Ünvanlı sosial yardımın müddəti azaldıldı

Ünvanlı sosial yardımın müddəti azaldıldı

02-06-2020 15:30 / Bu xəbər 1158 dəfə oxundu

Artıq müavinət bir il müddətinə təyin olunacaq

Azərbaycanda ünvanlı sosial yardımın təyin olunması müddəti 2 ildən bir ilə endirilib.

Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qanunun hazırda qüvvədə olan variantında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Həmçinin qanunun sosial yardım almaq hüququ olan ailələrin siyahısı ilə bağlı dəyişiklik edilib.

Qanunun bununla bağlı 3-cü maddəsi hazırda belədir:

"Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.

Dəyişikliyə əsasən, siyahıya "birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması," sözləri əlavə edilib.

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı 6-cı maddəyə də dəyişiklik edilib.

İndiyədək "Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur” variantında olan maddədən "yaşayış yeri üzrə” sözləri çıxarılır.

Dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında 3-cü oxunuşda qəbul edilib.