Oğlu: "Saleh Rüstəmli aclığının 10-cu günündə sudan da imtina edəcəyini deyir"

Oğlu:

09-11-2021 17:46 / Bu xəbər 674 dəfə oxundu

Keçmiş icra başçısı məhkəmə qərarına etiraz edir

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmlinin dörd gündür aclıq aksiyası keçirdiyi bildirilir. 

O, üç il yarım öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımında ittiham edilərək həbs olunub.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Saleh Rüstəmli heç bir cinayət törətmədiyi halda həbsdə saxlanmasına, sifarişli məhkəmə qərarıyla bacı-qardaşının əmlaklarının, o cümlədən yarım əsrə yaxın yaşı olan ata evinin müsadirə olunmasına etiraz olaraq aclıq edir.

Sabiq icra başçısı aclığa başlayandan sonra saxlandığı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. 

Noyabrın 8-də vəkili Bəhruz Bayramov Müalicə Müəssisəsində Saleh Rüstəmli ilə görüşüb.

Vəkil bildirib ki, görüş zamanı hüquqlarını müdafiə etdiyi şəxsdən aclığı dayandırmasını dəfələrlə xahiş edib, lakin onu fikrindən daşındıra bilməyib.

Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov da atasının aclığı davam etdirməkdə israrlı olduğunu bildirib: "Aclığı qətiyyən dayandırmayacağını, qərarında israrlı olduğunu deyib. 10 gün sonra sudan da imtina edəcəyini bildirib. Deyib ki, hər iki halda, azad ediləcək: ya ölü, ya diri…”

Oğlunun sözlərinə görə, Saleh Rüstəmli aclığın nəticə verməyəcəyi barədə ona deyilənlərə belə cavab verib: "Lap yaxşı, qoy insanlar görsün ki, heç nəyin xeyri yoxdur, hətta insanların bu ölkədə aclıq edib ölməyi də bir şeyə təsir etmir…”

Saleh Rüstəmlinin aclıq etməsi barədə deyilənlərə Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildən ailəsilə birlikdə Rusiyada yaşayır. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. 

Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. 

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. 

İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. 

Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. 

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.

Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.