Onlar daha çox həssasdırlar...

Onlar daha çox həssasdırlar...

12-11-2023 12:10 / Bu xəbər 1242 dəfə oxundu

"Məhkəmə boşanma qərarı çıxaranda iki uşaqla valideynlərimin yanına qayıtmışdım. Amma üstümüzə o qədər minnətçi göndərdilər ki, axırda atam məni geri dönməyə məcbur etdi. Daha iki uşağımız oldu. Birgə yaşayışın mümkün olmadığını görən qaynatam evlərindən bir az aralıda daxma qaraltdı və uşaqlarımla məni içərisinə yığdı. Keçmiş ərimdən aliment də tələb etmədim..." 

İmişlidə yaşayan, 39 yaşlı Günel həyat hekayəsini danışır.
 
O, Azərbaycanda boşanmış yüz minlərlə qadından biridir.  

Hər 100 nikaha qarşı 43 boşanma?!

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə ölkədə 280 minə yaxın nikah bağlanıb, 80 minədək nikah isə pozulub. 

Bu ilin 8 ayında yeni qurulan  ailələrin (33 836) 43 faizi qədər (14 544) boşanma halı qeydə alınıb.   

Əvvəlki vaxtlarda dağılan ailələrin yarıdan çoxu uşaqsız idisə, 2016-cı ildən başlayaraq ayrılan cütlüklər arasında övladları olanlar üstünlük təşkil edir. 

Son 2 ildə boşanan 20 min cütlüyün ümumilikdə 34 min nəfərdən çox uşağı olub. Pozulan 11 min nikahın hər birindən 2 və daha çox uşaq dünyaya gəlib.  

Biz hələ rəsmi qeydə alınmış nikahlardan danışırıq. Amma hamımıza məlumdur ki, ölkəmizdə ailə quranların heç də hamısı münasibətlərini rəsmləşdirmir. Bu ailələrdə də uşaqlar doğulur, ayrılmalar olur. 

Boşanmaların sürətli artımı dünyanın bütün qitələrində, hətta inkişaf etmiş dövlətlərdə də müşahidə edilir. Amma əksər ölkələrdə proses qalmaqallarla müşayət olunmur,  boşanma faciəyə gətirib çıxarmır, ayrılmış qadınlar və azyaşlı uşaqlar küçəyə atılmır, şiddət, məhrumiyyət görmür. Əksinə, insanlar ona görə boşanırlar ki, daha xoşbəxt həyat yaşasınlar. 

16 yaşında boşanıb və ana olub

Sərt cəzalandırmaya və maarifləndirmə tədbirlərinə baxmayaraq bölgələrdə hələ də erkən nikahlar, "qız qaçırma”lar qalmaqdadır. İmişli rayon qeydiyyat idarəsindən öyrəndik ki, ötən il nikah yaşa çatmayan 9 valideyn qeydə alınıb.

İmişlidə yaşayan, 29 yaşlı Nərmin orta təhsilini tamamlayana qədər ilk evlilik həyatını yaşayıb. 15 yaşında qaçırılan qız, mütəmadi olaraq üzləşdiyi fiziki zorakılıqdan can qurtarmaq üçün bir neçə ay sonra valideynlərinin evinə qayıdıb. Bir il sonra o, artıq uşaq dünyaya gətirmişdi...

Vaxtı keçmiş, problemli alimentlər də varmış...

Ayrılan qadınların  çoxsaylı problemləri olsa da, müsahiblərim daha çox məhkəmə süründürməçiliyindən, evsizlikdən, alimenti tam həcmdə ala bilməməkdən, sosial yardımın əlçatan və yetərli olmamağından, iş yeri tapa bilməməkdən əziyyət çəkdiklərini dilə gətirdilər. 

2 uşaq anası Zamilə deyir ki, məhkəmə 5 il əvvəl qərar çıxarsa da, keçmiş əri ona aliment ödəməyib: "Hesablamışam, keçmiş yoldaşımın 16 750 manat ödənilməmiş borcu var. İcraçı nə borcu ödətdirə bilir, nə də barəsində tədbir görür”.

