Omubsman aparatı hüquq müdafiəçisinin müraciətinə cavab verdi

Omubsman aparatı hüquq müdafiəçisinin müraciətinə cavab verdi

15-05-2020 19:48 / Bu xəbər 1329 dəfə oxundu

Ombudsman aparatı hüquq müdafiəçisi Samir Kazımlının 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan müxalifətçi Tofiq Yaqublunun hüquqlarının pozulması ilə bağlı müraciətinə cavab verib.

Bu barədə Arqument.Az-a Samir Kazımlı məlumat verib. 

O bildirib ki, Ombudsman aparatının şöbə rəhbəri Rəşid Rumzadə onunla əlaqə saxlayıb: "Ombudsman aparatının şöbə rəhbəri Rəşid Rumzadə Tofiq Yaqublu ilə bağlı ombudsmana elədiyim müraciətlə əlaqədar mənimlə əlaqə saxladı. Bildirdi ki, Tofiq bəyin vəkilləri, ailə üzvləri də onlara müraciət edib. Qeyd etdi ki, mənim müraciətimlə bağlı Penitensiar Xidmətə müracit ediblər. Rəşid bəy müraciətlərdən sonra Tofiq bəyə ailə üzvləri tərəfindən aparılan dərmanların verildiyini dedi". 

"Geyimə gəlincə, o, dedi ki, karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Ona görə də məhbuslara ailə üzvləri tərəfindən aparılan geyimlər verilmir. Bildirdi ki, istintaq təcridxanası Tofiq bəyə paltar verib", - Samir Kazımlı bildirib. 

Samir Kazımlı mayın 5-də İstintaq Təcridxanası əməkdaşlarının Yaqubluya ailə üzvləri tərəfindən aparılan geyim və dərman pereparatlarını ona çatdırmaqdan imtina etməsi ilə əlaqədar ombudsman Səbinə Əliyevaya müraciət edib.

Hüquq müdafiəçisi müraciətdə qeyd edib ki, Yaqublu Qarabağ müharibəsi veteranıdır və astmadan əziyyət çəkir. Kazımlı ombudsmandan bu məsələni dövlət orqanları qarşısında qaldırmağı və məsələnin həll olunmasına köməklik etməsini xahiş edib.

O qeyd edib ki, indiyədək Yaqubluya geyim və dərman verilməyib, təcridxanadakı durumu ürəkaçan deyil. 

Xatırlatma 

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib.

Həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışında müxalifətin ünvanına təhdidlər səsləndirməsindən bir neçə gün sonra baş verib. Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Tofiq Yaqublunun "cinayəti" onun park edilmiş avtomobilinə başqa maşının vurmasından və avtomobildəki şəxslərin ona hücum etməsindən ibarətdir. Daha sonra həmin şəxslər Yaqublunu ittiham ediblər.

Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Müxalifətçinin silahdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin şəkildə tənqid etməsi və Facebook-dakı yazıları olduğundan əmindirlər.