"Onlar siyasi marketinqin mahiyyətini bilmirlər" - MÜSAHİBƏ

14-09-2017 02:58 / Bu xəbər 2957 dəfə oxundu

Hörmətli izləyicilər, Siz Arqument.az-da Şəmşad Ağanın təqdimatında "Bizim ekspert" rubrikasına ilk buraxılışına baxırsınız. Bu rubrikanı yaratmaqda məqsədimiz həftədə iki dəfə gündəmdə olan aktual mövzuları gənc ekspertlərlə müzakirə etmək və yeni ekspertləri ictimaiyyətə tanıtmaqdır. 

Bugünkü qonağımız gənc ekpert Toğrul İsmayılovdur. Onunla Azərbaycandakı siyasi partiyaların piar işinin təşkili barədə danışdıq.


- Toğrul bəy, Azərbaycan siyasi partiyalarının piar səviyyəsi hansı vəziyyətdədir, ümumiyyətlə, siyasi-marketinqin bizim ölkədə geniş yayılmamasının, ona olan maneənin əsas səbəbi nədir? Bizdəki siyasi təşkilatlar deyirlər ki, siyasi piar-marketinqə ciddi pul lazımdır. Ona görə də ənənəvi müxalifət bundan istifadə etmir. Sizcə, bu nə qədər doğru yanaşmadır?

- Birincisi, Azərbaycanda marketinqin tarixi qədər qədim deyil. Siyasi marketinq də marketinqin bir qoludur. Bir cümlə işlətdiniz ki, ənənəvi müxalifət bu məsələni pulla, maliyyə çatışmazlığı ilə bağlayır. Əslində, qismən doğrudur. Çünki marketinq hər zaman pul tələb edən fəaliyyət növüdür. Bu gün bizim partiyalarda siyasi piarı həyat keçirməyə mane olan bir neçə səbəb var: Birincisi, kadr çatışmazlığıdır. İkincisi, partiyaların strateji qərarı yoxdur. Çünki onlar, deyəsən, siyasi piarın gücünə o qədər də ciddi yanaşmırlar. Üçüncü məsələ ondan ibarətdir ki, siyasi piarı həyata keçirmək üçün maliyyəyə, həqiqətən də, ehtiyac var. Amma bu maliyyə nə qədər lazımdır, hansı işə, nə üçün lazımdır... Dördüncü səbəb də hakimiyyətin basqısıdır. Hansı ki partiyalar istədikləri tərzdə istədikləri metodlardan istifadə edib piarı həyata keçirə bilmirlər, məsələn, araşdırma apara bilmirlər. Məsələn, hər hansı bir lider öz reytinqini ölçə, sorğu apara bilmir. Və yaxud insanlarla hər hansı sorğunu aparmaq üçün kadr, şərait mühit yoxdur. Ona görə də Azərbaycanda siyasi piar hələ də yetkin formaya çata bilməyib. 

- Siyasi partiya fəalları daha çox sosial şəbəkələrdə toplaşıblar. Amma belə baxanda heç siyasi partiyaların rəsmi səhifələri, saytları da aktiv deyil. Bildiyimiz qədər bir neçəsinin rəsmi səhifəsi var, amma rəsmi səhifələr o qədər də təbliğat ruporu rolunda çıxış edə bilmir. Bu, çox böyük maliyyə vəsaiti də tələb eləmir. Məsələn, qonşu Türkiyədə demək olar ki, bütün partiyaların rəsmi saytları var və partiya ilə, onun gün ərzində gördüyü işlərlə maraqlananlar o səhifələrdən istifadə edirlər. Bəs Azərbaycanda bu məsələ niyə həllini tapmır? Baxmayaraq ki, bu iş böyük maliyyə tələb etmir... 

- Mən bilən bir neçə partiyanın rəsmi səhifəsi var. Bəzi partiyalar var ki, onlar məhz partiya brendinə üstünlük verirlər, sərmayə qoyurlar, ona fokuslanırlar. Bəzi partiyalarda isə daha çox partiya rəhbərininin səhifəsinə fokuslanıb izləyiciləri ora cəlb etmək, yeni kontenti orada yaratmağa cəhd edirlər. Səhifələrin zəifliyi də bundan irəli gəlir. Yeni kontent yaratmaq isə çətindir. Bu da ondan irəli gəlir ki, partiyaların rəhbər sturukturu, İdarə Heyətimi deyim, Rəyasət Heyətimi deyim - onlar siyasi marketinqin mahiyyətini bilmirlər və bunu bilən adamları da işə cəlb etməyə çəkinirlər. 

- Yeni insanların, gənclərin partiyalara cəlb olunması əksər hallarda piarın necə aparılmasından asılıdır. Azərbaycanda niyə bu sahədə ləngimə var? Məsələn, bir çox uğuru olan insanlar siyasi partiyalarda təmsil olunmaq istəmir, müstəqil fəaliyyət göstərməkdə maraqlıdırlar. Burada, doğrudanmı, piarın rolu böyükdür? 

