Orta məktəbdə yeni innovativ dərs
30-10-2023 15:17 / Bu xəbər 1138 dəfə oxundu
Oğuz rayon Calut kənd tam orta məktəbinin ibtidai sinif müəllimi 3-cü sinif "Ana dili" dərsliyindəki "Müsahibə” adlı mövzunu şagirdlərə maraqlı bir tətbiqetmə metodu ilə keçib.
Dərslərini daim fərqli, yaddaqalan, maraqlı üsullarla keçməyi sevən Günel İbrahimova mövzunun mahiyyətini anlatmaq məqsədilə şagirdlərin özünü müxbir seçib.
"Balaca müxbir”lərin müsahibi isə məktəbin müəllimləri olub.
Müxbirlər müsahiblərinə suallar ünvanlayıb, müəllimlər isə böyük həvəs və məmnuniyyətlə sualları cavablandırıb.
Günel İbrahimova deyir ki, bu proseslər birbaşa sinifdə icra olunub: "Gələcəyin parlaq zəkalı şəxsləri olacaq körpə fidanlar üzərilərinə düşən işi peşəkarlıqla yerinə yetirməyə çalışdılar. Maraqlı məqamlardan biri isə bu idi ki, şagirdlərinin bu qabiliyyət sərgisi təşkil etdiyimiz "Xəbərlər " vasitəsilə yayımlandı. Ümumən, biz bir neçə ildir ki, yeni innovativ dərslər təşkil etməklə şagirdlərin təhsilə, elmə, gələcəyə marağını daha da artırmağı hədəfləyirik".
Günel İbrahimova koronavirus pandemiyası dövründə onlayn "Son zəng" təşkil etmişdi.
O, Elm və Təhsil Nazirliyinin elan etdiyi VI qrant müsabiqəsinin qalibi olub.
Həmçinin kiçik hekayələr müəllifi kimi tanınır.