“Paddinqton 3” filmi Azərbaycan dilində nümayiş olunub

“Paddinqton 3” filmi Azərbaycan dilində nümayiş olunub

28-11-2024 02:41 / Bu xəbər 426 dəfə oxundu

"Dəniz Mall” TM-də yerləşən "CineMastercard” premium kinoteatrında Azərbaycan dilində peşəkar dublyaj olunan "Paddinqton 3” ailə komediyasının təqdimatı keçirilib.

Tədbirdə təkcə böyüklər deyil, uşaqlar, həmçinin "Mastercard” beynəlxalq ödəniş sisteminin "Priceless” təcrübələr çərçivəsində dəvət olunan şəxslər, ictimai xadimlər, jurnalistlər, blogerlər və digər qonaqlar iştirak edib.

"Paddinqton 3” - "StudioCanal”ın istehsal etdiyi və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir.

Filmdə baş rolları "Oskar” mükafatçısı Oliviya Kolman, "Oskar” namizədi Antonio Banderas, BAFTA namizədi Emili Mortimer və Karla Tous canlandırıb. Filmə həmçinin franşizadan tanıdığımız aktyorlar Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin çəkilib.

Lüsi xalanı yenə İmelda Stonton, Paddinqtonu isə Ben Uişou (BAFTA mükafatı laureatı) səsləndirib.

Filmin süjetinə gəlincə, Paddinqton və Braun ailəsi ayı balasının vətəninə - Peruya yola düşür. Lakin orada məlum olur ki, Paddinqtonun sevimli xalası Lüsi müəmmalı səbəbdən səyahətə çıxıb. Bütün ailə geniş Amazonun çayları, meşələri və dağ zirvələri ilə onun ardınca maraqlı bir macəraya başlayır.

Film əvvəlki hissələrdən fərqlənir. 

Əvvəllər hadisələr Paddinqtonun dogma yuvasına çevrilən Braun ailəsinin Londondakı evindən başlayırdı. Amma indi hər şey başqadır - Braunlar vəhşi təbiətə doğru gedir. Bu səyahət zamanı personajların hər biri özləri və ailədəki yeri haqqında yeni bir şey başa düşürlər. 

Sınaqlar onların bir ailə kimi birləşməsinə kömək edir.

"Paddinqton 3” tamaşaçılara xatırladır ki, harada olmağınızdan asılı olmayaraq, siz həmişə öz əsl evinizi tapa və dünyanı yaxşılığa doğru dəyişdirə bilərsiniz.

Film tərəfdaşların təşəbbüsü ilə "Cinema Distribution”, "CineMastercard” kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə Azərbaycan dilinə peşəkar dublyaj olunub.

Bu iş filmin orijinal ab-havasını və ruhunu qoruyub saxlamaq, eləcə də personajların səmimi duyğularını tamaşaçılara çatdırmaq üçün əlindən gələni edən ixtisaslaşmış dublyaj şirkətinin təcrübəli komandasına həvalə edilib. Filmin yaradıcılarının ideyalarına uyğun olaraq personajların səslərinin və cizgilərinin təbii və üzvi səslənməsi üçün detallara xüsusi diqqət yetirilib.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik və Məmmədbağır Eyvazov səsləndiriblər.
Dublyajın rejissoru Vüqar Hüseynov, prodüser və səs rejissoru Teymur Kərimov, tərcüməçisi Aytən Nəsirlidir.

"Paddinqton 3” filmi noyabrın 28-dən etibarən "CineMastercard” premium kinoteatrlar şəbəkəsində nümayişə başlayacaq.

Ülviyyə