılması ilə cəmiyyətdə güvən yaratmaq planları var.
- Siyavuş Novruzovun söylədiklərinə cavab olaraq sabiq Təhsil naziri Misir Mərdanov, sabiq Nəqliyyat naziri Ziya Məmmədov və sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun məsələyə münasibət bildirməyinə baxmayaraq, digər sabiq nazirlər susdular. Onların səssizliklərini qorumasına səbəb nədir?
- Əslində, YAP icra katibinin müavini Siyavuş Novruzov keçmiş nazirləri milyardlarla pul toplamaqda ittiham edərək cəzalandırılacaqları ilə hədələyir. Dolayısı ilə ölkədə irimiqyasda korrupsiyanın, talanın olduğuna və həmin şəxslərin iqtidarı dəstəkləmədiklərinə sətraltı işarə vurur. YAP-ın Milli Məclisdə təmsil olunan bəzi deputatlarının və prezidentin köməkçisi Əli Həsənov bu istiqamətdə ziddiyyətli mövqelər səsləndirməsi də təsadüfi deyil. Görünür, sabiq nazirlər də anlayır ki, hazırkı situasiyada mümkün qədər hədəfdən yayınmaq lazımdır. Kimisi bunu susaraq, kimisi də iqtidara dəstək verərək edir.
- Dövlət rəsmləri son vaxtlar sosial şəbəkələrə gəlirlər. Bunun səbəbi nədir?
- Ölkənin bir çox sahələrində dərin böhran var. İqtisadi, siyasi, humanitar, hüquqi mühit getdikcə daralır. Seçki institutu tamamilə sıradan çıxarılıb. Cəmiyyətdə ayrı-seçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır. Xüsusilə də polis orqanlarının sadə insanlara qarşı qəddar davranışını əks etdirən çoxsaylı informasiyalar və video süjetlər sosial şəbəkələrdə geniş yayılır. Bütün instansiya məhkəmələrində ədalətin bərpa edilməsindən çox ədalətsizliyin artması müşahidə edilir. Ölkədə mövcud olan bu neqativlər özü ilə bərabər cəmiyyətə ümidsizlik, çarəsizlik və qorxu aşılayır. Dövlət-vətəndaş münasibətlərində gərginliyə və uçuruma səbəb olur. Cəmiyyətdə dinc demokratik dəyişikliyə inam əsaslı şəkildə sarsılıb.
Qapalı toplantılarda ölkə başçısının yüksək YAP funksionerlərini fəaliyyətsizlikdə, iqtidara qarşı tənqidlərə effektli siyasi cavablar verməməkdə tənqid etməsini də istisna etmirəm. 700 mindən çox üzvü olan hakim partiyanın siyasi varlığı ilə yoxluğunun cəmiyyətdə bilinməməsi, şübhəsiz ki YAP sədrini də narahat etməyə bilməz. Ölkə başçısı bəlkə də bu şəxslərə sual verir ki, biz niyə müxalifətlə ancaq polisin və digər hüquq mühafizə orqanlarının dili ilə danışmalıyıq? Bəs bu hakim partiyanın işi nədir və nə ilə məşğuldur? YAP rəhbərliyinin sosial şəbəkələrə gəlişinin arxasında bu amillərin rolu da istisna deyil.
- Hakimiyyət gərginliyi azaltmaq üçün hansı addımları atmalıdır?
- İqtidar bütün vasitələrlə ölkədə demokratik islahatlardan yayınmağa çalışır. Cəmiyyətin siyasi iradəsinin sərbəst ifadə edilməsinə əngəllər yaradır. Təəssüf ki, Azərbaycan hakimiyyətinin seçkilərə ənənəvi yanaşması dəyişməyib. İqtidar hesab edir ki, o, xalqın iradəsini tamamilə ifadə edir. Qarşıdakı seçkilərdə də vəziyyətin dəyişməsində maraqlı deyil. Cəmiyyətdə olan geniş narazılığı müxalifətin vasitəsi ilə parlanmentə daşımaq istəmir. Parlamentin indiki tərkibinə kosmetik dəyişiklik etməklə, müəyyən sahələr üzrə mütəxəssislərlə zənginləşdirməklə davam etmək niyyətindədir. Əsasən iqtidaryönlü ictimai-siyasi təşkilarları səfərbər edərək hakimiyyətə dəstək məqsədi ilə Dəyirmi masa keçirmək əvəzinə, gerçək islahatlara başlamalıdır. Baş verənlərin təhlili göstərir ki, ölkədə fors-major siyasi situasiyanın yaranması ehtimalı çox yüksəkdir.
Səkinə Xanım
Arqument.az