Nikol Paşinyan: “Biz Azərbaycanın aqressivliyindən ona qarşı istifadə etməliyik”

Nikol Paşinyan: “Biz Azərbaycanın aqressivliyindən ona qarşı istifadə etməliyik”

24-11-2021 17:18 / Bu xəbər 2324 dəfə oxundu

"Rabitə qurulub və mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm”

"Ermənistan və Azərbaycan iki ölkənin müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə qurub”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook”da etdiyi canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandırarkən söyləyib.

Baş nazir deyib ki, Avropa İttifaqının sədri Şarl Mişellə telefon danışıqları zamanı İlham Əliyevlə görüş məsələsi ilə bərabər daha bir təşəbbüs ortaya çıxdı.

"Bu, müdafiə nazirləri arasında birbaşa əlaqədir. Məqsəd insidentlərin qarşısını almağa çalışmaqdır”, – Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, o, bu təşəbbüsü şəxsən bəyənib. O, həm də bu cür ünsiyyətin regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

"Deyə bilərəm ki, əlaqə artıq qurulub. Mən bunu yüksək qiymətləndirirəm. Bu, çox vacibdir”, – Paşinyan bildirib.

Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, Azərbaycanın aqressiv davranışı ardıcıl olaraq qeyd edilməli və tənqid edilməlidir, amma belə bir əlaqənin yaradılması faktının özünü də qiymətləndirməmək olmaz.

"Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında heç vaxt belə bir təmas olmayıb. Bu, ilk dəfədir. Rabitə qurulub və mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə effektiv olacağını zaman göstərəcək”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan izah edib ki, bu səviyyədə təmas yaratmaq əvvəllər müzakirə olunmayıb və tərəflər atəşkəsi pozmaqda qarşılıqlı ittihamlar fonunda birdən-birə belə bir qərara gəliblər.

Nikol Paşinyan Azərbaycanı aqressiv davranışda da ittiham edib: "Azərbaycan həmişə təcavüzkar siyasət aparıb və bizim vəzifəmiz Azərbaycanın işğalçı siyasətinin qarşısını almaq üçün bütün beynəlxalq mexanizmlərdən istifadə etməkdir”.

Baş nazir deyib ki, son 15 ildə Azərbaycanın siyasəti dəyişməyib. Bakı aqressiv siyasət aparır və 44 günlük müharibədən sonra bu siyasət daha da aqressivləşib: "Biz Azərbaycanın aqressivliyindən ona qarşı istifadə etməliyik. Ümumiyyətlə, Azərbaycan regionu cəngəlliyə çevirməyə çalışır. Bu isə Ermənistanın dövlətçiliyinə, suverenliyinə, demokratiyasına və müstəqilliyinə qarşı təcavüzdür”.

O, Zəngəzur dəhlizi ifadəsinin qəbuledilməz sayıb: "Ümumiyyətlə, "Şərqi Zəngəzur”, "Zəngəzur dəhlizi” ifadəsi və ya "dəhliz məntiqi” nə deməkdir? Biz buna getməyəcəyik. Əgər Azərbaycan Prezidenti bəyan edirsə ki, "Biz istədiyimiz yerdə dayanacağıq”, o zaman bu, dünya hüququ baxımından nə deməkdir? Onda hər kəs istədiyi yerdə dayana bilərmi?”

Nikol Paşinyan 16 noyabr hərbi əməliyyatlarında 32 erməni hərbi qulluqçunun əsir düşdüyünü də bildirib: "Yoxlanmamış məlumatlara görə daha çox əsgər əsir düşüb. Biz onların həlak olduğunu düşünürdük, amma onlar əsir götürülüblər. Anlayıram ki, belə danışmaq yersizdir… Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var”.

Ermənistanın Baş naziri Azərbaycan və Rusiya prezidentləri ilə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini də açıqlayıb.

Onun deməsinə görə, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi: "Ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Amma mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Bu görüşdə belə bir razılığın əldə olunmayacağı məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”.

O, Moskvada sərhədlərin delimitasiya və demarkasiya prosesinin haradan və necə başlanacağı ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib: "Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sənəd imzalaya bilər. Proses zamanı sərhəddə insidentlərin baş verməsini təsəvvür etmək mümkün deyil”.

"Ümid edirəm ki, Rusiya ilə birlikdə regionda toqquşmaların qarşısını almağa kömək edəcək formata nail olacağıq. Bilirsiniz, delimitasiya və demarkasiya prosesi mozaikaya bənzəyir. Zaman-zaman məqbul görünən təkliflər olur, lakin sonra təfərrüatlara daha dərindən gedərkən məlum olur ki, bunu yerinə yetirmək mümkün deyil”, - Nikol Paşinyan belə deyib.

Baş nazir onu da əlavə edib ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə Dağlıq Qarabağ müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı məsələlərdir: "Məgər Artsax (Dağlıq Qarabağ – red) ərazi məsələsidir? Bizim başa düşdüyümüzə görə bu, ərazi məsələsi deyil. Artsax məsələsi hüquq məsələsidir və ərazi ilə heç bir əlaqəsi yoxdur”.

Ardınca Nikol Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü 1991-ci ildə, SSRİ dağılarkən Müstəqil Dövlətlər Birliyi yaranan zaman tanıyıblar: "Amma bu tanınma Dağlıq Qarabağ probleminin yox olması ilə nəticələnməyib”.

Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibədən sonrakı çıxışlarında  "Zəngəzur dəhlizi”nin açılacağını dəfələrlə səsləndirib. Ölkə başçısı gizlətməyib ki, Ermənistan belə bir dəhlizin verilməsindən imtina etsə, Azərbaycan onu güc tətbiq etməklə aça bilər.

Prezident sentyabrın 24-də Rusiyanın "Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib ki,  Dağlıq Qarabağ üçün hər hansı status olmayacaq: "Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki belə iddialar təqdim etmirik”.

"Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status – mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik”, – İlham Əliyev deyib.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.(Meydan TV)