Oqtay Gülalıyev Türkiyədə başqa xəstəxanaya köçürülüb

Oqtay Gülalıyev Türkiyədə başqa xəstəxanaya köçürülüb

19-11-2019 17:01 / Bu xəbər 795 dəfə oxundu

Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.

Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz "Facebook" hesabında məlumat verib.

"Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - T.Gülalıyev əlavə edib.

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. 

Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. 

Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - "28 May" küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. 

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.