Norveç Helsinki Komitəsi: “Saleh Rüstəmov dərhal azad edilməlidir!”

Norveç Helsinki Komitəsi: “Saleh Rüstəmov dərhal azad edilməlidir!”

29-11-2021 16:30 / Bu xəbər 1057 dəfə oxundu

Qurum bütün tərəfdarlarına, milli hökumətə və beynəlxalq qurumlara müraciət etdi

"Bir şey dəqiqdir – Azərbaycanda və onun hüdudlarından kənarda Rüstəmovun işindəki sarsıdıcı ədalətsizliyə davamlı diqqət göstərilməyənə qədər Azərbaycan hakimiyyəti hərəkətə keçməyəcək”.

Norveç Helsinki Komitəsinin Saleh Rüstəmovla bağlı yaydığı bəyanatda belə deyilir.

""Gözümüzün qabağında atam yavaş-yavaş öldürülür”, Saleh Rüstəmovun oğlu deyir. Qeyri-qanuni həbs olunan və 7 il azadlıqdan məhrum edilən Rüstəmovun səhhəti  hazırda həbsxanada davam etdirdiyi aclıq aksiyası səbəbindən sürətlə pisləşir. O, dərhal azad edilməlidir!”, – Komitə vurğulayır.

Norveç Helsinki Komitəsi həbsxanada onu müalicə edən həkimlərə istinadən yazır ki, Rüstəmovun orqanları fəaliyyətini dayandırmaq üzrədir. 

O, tələbinin yerinə yetirilmədiyi təqdirdə sona qədər davam edəcəyini söyləyıb. 

"Biz bütün tərəfdarlarımıza, milli hökumətimizə və beynəlxalq qurumlara Rüstəmovun dərhal azadlığa buraxılması və həyatını xilas etmək üçün özünün seçdiyi müstəqil həkimlər tərəfindən təcili tibbi yardım alması tələbi ilə müraciət edirik”, - bəyanatda vurğulanıb.

Vəkil Bəhruz Bayramov noyabrın 29-da Saleh Rüstəmovla görüşüb. 

Vəkil Meydan TV-yə bildirib ki, artıq S.Rüstəmovda sümük ağrıları başlayıb: "Saleh bəy gecəni yatmayıb. Bu gün quru aclığa keçmək istəyirdi. Xahiş etdim ki, olmaz, çünki ağır fəsadları ola bilər. Penitensiar Xidmətin həkimləri Saleh Rüstəmova səhhətinin ağır olduğunu və davam edərsə, böyrəklərinin sıradan çıxması təhlükəsinin yaranacağını deyiblər. Quru aclığa keçsə, 12-15 saat sonra komaya düşəcək”.

Ziyalılar, jurnalistlər, ictimai-siyasi xadimlər Saleh Rüstəmovun azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət edib. Aclığın 23-cü günündə yalnız Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc reaksiya verib.

Komitə sədri deyib ki, Rüstəmovun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından "Zəfər amnistiyası” əsasında sözügedən şəxslə də bağlı müvafiq dövlət qurumları ilə danışmaq olar.

Saleh Rüstəmov 2018-ci ildə saxlanılıb. İddiaya görə, o, AXCP-yə 420 min dollar pul göndərib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay həbs cəzası alıb.(Meydan TV)