Oqtay Gülalıyevin işi məhkəməyə göndərildi

Oqtay Gülalıyevin işi məhkəməyə göndərildi

20-10-2020 18:03 / Bu xəbər 746 dəfə oxundu

İş hakim Azər Tağıyevin icraatındadır

Bir ildir ki, komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla bağlı cinayət işinin istintaqı başa çatıb. 

Cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədən Meydan TV-yə bildirilib ki, bu iş hakim Azər Tağıyevin icraatına verilib: "İş hakimin icraatına oktyabrın 20-də verilib. Ona görə hələ məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil. Qanuna görə, hazırlıq iclası 15 gün ərzində keçirilməlidir”.

Məlumatı prosesdə zərərçəkmiş O.Gülalıyevin nümayəndəsi qismində iştirak edən vəkil Fuad Ağayev də təsdiqləyib.

O.Gülalıyevin vurulduğu avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi "Hyundai” markalı avtomobillə onu vurub. 

Sürücü dərhal O.Gülalıyevi Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, O.Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən "Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 

Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxındır ki, orada müalicə olunur.

Kənan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Kənan Abdullayev hüquq müdafiəçisinin qəsdən vurulması barədə iddiaları rədd edir. O bildirib ki, bu barədə deyilənlər əsassızdır. 

Oqtay Gülalıyevi hadisədən əvvəl tanımadığını, ona qarşı qərəzi olmadığını deyən sürücünün sözlərinə görə, hadisə onun diqqətsizliyi nəticəsində baş verib.