Nigar Arpadarai də yalançı çıxdı

Nigar Arpadarai də yalançı çıxdı

13-03-2022 01:32 / Bu xəbər 1370 dəfə oxundu

Deputat Nigar Arpadarai öz "Facebook” səhifəsində Avropa Şurası Parlament Assambleyasının(AŞPA) "Böhran dövründə medianın rolu” adlı hesabatına münasibətini bildirib.

O qeyd edib: "Qətnamədə söz azadlığının qorunmasının və medianın hökumət və korporasiyaların hesabatlılığının təmin edilməsi aləti kimi rolunun vacibliyi barədə birbaşa və dolayı istinadlar mövcud deyil”.

"Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Sayt yazır ki, qətnamə 68 səs lehinə, 3 əleyhinə olmaqla qəbul edilib, 23 deputat səsvermədə iştirak etməyib

Əvvəlcə iddianın birinci hissəsi olan "söz azadlığının qorunmasının vacibliyi barədə birbaşa və dolayı istinadların mövcud olmamasına” diqqət yetirək. 

Qətnamənin 1-ci bəndində bildirilir ki, "medianın azadlığı, plüralizmi və müstəqilliyi demokratik cəmiyyətlərin mühüm şərtlərindən biridir”, "azad və müstəqil media vətəndaşları dəqiq, ətraflı və yüksək keyfiyyətli məlumatla təmin etməlidir, "bu, onun həm hüququ, həm də öhdəliyidir”. 

Sənədin 3-cü bəndində isə qeyd edilir ki, "azad və müstəqil media böhranın yaranma səbəblərinin tənqidi təhlilinin aparılmasının aparıcı qüvvəsi olmalıdır”. Göründüyü kimi, müstəqil medianın vacibliyi barədə qətnamədə kifayət qədər istinad mövcuddur. 

İddianın ikinci hissəsi - "medianın hökumət və korporasiyaların hesabatlılığının təmin edilməsi aləti kimi rolu” barədədir. Qətnamənin 4-cü bəndində deyilir: "Media siyasi liderlərin qərarlarının legitimliyinin möhkəmləndirilməsinə kömək olur”. 8-ci bənddə isə belə yazılır: "Yalnız hökumətin böhran dövründə dəqiq olmayan məlumatın yayılmasının qarşısını alması və kollektiv davranış qaydasını istiqamətləndirmək məqsədilə məlumat axınına nəzarət etməsi səhv və təhlükəli olardı”. 

Bundan əlavə, media yalnız hökumətlə deyil, həm də geniş ictimaiyyətlə əlaqədə olmaqla, "maarifləndirici rol yerinə yetirə bilər, o, böhran vəziyyətini arxada qoymaq üçün tətbiq edilmiş yeni öhdəlikləri izah etməyi bacarmalıdır”.

AŞPA medianın rolunu hakimiyyətlə əhali arasında birləşdirici bənd kimi müəyyən edir. 

Böhran dövrünün keçilməsi üçün qətnamənin 9-cu bəndində qeyd olunduğu kimi, hakimiyyət və media arasında əməkdaşlıq olmalıdır. Bir tərəfdən, iqtidarlar medianın qeyd olunmuş funksiyalarını yerinə yetirməsi üçün müvafiq imkanlar yaratmalı, digər tərəfdən isə bu əməkdaşlıq nəticəsində medianın müstəqilliyini məhdudlaşdırmamalıdır. Beləliklə, sözügedən qətnamədə həm öz azadlığının qorunmasın, həm də medianın hökumət və korporasiyaların hesabatlılığının təmin edilməsi aləti kimi rolunun vacibliyi barədə bir neçə yerdə istinad mövcuddur. 

"Fakt Yoxla” araşdırmanın nəticəsi olaraq deputat Nigar Arpadarainin iddiasının yanlış olduğunu üzə çıxarıb.