45 yaşlı Ellada deyir ki, uşaqlar yetkinlik yaşa çatanadək yığılıb qalmış10 min manatdan çox aliment məbləğini keçmiş ərindən ala bilməyib: "İcraçılar deyir bu iş daha bağlanıb, həmin məbləğ aranızda borc kimi  məhkəmədə mübahisələndirilə bilər. İddia qaldırmaq üçün 220 manat rüsum ödəməliyəm. Qorxuram tələbim təmin olunmaz, ara yerdə bu pul da batar”.

Axtarış və həbslər 

Rəsmi açıqlamaya görə 160 min nəfərdən çox uşağın saxlanılması üçün aliment təyin edilib. Hələ də əvvəlki vaxtlarda çıxarılmış məhkəmə qərarları  əsasında 1 uşağa görə 40-50 manat ödəyənlər var.  Son illər məhkəmələr yeni təyin edilən aliment məbləğini yaşayış minimumuna uyğunlaşdırırlar- cari il bu məbləğ əsasən 220 manat olub. 

İmişli rayon İcra və Probasiya Şöbəsindən öyrəndik ki, il ərzində borclular (yeri gəlmişkən, onlardan 10 nəfəri qadındır) tərəfindən 590 min manat aliment ödənilməlidir, indiyədək cəmi 350 min manatadək ödəniş təmin edilib. Ötən 10 ay ərzində aliment ödəməyən 27 nəfər barədə məhkəməyə müraciət olunub, onlardan 14 nəfəri həbs edilib. 130 min əhalisi olan rayon üzrə 1350 aliment işi var.

Ədliyyə Nazirliyinin açıqlamasına görə 2022-ci ilin 6 ayı ərzində 5 min valideyn aliment ödəmədiyinə görə axtarışa verilib, minə yaxını isə həbs edilib.
Bu yerdə sual yaranır: valideynlər niyə aliment ödəmir? 

"Verdikləri maaşdan utansınlar”

42 yaşlı  Həsən keçmiş arvadının aliment məbləğinin artırılması tələbini təmin edən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verdiyini və onun qismən təmin olunduğunu bildirir: "Məhkəmə mənim iştirakımı təmin etmədən aliment məbləğini 240 manatdan 440 manata qaldırmışdı. Əvvəlki vaxt aliment kəsiləndə rəsmi işim yox idi və qazancım sabit deyildi. İndi aylıq 550 manat maaşa baxan fəhləyəm. 2 uşağa görə aylıq qazancın üçdə biri qədər aliment tutula bilər. Bu da 183 manat edir. Bilirəm ki, azdır. Mənə verdikləri maaşdan utansınlar. Məhkəmə uşaqların mənafeyini qabardıb. Mən keçmiş həyat yoldaşımdan ayrılandan sonra yenidən ailə qurmuşam, bu nikahdan da 3 uşağım var. Həmin uşaqların da mənafeyi nəzərə alınmalı deyilmi? Apelyasiya bu dediklərimi ağlabatan hesab edib, 2 uşağa görə 300 manat aliment kəsdi”.

"Çıxış yolu aliment fondunun yaradılmasıdır”

Hüquqşünas Vazeh Zahidov məhkəmələrin daha çox sabit pul məbləğində, aşağı əmək haqqı alan şəxslərə münasibətdə isə qarışıq formada aliment təyin etdiyini söyləyir. O, alimentlərin vaxtında ödənilməsi işinin təşkilini "aliment fondu”nun yaradılmasında görür:

"Ola bilsin bu məsələdə dövlət üçün müəyyən qədər maliyyə risqi var. Amma vətəndaşlarının, xüsusilə uşaqların mənafeyi baxımından buna getməyə dəyər. Konstitusiyada bəyan edilib ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Bəzi valideynlərin alimenti ödəməməsinə, yaxud gec ödəməsinə görə uşaqların maddi məhrumiyyət yaşaması dövləti də narahat etməlidir. Bu halı aradan qaldırmağın yolu elə aliment fondunun yaradılmasıdır”.

