Nimdaş park

Nimdaş park

20-03-2021 02:17 / Bu xəbər 3170 dəfə oxundu

İqtisadçı Samir Əliyev Azərbaycanın avtomobil parkında durumu şərh edib. 

Ekspert rəsmi statistikaya əsaslanaraq deyib ki, 2014-cü ildə ölkədə yeni, yəni yaşı 5 ilə qədər 186 min 652 minik avtomobili olub, 2019-cu ildə onların sayı 51 min 170-ə düşüb: "2014-cü ildə Azərbaycandakı yük avtomobillərinin 13 min 577-nin yaşı 5 ilə qədər olub. 

2019-cu ilin eyni göstəricisi 3057-dir. Avtobuslara gəlincə, 2014-cü ildə yaşı 5 ilə qədər avtomobillərin sayı 3108 göstərilib, 2019-cu ildə isə 1756 yeni avtobus xidmət edib”.

Ekspert Bakuresearchinstitute.org saytının araşdırmasına istinadla bildirir ki, 2014-cü ilə nəzərən Azərbaycanda yeni minik avtomobillərinin sayı 2019-cu ildə 72,6 faiz, yeni yük avtomobillərinin sayı 43,5 faiz, yeni avtobusların sayı 77,5 faiz azalıb: 

"Bütün növ avtomobil parkında yaşı 5 ilə qədər olan maşınların payı 2014-cü ildə 16 faiz olduğu halda 2019-cu ildə 4 faizə enib. Hər gün qarşımıza çıxan və ya xidmətindən istifadə etdiyimiz 25 maşından cəmi 1-i yenidir, hər 5 maşından 4-nün yaşı isə 10 ildən çoxdur. 

2014-2019-cu illər ərzində yeni maşınların sayı 3,6 dəfə azaldığı halda 10 yaşdan yuxarı olanların sayı 35,8 faiz artıb.

Maşın parkında 86 faiz paya malik minik avtomobillərində vəziyyət daha gərgindir. 

Yeni minik avtomobillərinin payı 2019-cu ildə 2014-cü illə müqayisədə 17 faizdən 4 faizə düşüb. 

2019-cu ildə ölkədəki 1,2 milyon minik avtomobilinin cəmi 51,2 mini yeni maşın olub”.