Oğuzda FHN-in “söndürdüyü” yanğın davam edir

Oğuzda FHN-in “söndürdüyü” yanğın davam edir

04-09-2022 00:57 / Bu xəbər 947 dəfə oxundu

Oğuz rayonunda da meşə yanğınları başlayıb. 

Bu barədə "Toplum TV"-nin hadisə yerində olan əməkdaşı məlumat verib.

O bildirib ki, hazırda rayonun Muxas kəndində meşə yanğınları davam edir.

Yanğın sentyabrın 2-də, saat 16:00 radələrində başlayıb. 

Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hələ də hadisə baş verən əraziyə getməyiblər.

O qeyd edib ki, ərazidə Daxili İşlər Nazirliyinin Post-patrul Xidməti fəaliyyət göstərir.

Kənd sakinlərinin dediyinə görə, Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri 2-3 dəfə yanğını söndürməyə cəhd edib, amma qarşısını ala bilməyib.

Qurumun əməkdaşları isə ümumiyyətlə, ərazidə görünməyiblər.

Artıq 5 hektardan çox ərazinin yandığı deyilir və yanğının əhatə dairə genişlənir.

Kənd sakinlərindən bəziləri iddia edirlər ki, bir müddət əvvəl meşədəki ağacları kəsiblər, indi də izi itirmək üçün meşə qəsdən yandırılır.  

FHN-nin yaydığı açıqlamada qeyd edilir ki, Muxas kəndində başlayan yanğın söndürülüb, lakin yanğın hələ də davam edir.

Yanğının səbəbilə bağlı hələlik dəqiq məlumat yoxdur.  

Son 1 ayda Şabran, Quba, Zaqatala da daxil olmaqla bir neçə rayonda meşə yanğınları baş verib.