Novxanıda polislə müsavatçılar arasında qarşıdurma

Novxanıda polislə müsavatçılar arasında qarşıdurma

11-10-2021 18:34 / Bu xəbər 852 dəfə oxundu

Müsavat başqanının müavini cərimə edildi

Bu gün Müsavat Partiyasının yaradılmasının 110 ili tamam olur. 

Bununla əlaqədar Müsavatın rəhbərliyi və bir qrup üzvü Azərbaycan Xalq Cumhuriyyətinin banisi və Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət ediblər. 

Lakin polis tədbirə müdaxilə edib və nəticədə mübahisə yaranıb. Karantin rejimini əsas gətirən polis Rəsulzadənin heykəli olan əraziyə gedən yolu bağlayıb. 

Onlar hər kəsin maska taxmasını və ziyarətçilərin 5 nəfərlik qruplarla buraxılacağını bildiriblər. Eyni zamanda bayraq və plakatlara "icazə verilmədiyini” deyiblər.

Müsavat başqanı Arif Hacılı polis məmurlarına xatırladıb ki, açıq havada maska taxılması tələbi aradan qaldırılıb və 50 nəfərədək qrupların bir yerə toplaşmasına qadağa yoxdur. Polisin "bizə belə göstəriş verilib” sözünə Arif Hacılı "dövlət göstərişlə yox, qanunlarla idarə olunmalıdır” deyib. Bu zaman müsavatçılar "Azadlıq” şüarı səsləndirib. Mübahisədən sonra  müsavatçılar 10 nəfərlik qruplarla Rəsulzadənin heykəlini ziyarət ediblər. 

Ziyarət zamanı Müsavat başqanının müavini Səxavət Soltanlı saxlanılıb və "karantin rejiminin qaydalarını pozduğuna görə” 100 manat cərimə edilib. Partiyadan bildirilib ki, polisin aksiyaya müdaxiləsi və Səxavət Soltanlının saxlanılaraq cərimələnməsi tamamilə əsassızdır.

Müsavatçılar daha sonra Novxanı qəbirstanlığında Rəsulzadənin doğmalarının məzarlarını ziyarət ediblər. 

Bu gün həmçinin Gəncədə və Zaqatalada yerli müsavatçılar Rəsulzadənin heykəlini ziyarət ediblər.