Nicat İbrahimin həyat yoldaşı: “Ailəmizə zülm edirlər”

Nicat İbrahimin həyat yoldaşı: “Ailəmizə zülm edirlər”

09-10-2024 22:11 / Bu xəbər 537 dəfə oxundu

İctimai fəalın qanunsuz həbsinə etiraz olaraq, istintaq təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir

Bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirən, 4 il öncə Prezident İlham Əliyevə istefa tələbilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb 1 il 3 ay azadlıqdan məhrum edilən ictimai fəal Nicat İbrahim yenidən həbs olunub.

Meydan TV-yə danışan həyat yoldaşı Pərvin İbrahimli deyir ki, son vaxtlar təzyiqlərlə bağlı yenidən məlumatlar alırdılar. 

Bu səbəbdən ailəliklə ölkəni tərk etmək qərarına gəlmişdilər. Sentyabrın 6-da Moldovaya gedərkən həyat yoldaşını sərhəd-buraxılış məntəqəsində saxlayıblar, Nicat İbrahimə ölkədən çıxışına qadağa qoyulduğu deyilib: "Nicat izah eləməyə çalışdı ki, ölkədən çıxışına məhdudiyyətin olmaması barədə məhkəmə qərarı var. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədi. Mənə dedi ki, sən uşaqlarla keç, mən də məsələni aydınlaşdırıb gəlirəm. Biz sərhədi keçdik. Uçuş 3 saat təxirə salındı. Amma Nicatı buraxmadılar”.

Həyat yoldaşının sözlərinə görə, Nicat İbrahim hava limanından geri qayıtmağa məcbur olub. Ona məsləhət görüblər ki, Prezident Administrasiyasının Hüquq şöbəsinə qəbula yazılsın. 

O da eyni addımı atmağa qərar verib – sentyabrın 19-na qəbula yazılıb. Eyni zamanda, başına gələnlərlə əlaqədar Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayətlər yazıb: "İllərdir ki, bizim ailənin, Nicatın başına gəlməyən qalmadı. Ölkədən gedib, rahat yaşamaq istəyirdik, buna da imkan vermədilər. Əlimizdə 10 may 2024-cü il tarixli qərar vardı ki, Nicatın ölkədən çıxışına qadağa yoxdur, buna baxmayaraq, onu ölkədən buraxmadılar ki, çıxışına "stop” qoyulub. Bu, nə deməkdir? Belə özbaşınalıq olar? Nicatı orada elə bir həddə çatdırdılar ki, dedi, elə eləyirsiniz, aeroportun, Daxili İşlər Nazirliyinin qarşısında özümü yandırım?”

Nicat İbrahimin yenidən necə həbs olunmasına gəlincə, Pərvin İbrahimli danışır ki, həyat yoldaşı C kateqoriyasında sürücülük vəsiqəsi almaq istəyirdi. Bu səbəbdən sürücülük məktəbinə gedib-gəlirdi. Həmin gün məktəbin direktoru ona zəng edib, deyib ki, arayışı gəlib götürsün. Onlar 3-cü mikrorayon dairəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yanında görüş təyin ediblər: "Ondan əvvəl də 19-cu bölmədən zəng eləyiblər, soruşublar ki, sən ayın 19-da Prezident Administrasiyasına qəbula gedəcəksən, şikayətin nədəndir? Nicat sənədi götürməyə gedib. Ondan sonra ona zəng çatmayıb. Anası xəstə adamdır, onu axtara-axtara qalıb. Bunların heç vicdanı, insafı yoxdur. İki gün sonra müstəntiq vəkilimiz Zibeydə xanıma zəng eləyib ki, məhkəməyə aparırlar Nicatı, guya adam bıçaqlayıb. Bu qədər yalan, böhtan olar? Nicatın üstündə bıçaq olmayıb. Nicat dayandığı yerdə kimsə üzünə yumruqla vurub. Həmin adamın arxasınca qaçanda ətrafdan polislər çıxıb, Nicatı tutub. O adam da yerə uzanıb, polislər başlayıb bunun şəklini çəkməyə, guya bıçaqlanıb. İstəyir həmin o özünü bıçaqlanmış kimi göstərən, istəyirsə də polislər utanmırlar, evlərindəkilərin üzünə necə baxırlar? İllərdir bizim ailəmizə, azyaşlı uşaqlarıma zülm edirlər”.

Həyat yoldaşının təqsirsiz olduğunu deyən Pərvin İbrahimli əlavə edib ki, buna əmin olmaq üçün yanacaqdoldurma məntəqəsinin videomüşahidə kameralarının görüntülərinə baxmaq kifayətdir.

Onun sözlərinə görə, Nicat İbrahim qanunsuz həbsinə etiraz olaraq, 3 gündür istintaq təcridxanasında aclıq aksiyası keçirir. 

Bu barədə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə də yazılı şəkildə müraciət edib.

Nicat İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürülüb.

Bənzər ittihamla həbsdə olanlar arasında keçmiş diplomat Emin İbrahimov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəal Afiəddin Məmmədov da var.

Zamin Salayev məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Onun sözlərinə görə, görüntülərə baxılsa, kimsəyə xəsarət yetirmədiyi, əlində bıçaq olmadığı, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyi məlum olacaq. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.