Ombudsman əsirlərlə bağlı BMT-yə müraciət edəcək

Ombudsman əsirlərlə bağlı BMT-yə müraciət edəcək

22-11-2020 13:53 / Bu xəbər 1347 dəfə oxundu

"Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir. Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb".

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması tələb edilib.

Həmçinin Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 12 noyabr 2020-ci il tarixdə də beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. 

Müraciət cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların  işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlıdır.