Onun itkisi millətin itkisidir

Onun itkisi millətin itkisidir

16-06-2021 15:16 / Bu xəbər 657 dəfə oxundu

Milli Şuranın sədri Cəmil Həsənli

Acı xəbər oldu, çox acı. Bir xalq adamını, millət fədaisini, örnək bir şəxsiyyəti itirdik. İbrahim İbrahimli öz həyat yolu, mübarizəsi, qüruru və parlaq şəxsiyyəti ilə bu millətin bir zərrəsi idi. Amma seçiləcək, hiss ediləcək, duyulacaq zərrəsi! Onun itkisi şübhəsiz ki, bir ailənin, bir təşkilatın, yaxın dostların deyil, bir millətin itkisidir. 

Şərəfli bir ömür yolu keçib İbrahim bəy. Çağdaş istiqlal mücadiləsinin obrazlarından biri kimi həmişə ön sıralarında olub. Nə təhdid, nə təqib, nə də basqılar onu öz yolundan, öz əqidəsindən, öz ideallarından döndərə bilmədi. Həbs həyatı yaşadı, siyasi dustaq oldu, min bir əziyyətə qatlaşdı, amma heç vaxt öz təmkinini, öz qürurunu pozmadı. 

O, bu millətin gözünə dik baxa biləcək bir ömür yaşadı, çoxlarına örnək olan bir ömür. İbrahim bəy bu örnək həyat hekayəsini özü yaratmışdı, özü yazmışdı. 

Milli hərakatın ən həssas məqamlarında onun gur səsi həmişə eşidilib, dirənişi yaddaşlara hopub, Milli Məclisdəki parlaq fəaliyyəti milli tarixin bir hissəsinə çevrilib. 

1993-cü ildə Milli hakimiyyətin qiyam yolu ilə devrilməsindən sonra xalqın mübarizə ruhunun,  Xalq Cəbhəsinin, bütövlükdə milli düşüncə sisteminin qorunmasında, var olmasında İbrahim bəyin müstəsna xidmətləri vardır. Ziyalı təbiətinə və mənəviyyatına uyğun olaraq o, uzun illərin milli ağrılarını özünə məxsus təmkinlə ifadə edə bilirdi.  

Son yeddi ili biz İbrahim bəylə bir təşkilatda çiyin-çiyinə çalışmışıq. Milli Şura yaranandan o bu təşkilatın rəhbərliyində təmsil olunub. Həm Cəbhəyə rəhbərlik etdiyi dövrdə, həm Milli Şuranın rəhbərliyində birgə fəaliyyətimiz onu daha yaxından tanımağa, onun milli və mənəvi dünyasını daha yaxından duymağa imkan verdi.

 Bütün siyasi keyfiyyətlərindən əlavə İbrahim bəy bir ruh adamı, bir əməl adamı, bir mənəviyyat daşıyıcısı idi, klassik və çağdaş Azərbaycan və dünya ədəbiyyatının ardıcıl oxucusu idi. Geniş mütaliəsi vardı. 

Bu ağır itki Milli Şura üçün vaxtsız oldu. Hələ görəcəyimiz işlər, gedəcəyimiz yol, xalqın öz haqqına qovuşması üçün atacağımız birgə addımlar vardı. Millət öz fədaisini, xalq öz adamını, Milli Şura olaraq biz öz mübarizə yoldaşımızı və çiyindaşımızı itirdik.  

30 ildən artıq davam edən mücadilə yoluna, işıqlı həyat hekayəsinə və  əməllərinə baxanda onun əziz və parlaq xatirəsi milli yaddaşda həmişə zikr ediləcək, xatirəsinə sayğılar duyulacaqdır.