Oqtay Şirəliyev vəzifəsindən azad edildi

Oqtay Şirəliyev vəzifəsindən azad edildi

23-04-2021 16:57 / Bu xəbər 3375 dəfə oxundu

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunub.

Bu barədə Prezident İlham Əliyev aprelin 23-də sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Teymur Musayev Səhiyyə nazirinin birinci müavini təyin edilib və nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilib. Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

1950-ci ildı Bakı şəhərində həkim ailəsində anadan olan Oqtay Şirəliyev 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.

O, 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.

Oqtay Şirəliyev 2005-ci ildən Azərbaycanın Səhiyyə naziri vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvü olan O.Şirəliyev 2015-ci ildə Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.