''Oğlumun ağzını bıçaqla kəsən cəzasız qalıb''

''Oğlumun ağzını bıçaqla kəsən cəzasız qalıb''

24-05-2018 14:33 / Bu xəbər 3174 dəfə oxundu

''Cinayət işini açmaq istəmirlər''

"Oğlumun ağzını bıçaqla kəsib. Kəsəndə də deyib ki, bunu sənə ömürlük bir damğa kimi vururam. Hər güzgüyə baxanda məni xatırlayarsan”.

Göyçay rayon sakini Mais Həmidov Meydan TV-yə belə deyib.

Martın 2-də Göyçayda 26 yaşlı Kamran Həmidovun ağzı bıçaqla kəsilib. Atası deyir ki, oğluna bunu edən qonşuları Rəşadət Kərimovdur.

O, hadisədən 3 ay ötməsinə baxmayaraq, azadlıqdadır. Atanın sözlərinə görə, ümumiyyətlə, ona qarşı cinayət işi açılmayıb, Rəşadət Kərimov cəza almayıb:

"Oğlumla aralarında kiçik mübahisə olub. Əvvəlcə o oğlumu söyüb. Kamran dözməyib, söyüşü özünə qaytarıb. Bundan 10 gün sonra gəlib uşağı evdən çağırıb ağzını kəsib. O gündən müraciət etmədiyimiz yer qalmayıb, cinayət işi açılmır. Cinayəti törədən şəxs rayonda sərbəst gəzib-dolaşır”.

Ata mübahisənin bəsit münaqişə zəminində yarandığını söyləyir:

"Böyük problem olmayıb aralarında. Buna görə belə hərəkət edərlər? Bu insan təhlükəlidir. Biz hadisədən sonra Göyçay rayon Mərkəzi Ekspertizasına rəy üçün müraciət etdik. Vermədilər. Dedilər, gözləyin, 2 aya rəy verəcəyik. Rəy üçün hara müraciət ediriksə yüngül xəsarət yazırlar. O da 500-1200 manat cərimədir, ödəyib, canını qurtaracaq. Açıqca deyir ki, adamım var, mənə heç kim, heç nə edə bilməz”.

Məsələyə Göyçay rayon Polis Bölməsindən münasibət öyrənmək mümkün olmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, daha öncə onlara bununla bağlı sual verilib, araşdırırlar:

"Doğrudan belə bir şey olubsa, günahkar cəzasını çəkəcək. Hər halda, vətəndaş nazirliyə müraciət etməlidir”.

Mais Həmidov isə deyir ki, Daxili İşlər naziri Ramil Usubova, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsinin rəisinə, Azərbaycan Respublikasının Səhiyyə naziri Oktay Şirəliyevə yazılı şəkildə müraciət edib. Müraciətlərinin çatması ilə bağlı cavab da alıb. Ancaq hələlik, bir nəticəsini görməyib.