Ortada radikal demokratik siyasi görüş yoxdur

Ortada radikal demokratik siyasi görüş yoxdur

17-05-2020 19:24 / Bu xəbər 1490 dəfə oxundu

Son 10 ildə yaranan hər bir siyasi təşkilat ya AXC-Müsavata, ya YAP-a, ya da AMİP-ə bənzəyir

Anar Məmmədli
Hüquq müdafiəçisi

Azərbaycan siyasətində ciddiyyət axtarışı gülünc doğurur.

20 ildən artıqdır, bu ölkədə "klanlararası mübarizə” mövzusu müzakirə olunur. Amma ortada cəmi bircə hakim klan var, ikincisi yoxdur. 

Hələ də hakimiyyətdə təmsil olunan digər klanları tapıb göstərən "ağıllı" yoxdur. Klan dediyin heç olmazsa, ibtidai özünmüdafiə instiktinə malik olar, şəbəkəsi olar, ən azı kimsə klan üzvünü həbs etməyə gələndə ictimai hadisəyə çevrilər. Amma belə örnəklər yoxdur.

Və yaxud götürək konstruktiv və destruktiv müxalifət bölgüsü barədə siyasi boşboğazlığı. Əslində bütün siyasi qüvvələr, hətta onlarla üzvü həbsdə olan Müsəlman Birliyi Hərəkatı da konstruktiv müxalifət qüvvəsi kimi mübarizə aparır. Ölkədəki siyasi qüvvələr hakimiyyətə münasibətdə loyallara və barışmazlara bölmək olar. 

Bu qrupların əksəriyyəti seçkili hakimiyyət orqanlarının qəsb olunduğunu iddia edir. Amma rahatlıqla hakim siyasi qüvvə ilə hər seçki sonrası dialoq adı altına bir masa arxasında otura bilərlər. Nəticədə bütün siyasi qüvvələrin bir çatışmazlığı ortaya çıxır: radikal demokratlıq.

Radikal demokratik siyasi qüvvə əlinə silah almaq və ya söyüş leksikonuna yiyələnmək deyil. Məsələn, təsəvvür edin ki, ölkəniz işğal olunub və siz fövqəladə vəziyyət şəraitində yaşayırsız. Küçəyə çıxma qadağanız var. 

Toplantılar, qəzet çapı və sair qadağan edilib. İşğal qüvvələri beynəlxalq tənqidləri yumşaltmaq və yerli əhalinin milli dirənişinə rəvac verməmək üçün seçkiləri imitasiya edir, bəzi siyasi partiyalarla hərdən görüşür və sair imtiyazlar tanıyır. 

Amma nəticə dəyişmir, işğalın ömrü uzanır. Biz həmin durumdayıq. Və belə bir durumda problem gündəlik siyasi həyatda deyil, uzunmüddətli siyasi strategiyanın olmamasındadır. Bu illərlə belə olub. Səbəb isə çox sadədir. 

Bu qrupların siyasi baqajı 1993-cü ildə kiçik bir siyasi böhranla çökən AXC-Müsavat hakimiyyətinə və yaxud siyasi müxalifətçiliyin ən pis örnəyini göstərmiş YAP və AMİP-in siyasi mirasından formalaşıb. 

Daha fərqli siyasi baqajımız olsaydı, Qərb və onun transmilli maliyyə çevrələri 30 il ərzində bir siyasi klanı dəstəkləməzdi. Ona görə də son 10 ildə yaranan hər bir siyasi təşkilat ya AXC-Müsavata, ya YAP-a, ya da AMİP-ə bənzəyir, çünki ortada radikal demokratik siyasi görüş yoxdur.