Ova niyə moratorium qoyulmur?

Ova niyə moratorium qoyulmur?

10-12-2019 12:54 / Bu xəbər 259 dəfə oxundu

Özbaşına brakonyerlər və məhv edilən canlı təbiətimiz. Qanunsuz ovçuluğun qarşısını kim almalıdır?

Azərbaycanda brakonyerlik ölkənin bütün sahələrini caynağına alıb. Cəmiyyətdə baş verən problemlərdən, onsuz da, çox yazırıq. Budəfəki yazımız ətraf mühitin, canlı təbiətin başına gətirilən bəlalar haqqında olacaq. 

Azərbaycanın təkcə təbii sərvətlər baxımından deyil, canlı təbiətin rəngarəngliyi sarıdan da dünyanın zəngin ölkələrindən biri olduğu kimsəyə sirr deyil. Amma gəlin görək, o sərvətləri layiqincə qoruyub mühafizə edə bilirikmi? Başlayaq, son illər turizmin inkişaf etdirilməsi proqramı çərçivəsində ölkəyə ayaq açan əcnəbi vətəndaşların ovçuluq macəralarından. 

Xatırlayırsınızsa, iki il əvvəl sosial şəbəkələrdə ərəb turistlərin ölkənin qoruq zonalarında paylaşdığı fotoşəkillər böyük səs-küyə səbəb olmuşdu. Sosial şəbəkə fəalları kampaniya edərək, ov silahları ilə vurulmuş onlarla nadir quşların və heyvanların şəklini paylaşan ərəblərin cəzalandırılmasını tələb etmişdilər. Həmin hadisədən sonra Ekologiya və Təbii Sərvətlər hərəkətə gəldi və ölkədə qanunsuz ov edən xeyli ərəb turistin cəzalandırıldığı xəbəri yayıldı. 

Maraq üçün o məlumatlardan bəzilərini paylaşırıq. O zaman nazirlik məlumat yaydı ki, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 2016-cı ildə 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron, 44 qanunsuz ovlanmış quş və heyvan götürülüb, faktla bağlı 200 nəfər 193317 manat məbləğində inzibati qaydada cərimə edilib. Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba rayonlarının ərazisində və "Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.

Nadir növlərin kökü kəsilir

Sonrakı tarixlərə baxsaq, 2017-ci ilin yanvar-mart ayları ərzində də çöl quşlarının qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 65 vətəndaş saxlanılıb. İnzibati xəta törətmiş, qanun pozmuş şəxslər haqqında protokol tərtib edilib, 56 nəfərə 58136 manat məbləğində cərimə yazılıb və iddia qaldırılıb. Aprel ayında keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl göl” İstirahət Mərkəzində bir baş qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində iki baş Dağıstan turu və Fizuli rayonunun "Qarabağ” istirahət mərkəzində iki baş qonur ayının və 3 baş ceyranın qeyri-qanuni şəkildə təbiətdən götürülərək, qəfəslərdə saxlanılması aşkar edilib. 

Faktlar üzrə həmin istirahət mərkəzlərinin sahibləri haqqında protokollar tərtib edilib və hər biri inzibati qaydada 500 manat cərimə edilib. 2018-ci ildə də nazirliyin Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan 3 Səudiyyə Ərəbistanı vətəndaşı saxlanılıb. Qanun pozucularının hər biri 2000 manat cərimələnib. Həmin il Şirvan Milli Parkının ərazisində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər həbs olunub. 2018-ci ilin iyul ayı ərzində keçirilən reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. 

Yenə həmin il İsmayıllı rayonunun Basqal ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının ovlandığı məlum olmuşdu. Axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər saxlanılmışdı. Xatırladaq ki, qonur ayı ölkəmizdə nəsli kəsilməkdə olan növlərdən sayılaraq, adı "Qırmızı” kitaba düşmüş heyvandır. Ekspert qiymətləndirmələrinə görə Azərbaycanda onların sayı 500 – 700-ə qədər azalıb. Üç illik tarixə baxanda məlum olur ki, qanunpozmalar yenə də davam edir. Yaxın zamanlarda Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozan ərəblər saxlanılaraq 2000 manat cərimə edilmişdi. Faktların sayını xeyli artırmaq olar. Amma bu nəyi dəyişir ki? Əgər Ekologiya və Təbii Sərvətlər nazirliyi illərdir davam edən brakonyerliyin qarşısını ala bilmirsə, onun fəaliyyəti kimə və nəyə lazımdır? Bu gedişlə, gələcək nəsillər günümüzdə "soyqırım”ı aparılan heyvanların adını yalnız kitablardan oxuya biləcəklər.

