Onkoloji xəstələr: "Pullu müalicə və pulsuz ağrıkəsicilər..."

Onkoloji xəstələr:

07-12-2017 16:20 / Bu xəbər 213 dəfə oxundu

5 gün öncə vəfat edən Rafael Ağayev 2 ildən çox idi ki, bağırsaq xərçəngindən əziyyət çəkirdi.

Mərhumun qızı Samirə Ağayevanın sözlərinə görə, müalicə aldığı müddət boyunca yalnız xəstəliyinin ən ağır mərhələsində pulsuz tibbi xidmətdən yararlana bilmişdi:

"Atam son 2 aylıq yataq xəstəliyi dönəmində çox güclü ağrıkəsicilərdən istifadə edirdi. Bu dərmanlar qeydiyyatda olduğu yer üzrə poliklinikadan pulsuz verilirdi. Milli Onkologiya Mərkəzində isə pulsuz heç bir xidmətdən yaralanmamışıq”. 

"Adi qan analizi belə pulsuz edilmirdi”  

Samirə Ağayeva deyir ki, Milli Onkologiya Mərkəzində hər 25 gündən bir kimyəvi müalicə proseduruna ortalama  350-460 manat xərclənirdi:

”Kimyəvi müalicədən öncə edilən analizlər heç vaxt pulsuz olmayıb. Kimyəvi terapiyanın dərmanlarına isə həmişə pul vermişik. Terapiyanın ödənişi isə 300-400 AZN-a başa gəlirdi”.

Bu o deməkdir ki, 2 il yarım ərzində Milli Onkologiya Mərkəzinə bir xəstənin ailəsi tərəfindən  təxminən 15000 AZN pul ödənişi olunub.

Bəs qanunvericiliyə görə bu məbləğ əslində ödənməli idimi?

Qanunvericilik deyir ki...

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə  şamil edilir. Qanuna əsasən onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım isə dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına başa gəlir. Azərbaycanda daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişlidir, lakin  təxirəsalınmaz olduğu halda  pulsuz göstərilir.

Hüquqşünas Fərhad Mehdiyev deyir ki, qanunvericilik vətəndaşların tərəfindədir: "Xəstəxanada Səhiyyə Nazirliyi tərəfindən  razılaşdırılmış dərmanlar var. Vətəndaşlar onları pulsuz əldə etmək hüququna sahibdir.Bundan başqa müalicə də pulsuz həyata keçirilməlidir.Vətəndaşın ödəməli olduğu məbləğə yalnız xəstəxanada olmayan dərmanlar aiddir.Dərmanla təminat isə qeydiyyatda olduğu xəstəxanalar üzrə Səhiyyə Nazirliyi tərəfindən təmin edilir".

Hüquqşünasın sözlərinə görə, qeydiyyatdan keçmək üçün ödəmə edilməsi belə qeyri-qanunidir: "Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin qeydiyyat kartı aılması üçün də ödəniş tələb olunur. Bu qeyri-qanuni ödəmədir”. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova belə hallarla üzləşən vətəndaşların Səhiyyə Nazirliyinin "qaynar xətti"nə müraciət etməsini tövsiyyə edib: "Dediyiniz problemlə üzləşən vətəndaşlar "911 qaynar xətti"nə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər”.

Bu yaxınlarda Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli də yerli mediaya Milli Onkologiya Mərkəzində xəstələrin pul alınması məsələsinə münasibət bildirmişdi:
 
"Ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunur. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunur. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub”.

Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli qeyd etmişdi ki, əlində rüşvətlə bağlı fakt olanlar xəstə ilə birlikdə Milli Onkologiya Mərkəzinin rəhbərliyinə yaxınlaşsınlar.
 
İzzətxanım Cabarlı
ToplumTv