- Təbii ki, burada piarın rolu var. Partiyalar özlərini yenidən mövqeləndirməlidirlər. Yəni Azərbaycanda müxalifət deyəndə hər zaman gənclərin ağlına nə gəlir: inkişafdan qalmış, gələcək vəd edə bilməyən, köhnəlmiş medaotlardan istifadə edən, uğur əldə etməyə heç bir şansı olmayan bir qurum... Ona görə də partiyalar öz fəaliyyətlərinə yenidn baxmalıdırlar. Bunu bir iki qurum etməyə çalışır, amma onlar da tam edə bilmirlər. Yəni özlərini formalaşdırmağa, gənclərə uyğun mesajlar göndərməyə çalışırlar. Marketinq boşuna ola bilməz, mütləq nəsə yeni bir ideya təqdim etməlisən və bu piar da yeni insanlar cəlb etsin. Bu gün siyasi partiyaların saytlarında bu problem müşahidə olunur. Məsələn, insanlar bilmirlər ki, həmin təşkilatlara necə üzv olsunlar. Davamlı olaraq, onlayn üzvlük kanalları və yaxud da üzv olmaq istəyən insanlar üçün arxa planda bir menecment proqramı yoxdur. Bunların hamısı siyasi marketinqin bir hissəsidir. Ona görə də gərək bunların hamısına diqqət edilə, yəni qapını açmalısan ki, insanlar onlayn üzv ola bilsin. 

- Dünya təcrübəsində necədir bu işlər?

- Dünya təcrübəsində bu məsələlər ölkələr üzrə müxtəlifdir və dəyişir. Məsələn, siyasi marketinqin vətəni Amerika sayılır. Onlar da istifadə etdikləri metodlara görə hər zaman irəlidə olublar. Misal üçün, mən Hollandiyada onların siyasi partiya gəncləri ilə tanış olanda gördüm ki, onların partiyadan asılılılıqları yoxdur, müstəqil fəaliyyət göstərirlər. 

- İstər Azərbaycanın daxilində, istər də xaricində keçirilən aksiyalara baxanda da siyasi piarın ənənəvi olduğunu görürük. Neçə illərdir ki, eyni şüarlar, metodlar, təkrar xronika müşahidə olunur. Amma digər ölkələrdə fərqli filəşmoblar, aksiyalar keçirilir. Ona görə də aydın görünür ki, siyasi piar ancaq puldan asılı deyil. Ona görə də fərqli düşncə, yanaşma olmalı, ənənəvi metodlardan imtinanın yolları axtarılmalıdır. Amma biz bunu görə bilmirik. Necə düşünürsünüz, Azərbaycanda təcrübəsi yetərli deyil, ya ölkədə şərait yoxdur? 

- Kreativ düşüncə bunun əsaslarından biridir. Bu da öz-özünə yaranmır. Deməli, sən datalar yığırsan, onun üzərində nəsə kreativ bir düşünə sərgiləyirsən ki, mesajın yayılsın və effektli olsun. Onunla razıyam ki, Azərbaycanda bu günə qədər keçirilən mitinq və filəşmoblar çox uğurlu olmayıb, yəni eyni sloqanlar, eyni təşkilat tərzləri və s. Mən özüm iştirakçı kimi Türkiyədə Gezi parkı hadisələri zamanı gördüm ki, orada fərqlidir. Türkiyənin siyasi ənənəsi də fərqli olduğundan orada insanlar fərqli üsullardan istifadə edirlər. Yəni yeni nəsil gənclik daha fərqli baxır proseslərə. Onlar üçün sorğulanmayan heç kim yoxdur. İnsanları əyləncə və satira ilə yola vermə, bu şəkildə cəlbedici görünmək yeni nəsil gəncliyə xas xüsusiyyətdir. Onlar bir yerə toplaşır və işi əyləncəyə çevirirlər. Biz bunu Maydanda da gördük. Məsələn, məşhur bir pianoçu gəlib meydanda pianosunu qurur, mahnı çalıb insanları cəlb edirdi. Yəni belə fərqli üsullardan istifadə edirdilər ki, insanlar meydanda qala bilsin və mesajlarını çatdıra bilsinlər. Bizdə isə fərqlidir: beyni zorlayır, kreativ düşüncəni boğmağa çalışırıq. Mən isə kreativ düşüncənin boğulmasını indiki siyasi təşkilatların istibleşmentinin yeni trendən bir qədər uzaq düşməsi kimi görürəm. Ona görə də yeni trendən uzaq düşdüklərinə görə yenilikləri etməkdən çəkinirlər...

Arqument.Az