Nigar Həzi: Tofiq Yaqublu təcridxanada huşunu itirərək yıxılıb

Nigar Həzi: Tofiq Yaqublu təcridxanada huşunu itirərək yıxılıb

11-09-2020 11:18 / Bu xəbər 2036 dəfə oxundu

"Başı fırlanır, çox kəskin başağrıları var”

9 gündür ki, həbsdə aclıq edən Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu huşunu itirərək yıxılıb. Bu, sentyabrın 10-da 3 saylı istintaq təcridxanasında T.Yaqublu ailə üzvlərilə görüşə çağrılmasını gözlədiyi vaxt baş verib. 

Bu barədə Meydan TV-yə müsahibəsində T.Yaqublunun qızı Nigar Həzi danışıb.

Hər həftənin cümə axşamı T.Yaqublunun ailə üzvlərilə görüş günüdür. N.Həzi deyib ki, sentyabrın 10-da səhər saat 09.30-da təcridxananın qarşısında olsalar da, əngəllərlə üzləşiblər. Bundan əvvəlki bütün görüşlərdə T.Yaqublunun yanına gələn 3 nəfərin hamısının eyni vaxtda görüşə buraxıldığını deyən N.Həzinin sözlərinə görə, bu dəfə bildiriblər ki, ayrı-ayrılıqda görüşəcəklər.

N.Həzi anası Maya Yaqublu ilə birlikdə görüşə gedib. T.Yaqublunun əmisi qızı Nailə Yaqublu da onlarla olub. Lakin N.Yaqublunu görüşə buraxmayıblar: "Dedilər ki, bu gün görüş qaydaları dəyişib, ancaq ailə üzvləri buraxılır, özü də bir-bir. Pandemiyaya görə təhlükəsizlik tədbiri kimi izah elədilər. Dedik ki, onsuz da şüşə arxasından görüşürdük. Bundan əvvəl də pandemiya dövrü idi, axı onda hamımız birlikdə görüşə girirdik, niyə bu gün qaydaları dəyişdi? İzah edirdik ki, adam 9 gündür acdır, halı yoxdur, hamı ilə bir-bir görüşmək onu yoracaq. Nə qədər elədik, izacə vermədilər. Ombudsman Aparatına zəng elədim, Penitensiar Xidmətlə əlaqə saxlamağa çalışdım. Penitensiar Xidmətdə ötür-ötür elədilər, cavab vermədilər. Bizə görə orada görüşə gələn başqa dustaqların yaxınlarına da eyni qaydanı tətbiq edib əziyyət verdilər. Nailə Yaqublu bundan əvvəl həbsdə Tofiq Yaqublu ilə görüşüb, indi deyirlər ki, yox, ailə üzvləri olmalıdır. Belə qayda varsa, əvvəl niyə buraxırdınız? Aydın məsələdir ki, hamısı Tofiq Yaqubluya görədir, daha çox əziyyət vermək, əngəl yaratmaq istəyirlər. Məhkəmədə də gülünc bəhanə ilə, mücərrəd "Operativ Qərargahın tövsiyəsi” var cümləsilə heç kimi prosesə buraxmırdılar”.

N.Həzi deyir ki, problemin həlli üçün 3 saylı istintaq təcridxanasının rəisi ilə görüşmək istəyib. Amma ona deyilib ki, bu gün təcridxanada özəl gündür, dustaqlar üçün salat hazırlanıb, rəis də kameradan salatların paylanmasını izləyir: "Belə çıxır ki, salat Tofiq Yaqubludan daha vacibdir. Bu qədər absurd olarmı?”

