Olaf Şolz: Putin Avropanın birliyinə təəccüblənib

Olaf Şolz: Putin Avropanın birliyinə təəccüblənib

31-08-2022 18:05 / Bu xəbər 1012 dəfə oxundu

"Rusiyaya qarşı sanksiyalar effektiv və düzgün addımdır”

Almaniya Kansleri Olaf Şolz Qərbin Rusiyaya qarşı sanksiyalarını effektiv və düzgün addım sayır.

Şolz "Magdeburger Volksstimme” nəşrinə müsahibəsində belə deyib.

Kansler hesab edir ki, Avropanın Ukrayna müharibəsindəki həmrəyliyi Vladimir Putin üçün gözlənilməz olub: "Rusiya Prezidenti Vladimir Putin bu məsələdə Avropanın birliyinə təəccüblənib”.

Ancaq Olaf Şolz sanksiyaların Almaniya iqtisadiyyatına da təsir etdiyini etiraf edib.

O, böyük həcmdə enerji sərf edən şirkətlər üçün dəstək proqramına start verildiyini vurğulayıb.

Onun sözlərinə görə, Almaniya iqtisadiyyatı güclüdür və hökumət imkan daxilində ehtiyacı olanlara kömək etməyə çalışır.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.(Meydan TV)