Nicad İbrahimin həyat yoldaşı: "Saxta ittihamlara son qoyulmalıdır, onun artıq dözümü qalmayıb"
05-11-2024 19:12 / Bu xəbər 567 dəfə oxundu
İctimai fəal polislə bağlı tənqidlərindən sonra ailəsilə birlikdə ölkədən çıxarkən sərhəddən buraxılmayıb, daha sonra isə həbs edilib
Həbsdə olan ictimai fəal Nicad İbrahimin saxlanıldığı Bakı İstintaq Təcridxanasında səhhəti pisləşib.
"Abzas Media"ya bu barədə onun həyat yoldaşı Pərvin İbrahim məlumat verib.
O bildirib ki, Nicad yüksək təzyiqdən əziyyət çəkir: "Bu gün zəng vurmuşdu. Səhhəti çox pisdir. Həbsinə qədər heç vaxt onun belə xəstəliyi olmayıb. Ancaq həkimlər bildiriblər ki, artıq yüksək təzyiq xəstəliyi var. Dedi ki, beli möhkəm ağrıyır. Bədənindəki adi yaralar da uzun müddət sağalmır. Bundan əvvəl də vəziyyəti pisləşmişdi, vəkil müraciət edəndən sonra həkim yoxlayıb, dərman yazmışdı".
Pərvin İbrahim deyir ki, bu dərmanlar da vəziyyəti düzəltməyib, yenidən səhhəti pisləşib.
"Heç nədən şərlənərək həbsdə saxlanılması ürəyini partladır, dözümü qalmayıb. Saxta ittihamlara son qoyulmalıdır", - deyə o əlavə edib.
Nicad İbrahim sentyabrın əvvəllərində Bakıda həbs olunub. Buna qədər o, Azərbaycan polisini tənqid edən fikirlər paylaşıb.
Əvvəlcə onun ölkədən çıxışına icazə verilməyib, bir neçə gün sonra isə baş vermiş hadisə çərçivəsində saxlanıldığı məlum olub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.
"Abzas Media” məsələ ilə bağlı DİN-ə suallar ünvanlasa da, cavab ala bilməyib.
Nicad İbrahim bundan əvvəl də dəfələrlə müxtəlif ittihamlarla həbs olunub.
O, sonuncu dəfə 2021-ci ildə karantin qaydalarını pozmaq ittihamı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.