Oqtay Gülalıyev sərbəst nəfəs almağa başlayıb - YENİLƏNİB

Oqtay Gülalıyev sərbəst nəfəs almağa başlayıb - YENİLƏNİB

09-11-2019 12:55 / Bu xəbər 358 dəfə oxundu

Əli Gülalıyev atasının son durumu haqqında məlumat yayıb.
 
O bildirib ki, Oktay Gülalıyevin KT nəticələrini həkimlər açıqlayıb: "Həkimin dediyinə görə atamın beynində 3 hüceyrə tamamilə zədələnib. Bərpası mümkün olmayacaq. Bundan sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı çixacaq, 3 iləmi, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa heçnə".

"Həkim deyirki, bunlar Azərbaycanda adama nə ediblərsə, nə vurublarsa, bu xəstəni bu günə salıblar" -deyə o, əlavə edib.

Ə.Gülalıyev bildirib ki, artıq atası hüquq müdafiəçisi kimi fəaliyyət göstərə bilməyəcək:
 
"Atam bu ölkə üçün hər şeyi gözə aldı. Məni bıçaqladılar, şəxsimə qarşı saxta cinayət işi açdılar, özünü təhdid etdilər, vəzifə təklif etdilər, amma o mübarizəsini saxlamadı. Atam bu ölkə üçün, insan haqları üçün əlindən gələndən çoxunu etməyə çalışdı, təəssüf, artıq edə bilməyəcək. Bundan sonra əzab içində, həyatla mübarizə aparacaq".

***
 
Hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu hələ də ağırdır.

Bu barədə oğlu Təbriz Gülalıyev məlumat yayıb.

O bildirib ki, atasının durumunda irəliləyiş yoxdur: "Atanın durumu hələ də ağırdır. Süni nəfəs aparatından çıxarılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur".
 
Hüquq müdafiəçisinin yoldaşı Firuzə Gülalıyeva Toplum TV-yə bildirib ki, Oqtay Gülalıyevin süni nəfəs aparatından ayrılması yaxşı hal olsa da, bu, hələ sağalması, komadan çıxması demək deyil: "Həkimlər deyir ki, xəstənin sol beyin yarımkürəsi, demək olar ki, tam zədələnib və ödemlə doludur. Bizim üçün əsas olan beyinin oyanması, ödemin azalmasıdır. Komadan çıxması üçün əsas olan budur".

Həmçinin Firuzə Gülalıyeva əlavə edib ki, həkimlər onun nə zaman komadan çıxacağını bilmirlər: "Bu gün səhər saatlarında onu KT ediblər, cavabı isə günortadan sonra məlum olacaq. Həkim dedi ki, KT nəticələrindən sonra həkimlərlə konsultasiya edəcəklər. Və bir dərman var, onu 5 gün istifadə edib, beyninə necə təsir edəcəyinə, komadan nə qədər çıxara biləcəklərinə baxacaqlar".

"Bilirəm Oqtay bəyin nəfəs almasını yüksək qiymətləndirib, onun vəziyyətinin yaxşı olduğunu yazırlar. Amma həkimlərin dediyi kimi, bu onun komadan çıxması demək deyil" - deyə, o sonda vurğulayıb.

Oqtay Güləliyev 29 oktyabr axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Daha sonra isə Oqtay Gülalıyev ambulans təyyarə ilə İstanbula çatdırılıb. O, hazırda Türkiyənin Avrasiya Xəstəxanasında müalicəsi davam etdirilir.