Dövlət yardımı ünvanına 8 aya çatıb

Ayrılan, himayəsində azyaşlı uşaqları olan və heç bir yerdə işləməyən qadınlar ünvanlı dövlət sosial yardımı almaq üçün də müraciət edirlər. Amma deyirlər ki, son vaxtlar bu yardımı almaq çətinləşib. 

Pay torpağı çoxlarının başına bəla olub. Kiçik uşağı 8 yaşı tamam edən analardan rəsmi işdə çalışmaları tələb olunur. Məhdudiyyətlər tək bunlarla bitmir.

4 uşaq anası Günel deyir ki, keçən il bu yardımın təyinatı səkkiz ay yubadılıb: "Müraciətlərimə imtina cavabı gəlirdi. Gah deyirdilər qaz kodunu düz yazmamısan, gah da əmlak arayışı istədilər. Axırda gəlirimi düzgün bəyan etməməyimi bildirdilər. Ailəmin heç bir gəliri yox idi. Amma deyirdilər gəlirin olmağını göstərməyəndə, sual yaranır ki, siz aylarla necə sağ qalmısınız? Həmin vaxt qara günlər yaşayırdıq. Bizə qohumlar, qonşular kömək edirdi, hətta tanımadığım adamlar gətirib fitrə verirdi. Uşaqlarım xəstələnəndə adi ağrıkəsici, qızdırmasalıcı dərman ala bilmirdim. Nazir müavininin qəbulunda oldum, prezidentə şikayət etdim, ondan sonra yazdılar”.

"Sanki dövlət də bizi vətəndaşlıqdan boşayıb”

Güneldən fərqli olaraq Nərminə bu yardımı ala bilməyib: "Son iki ildə göndərdiyim 15-dən artıq müraciətə imtina cavabı verilib. İmtinanın səbəbi heç də ailəmin atəminatlılıq meyarına uyğun gəlməməsi ilə bağlı deyil. Məsələn, kirayə qaldığımız evin sahibi otaqlardan birinə  şəxsi əşyalarını yığıb, qapını bağlamışdı. Dedilər: nə bilək orada kimi, nəyi gizlətmisən. Bir ay sonra o qapını açdırdım. Bu dəfə işıq və qaz sayğaclarının ev sahibinin adına olmamasını əsas götürüb imtina verdilər. Deyəndə ki, uşaqlarım aclıqdan əziyyət çəkir, üstümə düşürlər ki, saxlaya bilməyəcəkdinsə, niyə dünyaya gətirirdin? Lap tutaq ki, mən təqsirkaram. Buna görə uşaqlar da cəzalandırılmalıdır?! Sanki dövlət də bizi vətəndaşlıqdan boşayıb...” 

Boşanan qadınların üzləşdiyi ən ciddi problem: evsizlik 

Nə qədər biabırçı olsa da, təxminən 10 il birgə yaşamış bəzi cütlüyün ayrılandan sonra bölünəsi əmlakı olmur. Belə vəziyyətdə qadınlar ya valideynlərinin yanına qayıdır, bu, mümkün olmadıqda, ev kirayələyir. 

Ailə evsizliyinin artan xətt üzrə dinamikası BMT tərəfindən də izlənilir. Təşkilatın üzv dövlətlərə tövsiyələrində vurğulanır: "Ailə evsizliyi qlobal və milli səviyyələrdə qarşısıalınmaz, xroniki bir tendensiyaya çevrilərsə, o zaman yetişən nəslin sosial-psixoloji sağlamlığına böyük zərbə ola bilər və onun həll olunmaması perspektivdə ailə institutunun funksiyalarına potensial dağıdıcı təsirlərə malik olar”.

Beynəlxalq çağırışlarda hökumətlərə ailə evsizliyinin səbəblərini aradan qaldırmaq, mənzil və nəqliyyat da daxil olmaqla əlçatan və ucuz infrastruktura investisiyaları təşviq etmək tövsiyə olunur. 