N.Həzinin sözlərinə görə, T.Yaqublu onunla görüşə çox çətinliklə gəlib. Təcridxana əməkdaşları onu qolundan tutub gətiriblər. Çünki yeriyə bilmir. Göüş zamanı məlum olub ki, T.Yaqublu bundan az əvvəl huşunu itirərək yıxılıb: "Deyir, bilirdim, siz saat 10-un yarısından buradasınız. Ona görə çətinliklə də olsa, ayağa qalxıb, məni çağıracaqlarını gözlədim. Çünki oturanda ayağa qalxa bilmir. 30 dəqiqə ayaqüstə gözləyib. Görüb ki, çağırmırlar, özü də dayana bilmir. Qapını yumruqla bərk-bərk döyməyə başlayıb. Həmin vaxt huşunu itirib, çarpayının üstünə yıxılıb. Həkim gəlib müayinə edib. Əvvəl "korvalol” dərmanı vermək istəyiblər. Sonra fikirləşiblər ki, 9 gündür acdır, mədəsini yandırar. Təzyiqi 90-60 olub”.

T.Yaqublu kəskin başağrılarından əziyyət çəkdiyini, yerimək və ayağa qalxmağın onun üçün çətin olduğunu, son günlər daha çox zəiflədiyini deyib: "Başı fırlanır, çox kəskin başağrıları var. Deyir, sanki ayaqlarımın altı yanır. Divardan tuta-tuta gəlirdi. Özü də dedi ki, artıq sürətlə geri gedirəm, sümüklərim sızıldayır. Çox arıqlayıb, rəngi boğulub, gözləri çuxura düşüb. Halsızdır...”

N.Həzi vurğulayıb ki, T.Yaqublunun həyatına görə Prezident İlham Əliyevdən tutmuş, təcridxananın rəhbərliyi və əməkdaşlarına qədər hər kəs məsuliyyət daşıyır. O, atasının inandıqları həkim tərəfindən müayinəsinə şərait yaradılması üçün Ombudsman Aparatına və Penitensiar Xidmətə də müraciət etdiklərini bildirib: "Bizə bu qədər problem yaradan təcridxana rəhbərliyinin dediklərinə, oradakı həkimlərin rəyinə necə inanaq? Bir neçə il əvvəl Xədicə İsmayıl həbsdə olanda bizim də güvəndiyimiz həkim Adil Qeybullanı onu müayinə etməyə buraxmışdılar. Biz də Adil bəyin Tofiq Yaqublunu müayinə edib, vəziyyəti barədə obyektiv rəy verməsini istəyirik”.

N.Həzi onu da bildirib ki, T.Yaqublunun aclıq müddətində hər gün iki dəfə ailəsilə telefon əlaqəsinə imkan verilməlidir: "Biz bilmirik onun başına nə gəlir. Hər dəqiqəsi təhlükədir. Gündə iki dəfə danışıb bilməliyik ki, adam sağdır, yoxsa yox”.

T.Yaqublu ailə üzvlərinə deyib ki, ona aclığı dayandırmaq təklif olunub. Hətta bu aksiyanın əhəmiyyətsiz olduğunu, özünün son nəticədə öləcəyini deyib, fikrindən daşındırmaq istəyənlər də olub.

"Mənə deyirlər ki, onsuz da ölüb gedəcəksən. Mən də onlara dedim ki, ölsəm də, bilərəm ki, ölümümlə xalqıma fayda verirəm. 60 yaşım var, 5 il yenə türmədə yatsam, 65 yaşında çıxacam, yenə də şərləyib tutacaqlar... Heç bir geridönüşdən söhbət gedə bilməz. Ya ölüm, ya azadlıq – iki seçimdən biri olmalıdır!” , - T.Yaqublu belə deyib.

T.Yaqublu qızından sentyabrın 9-da onun azadlığa buraxılması tələbilə keçirilən aksiyada iştirak edən ictimai-siyasi fəallara da təşəkkürünün çatdırılmasını istəyib: "Bir siyasi məhbusa ilk dəfədir bu qədər dəstək var. Həbsxanada olan adama çox böyük stimuldur ki, xalq, cəmiyyət səni dəstəkləyir...”

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 2-dən aclıq edir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

T.Yaqublu xuliqanlıqda ittiham olunur. Lakin o, özünü təqsirli bilmir, şəxsən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirir.