Obama Konqresə basqını böyük biabırçılıq və utanc adlandırdı

Obama Konqresə basqını böyük biabırçılıq və utanc adlandırdı

07-01-2021 12:55 / Bu xəbər 519 dəfə oxundu

ABŞ-ın keçmiş prezidenti Barak Obama fəaliyyətdə olan prezident Donald Tramp tərəfdarlarının Vaşinqtonda Konqres binasına daxil olaraq, zorakılıqlar törətməsini kəskin şəkildə qınayıb. 

Bu barədə keçmiş prezident yerli vaxtla yanvarın 6-da özünün "Tvitter" hesabında açıqlama yayıb. 

"Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə törədilən bugünkü Kapitoli vəhşiliyini xalqımız üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”. 

Obama Respublikaçılar Partiyasının tutduğu mövqeyi də tənqid edib. 

Onun fikrincə, Respublikaçılar iki ay ərzində tərəfdarlarına seçkilər barədə həqiqətləri çatdırmaq istəməyib. Bu da sonda Kapitoli təpəsindəki zorakılıqlara gətirib çıxarıb. 

Keçmiş prezident bildirib ki, Respublikaçılar ilk addımı özləri atmalı və aranı sakitləşdirməlidirlər. O, Respublikaçılar Partiyasının prezident Donald Trampın siyasətinə qarşı çıxan tərəfdarlarını dəstəkləyib.

Yanvarın 6-da Vaşinqtonda Konqres qarşısında etiraz aksiyası keçirən Tramp tərəfdarları bir müddət sonra binaya daxil olublar və Senatın zalını mühasirəyə alıblar. 

Co Baydenin prezidentliyinin təsdiq olunması üçün toplanan Senat və Nümayəndələr Palatası baş verən qarışıqlığa görə iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb. 

Tramp tərəfdarları ilə polisin toqquşması zamanı 4 nəfərin öldüyü, onlarla insanın saxlandığı bildirilib. Paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. 

Donald Tramp 2020-ci ilin noyabrın 3-də keçirilmiş prezident seçkilərində məğlub olmadığını, seçkilərin saxtalaşdırıldığını deyir. 

O, rəqibi Co Baydeni prezident kimi tanımaqdan imtina edib.(toplum.tv)