Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi

Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi

19-01-2021 18:27 / Bu xəbər 435 dəfə oxundu

Firuzə Gülalıyeva xərclərin klinika tərəfindən qarşılanmasını istəyir

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb, məhkəməyə göndəriləndə həkimlərin məsuliyyətinin araşdırılması məqsədilə ondan başqa bir iş də ayrılıb. 

Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva klinika və həkimlərlə bağlı cinayət işinin istintaqının tamamlanmaması, bu işin məhkəməyə göndərilməməsindən narazıdır. F.Gülalıyeva Baş prokuror Kamran Əliyevə məktubunda bu barədə yazıb.

F.Gülalıyevanın sözlərinə görə, bundan öncə özü, ailənin qanuni nümayəndəsi Mehman Əliyev, vəkili Fuad Ağayev bir neçə dəfə prokurorluğa müraciət edib. 

Sentyabrın 19-da Nəsimi rayonunun prokuroru Həsən Hənifəyev ailənin vəkili və qanuni nümayəndəsini qəbul edib və xəstəxanada baş verənlərlə bağlı cinayət işinin istintaqının yekunlaşdırılaraq, məhkəməyə göndərilmək üzrə olduğunu bildirib. 

O görüşdən 4 ay keçsə də, istintaq hələ tamamlanmayıb: "Sizə müraciət etməyimizdə məqsəd bu məsələni şəxsi nəzarətinizə götürüb, prosesin sürətləndirilməsini təmin etməyinizdir. Xahiş edirik, həyat yoldaşımın başına gətirilənlərə hüquqi qiymət verilməsindən ötrü məhkəmə prosedurunun başlanması üçün gərəkli işlərin tezliklə görülməsinə dair tapşırıq verəsiniz”.

Hazırda O.Gülalıyevin durumunun orta-ağır qiymətləndirildiyini deyən həyat yoldaşı bildirib ki, tibb bacıları və ailə üzvlərinin göstərdiyi yardımları hesablamadan, təkcə Türkiyədən gətirilməli dərmanlara görə 9300 manat pul tələb olunur. F.Gülalıyeva hesab edir ki, müalicə xərclərinin qarşılanması "City Hospital”ın rəhbərliyindən tələb olunmalıdır. 

O, tələbini də belə əsaslandırır: "Hadisə baş verdikdən sonra Oqtay Gülaliyev öncə 1 saylı Kliniki Tibbi Mərkəzə, saat 23 radələrində oradan "City Hospital”a köçürülüb. Bu hospitalda onun əməliyyatı daha 13 saat gecikdirilib. Oktyabrın 30-da saat 12 radələrində Oqtay bəyin ən kritik vəziyyətində onu əməliyyata aparıblar. Əməliyyat ancaq Səhiyyə Nazirliyinin bu işə müdaxiləsindən sonra, nazirliyin göstərişilə Respublika Neyrocərrahiyyə Xəstəxanasından göndərilən həkimlərin sayəsində baş tutub. Oqtay bəyin durumu qeyri-stabil olduğundan müalicəsinin davam etdirilməsi üçün Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın göstərişilə 2019-cu il noyabrın 5-də Türkiyəyə aparılıb. 2020-ci il noyabrın 6-da yenidən Bakıya geri gətirilib, hazırda müalicəsi ev şəraitində davam etdirilir. Baş verən hadisədən 14 ay keçməsinə baxmayaraq, Oqtay Gülaliyev hələ də koma vəziyyətindədir. Neyro-mütəxəssislərin və həkimlərin də söylədiyi kimi, həyat yoldaşımın bu durumda olmasına səbəb onun əməliyyatının aşırı səviyyədə gecikdirilməsidir. Həkimlər tərəfindən verilən rəylərdə də qeyd edilir ki, Oqtay Gülaliyevin beynində qanaxma olduğundan dərhal əməliyyata alınmalıydı. Amma 13 saat ərzində o, heç bir neyrocərrah, həkim nəzarəti altında olmayıb. Oqtay Gülaliyevin koma vəziyyətində gətirilməsinə səbəb "City Hospital”ın həkimlərinin səhlənkarlığı olduğu halda, xəstəxana rəhbərliyi ötən 14 ay ərzində məsuliyyətə cəlb edilməyib”.

"Baku City Hospital”ın həkimləri isə O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə onun həyat yoldaşının məsuliyyət daşıdığını bildirir.