Xəzərin məhv olan ekologiyası

Ölkədə böyük ekoloji problemlərdən biri də Xəzərin çirklənməsi məsələsidir ki, onun nəticəsində dəniz canlılarının bir çoxu tükənmək təhlükəsi ilə üzləşib. Mütəxəssislərin fikrincə, Xəzər dənizi özünü təmizləmə qabiliyyətinə malikdir, lakin əvvəllər bunu 2-3 ilə edirdisə, indi 8-10 ilə başa çatdırır. Bu da dənizin həddən artıq çirklənməsinin göstəricisidir. 2011-ci ildə Xəzəryanı ölkələr dənizin neftlə çirklənmə hallarına qarşı regional əməkdaşlığa dair Protokol imzalayıb. Amma ortada böyük bir nəticə görünmür. 

Mütəxəssislərin fikrinə görə, bu gedişlə Xəzərdə qızıl və nərə balıqları tükənə bilər. Qızıl balığın isə Azərbaycanda ümumiyyətlə kökü kəsilməkdədir. İxtioloqlar və bioloqlar hələ 8-9 il bundan əvvəl deyirdilər ki, 10 ildən sonra nərə balıqları Xəzərdən tamamilə yox ola bilər. 2000-ci ildə BMT nərə balığının altı növünü kökü kəsilməkdə olan heyvanlar siyahısına daxil edib. Vəziyyət o qədər çətinləşib ki, Avropaya və Amerikaya kürü satışına qadağa qoyulub. Buna baxmayaraq bütün Xəzəryanı ölkələr qadağa qoyulmuş, hətta 10 yaşına çatmayan nərə balıqlarını ovlamaqla məşğuldurlar. 

İxtioloqlar xilas yolunu, kürülərin qorunub saxlanıldığı yerlərdə şəraiti yaxşılaşdırmaqda, Xəzərdə nərə balıqlarını qorumaq üçün brakonyerliyi aradan qaldırmaq, nəzarəti gücləndirməkdə görürlər. Yadınızdasa, illər öncə bir alman şirkəti Xəzərin təmizlənməsi üçün ölkə rəhbərliyinə təklif vermişdi, amma o təklif hansı səbəblərdənsə rədd edildi və nəticəsi də göz önündə.

Bütün bunları kim etməlidir? Ekologiya və Təbii Sərvətlər nazirliyi son illər canlı təbiətin qorunması məqsədilə hansı proqramları həyata keçirib? Maraq üçün xatırladım ki, BP şirkəti ölkədə tikinti işlərinə başlayanda ətraf mühitin mühafizəsi üçün götürdüyü öhdəlik üzrə təkcə Səngəçaldakı adı "Qırmızı Kitab”a salınmış Aralıq dənizi tısbağasının qorunmasına on minlərlə pul xərcləmişdi. Şirkət dəniz layihələri zamanı səs-küyün təsirinə məruz qalan, adı "Qırmızı Kitab”a salınmış Xəzər suitilərinin mühafizəsi üçün də xüsusi proqram həyata keçirmişdi. 

Son illər ETSN-in ətraf mühitlə, canlı təbiətin mühafizəsi ilə bağlı həyata keçirdiyi hansı yaddaqalan kampaniyanı xatırlayırsınız? Arada Leyla Əliyeva Lənkəran zonasında leopardlarla bağlı bir layihə həyata keçiriləcəyini bildirmişdi ki, o söz də havada qaldı. Zamanında Azərbaycanın meşələri heyvan və quşlarla, dəniz və çayları balıqla dolu idi. İndi onların çoxu nəsli tükənməkdə olan növlərə çevrilib. Mütəxəssis rəyləri öz yerində, amma biz də hesab edirik ki, ölkədə nəsli kəsilməkdə olan canlıları qorumaq və brakonyerliyin qarşısını almaq üçün ovçuluğa müəyyən müddətlik moratorium qoyulmalıdır. ETSN-in naziri Muxtar Babayev belə bir təkliflə çıxış etsə, ictimaiyyətdən böyük dəstək almazmı?

"Azadlıq" qəzeti