NİDA-çı Bayram Məmmədovun vərəm olmaq təhlükəsi var - Vəkil

NİDA-çı Bayram Məmmədovun vərəm olmaq təhlükəsi var - Vəkil

17-10-2017 09:58 / Bu xəbər 1393 dəfə oxundu

''Bayram Məmmədov hesab edir ki, onu həmin yerə qaytarmaqla həyatını təhlükəyə atmaq məqsədi güdürlər''

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov cərimə təcridxanasından ("kars”) buraxılıb. 

Arqument.Az xəbər verir ki, bu barədə Medyan TV-yə vəkil Əsabəli Mustafayev məlumat verib. 

Oktyabrın 16-da 13 saylı Cəzaçəkmə Müəssisəsində İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşən vəkil deyir ki, Bayram Məmmədovu son iki ayda qaldığı yerinə qaytarıblar: "Ancaq müəssisə rəhbərliyi Bayram Məmmədovu lap əvvəlki yerinə qaytarmaq niyyətindədir. Ora isə "skvyaznak” olduğundan məhbus tez-tez xəstələnir. Bu da sonradan vərəmə səbəb olur. Bayram Məmmədov hesab edir ki, onu həmin yerə qaytarmaqla həyatını təhlükəyə atmaq məqsədi güdürlər. Ona görə razılaşmır. "Kars” cəzasını da yerini özbaşına dəyişmək adıyla vermişdilər. Yenidən "kars” cəzasının təkrarlanması Bayram Məmmədovun Qobustan Qapalı Təcridxanasına göndərilməsi təhlükəsini yaradar”.

Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin şikayətini icraata götürüb.