İqtisadçı Rövşən Ağayev problemin həlli üçün "sosial mənzil fondu”nun yaradılmasını təklif edir: "İnkişaf etmiş ölkələrdə evsiz, aztəminatlı insanlar üçün sosial binalar tikilir. Həqiqətən əhalinin elə qrupu var ki, illərlə, ev almaq, yaxud tikmək imkanına malik olmur. Onlar şəraitsiz yerlərdə, kirayələrdə qalırlar. Hökumətin formalaşdırdığı istər minimm istehlak səbəti olsun, istərsə də ünvanlı dövlət sosial yardımı- hamısı yoxsulların fizioloji mövcudluğuna hesablanıb”.

Ekspertin qənaətinə görə boşanma statistikasındakı artım hökumətdən sosial siyasətində təcili dəyişiklik etməyi tələb edir: "Statistika ona görə toplanır ki, real vəziyyəti öyrənmək mümkün olsun. Hökumət bilir ki, hər il nə qədər nikah pozulur, nə qədər uşaq təkvalideynli ailədə yaşayır. Onların gəlirləri, əmlak vəziyyəti barədə məlumatlar da əlinin altındadır. Bu ailələr də "həssas qrup”a aid edilməli və onların da sosial müdafiəsi təşkil olunmalıdır. Bizdə tez-tez "insan kapitalı” barədə danışılır. Amma insana əlləri əsə-əsə, qəpik-quruşla kapital qoyurlar.  Yoxsulluğu hədəfə alan, ailə yönümlü siyasətə investisiya qoyuluşu sağlam, etibarlı gələcəyi təmin edə bilər”.

"Ölkədə çox adam həyatından məmnun deyil”

Sosioloq Sənubər Heydərova Azərbaycanda boşanmaların əsas səbəbini ailə quran gənclərin buna hazırlanmamasında, bəzi hallarda onlara sərbəst seçim imkanı verilməməsində görür: 

"Xeyli sayda ailə yaxın qohumların məsləhəti və vasitəçiliyi, yaxud təsadüfi tanışlıqla qurulur. Ortaq dəyərləri, maraqları, həqiqi hisləri bölüşməyənlərin zorən birgə yaşayışı əzabvericidir. Çox zaman dilə gətirilməsə də, seksual uyğunsuzluq da ailənin dağılmasında mühüm rol oynayır. Uzun yolu birgə gedəcəklərinə əmin olmayan cütlüyün dərhal uşaq dünyaya gətirməsi də çox məsuliyyətsiz addımdır. Yaşlı nəslin təlqin etdiyi fikir budur ki, uşaq onları bağlaya bilər.  Amma sonradan uşaq özü də bu uğursuz izdivacın qurbanına çevrilir. Boşanma statistikası real vəziyyəti əks etdirmir. uyğunsuzluğa, fiziki, mənəvi və psixoloji zorakılığa dözüb nikahı qoruyanlar var. Onlar da həyatlarından məmnun deyillər”.

Sosioloq indiki halda təkbaşına uşaq böyüdən analar üçün xüsusi statusun verilməsini, onlarla bağlı sosial paket hazırlanmasını təklif edir: "Bura mənzil-məişət problemlərinin həllindən tutmuş peşə öyrətmə, işlə təminatadək çox şey daxil edilməlidir.  Yerli icra hakimiyyətlərinin, ailə terapevtlərinin, psixoloqların da görə biləcəyi çox iş var. Sosial müdafiədən kənarda qalan insanlar çox zaman emosional və həssas olan bir qrupa çevrilir. Onlar gələcəkdə fiziki və psixi xəstəliklərdən əziyyət çəkə, zərərli vərdişlər qazana, cinayət törədə bilərlər”.

"Ataları barədə sual veriləndə uşaqlar kövrəlir”

Günel deyir ki, uşaqlar böyüdükcə onların bəzi suallarına cavab verməyə çətinlik çəkib: "Soruşurdular ki, niyə hamının atası var, bizim yox? İndinin özündə də bəzi müəllimlər ataları barədə soruşanda, uşaqların gözləri dolur. Mübahisəsi olan yaşıdlarından birinin qızıma "yaxşı olsaydınız, atanız sizi atmazdı” deməsi məni də sarsıtmışdı...”

Həqiqətən, təsirləndiricidir. Bunu cəmiyyət də, dövlət də nəzərə almalıdır: onlar daha çox həssasdırlar...

Azər Əli

Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi "Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması" qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur.  Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.