O da öz dövrünün Prometeyidir - Tofiq Yaqublu

O da öz dövrünün Prometeyidir - Tofiq Yaqublu

10-04-2020 10:27 / Bu xəbər 1034 dəfə oxundu

İbrahim İbrahimli

Müasir insan üçün Prometeyin nə anlamı var?  Odu oğurlayıb insanlara verən, Tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün bir örnəkdir.  Bu müqavimət, azadlıq, ədalət uğrunda mübarizə  min illər öncə - təqribən 2500 il bundaq qabaq  Skifiya çöllərindən başlanmışdı... 

Bu gün isə bu mübarizə - Tofiq Yaqublunun simasında hələ də davam edir. Hazırda O, aramızdadır, amma nə yazıq ki biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq - sanki eşitmirik.

Zevs Prometeyə nəyə görə qəzəblənmişdi? Həqiqətənmi Zevsin qəzəbinin səbəbi Prometeyin odu oğurlayıb insanlara verməsi idi? 

Əslində, Zevsi narahat edən məqam odun oğurlanması deyildi, insanlara odla bərabər azadlığın verilməsi idi. 

Zevs ticarət, biznes, praqmatizm ilahəsi Hermesi yollayır Prometeyin yanına ki onu dilə tutsun, yola gətirsin, dilindən etiraf alıb əfv etsin, azadlığa buraxsın. Amma Prometey Zevsin təklifini rədd edir. 

Qəzəblənmiş Zevs zəncirlənmiş qəhrəmana ildırım və şimşək yağdırır, ancaq Prometey insana olan səssiz inamını itirmir. Buna görə də o, qayadan sərt, qana susamış qartaldan daha dözümlüdür.

Bəli, onu - Tofiq Yabuqlunu həbs etmək olar, hətta virusa yoluxdurub öldürmək də olar, amma məğlub etmək olmaz! Çünki Tanrı onu məğlub edilməz yaradıb. Səngərdə düşmən gülləsinə tuş gəlsə də, məhbəsdə işgəncələrə məruz qalsa da, təcridxanada ölümünə döyülsə də məğlub olmadı; öz əqidəsinə sadiq qalıb tutduğu yoldan dönmədi, canı, qanı bahasına sonda apardığı olüm – dirim mübarizəsindən qalib çıxdı. Çünki belə insanlar anadan məğlubedilməz doğulurlar, dünyaya xüsusi missiya ilə gəlirlər və simvola çevirilirlər. 

İnsan gücünün tükənməzliyini çağdaş ədəbiyyata ilk dəfə Ernest Heminquey "Qoca və dəniz” əsərində balıqçı Santyaqonun timsalında  gətirdi. Və "insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür" ideyasını bəyan etdi. Çünki İnsan övladı məğlubiyyət üçün yaranmayıb, Yaradan ona  sona qədər həyat eşqini qoruyub saxlamaq şansı verib...

Santyaqo balıq ovuna gedəndə düşünür ki, necə olursa olsun balıq tutmalıdır: yəni həyatla mübarizəyə başlayır, ancaq dənizdəki fırtınalar, tutduğu balığı parçalayan köpək balıqları... yəni həyatla mübarizə sonradan ölümlə mübarizəyə çevrilir.

Onun müasiri ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folkner bir az da irəli gedərək Nobel kürsüsündən bəyan etmişdi:  "Mən insanın məğlubiyyətini  rədd edir, buna inanmıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm. Ki, o – qalib gələcək”.

Artıq Tofiq Yaqublunun həyatla mübarizəsi qoca balıqçı kimi sonradan ölümlə mübarizəyə çevrilib.