Nigar Həzi: "Evimizdən pul "tapıblar" (Yenilənib)
14-12-2023 19:56 / Bu xəbər 1152 dəfə oxundu
Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, axtarış zamanı evdən guya pul aşkarlanıb.
O, bu pulu əməliyyatçıların qoyduğunu bildirib: "Evimizdən pul "tapılıb”. 5 min avro, 2500 manat və nə qədərsə dollar qoyublar”.

_________________________________________________________________________________________________
Tofiq Yaqublunun saxlanıldığı bildirilir
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanıldığı və evində axtarış aparıldığı bildirilir.
Bu barədə dekabrın 14-də Tofiq Yaqublunun qızı Nigar Həzi "Facebook” səhifəsində paylaşım edib.
Nigar Həzi atasının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını qeyd edib.
Tofiq Yaqublunun saxlanılmasının səbəbləri hələ ki açıqlanmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Tofiq Yaqublu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.
Tofiq Yaqublu 2013-cü il İsmayıllı hadisələrindən bir gün sonra yanvarın 24-də rayona səfər etdiyi üçün həbs edilmişdi.
Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrini REAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun təşkil etdiyi bildirilirdi.
Həmin il Tofiq Yaqublu İsmayıllı hadisələrində ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edildi.
2016-cı il martın 17-də Prezident sərəncamı ilə əfv olundu.
2020-ci ilin martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində üç aylıq həbs qətimkan tədbiri seçilərək Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcidxanasına göndərildi.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardı.
Ancaq o "ölüm aclığı”na başladı və sentyabrın 18-də azadlığa buraxıldı.












