Pandemiya dövründə məişət zorakılığı

Pandemiya dövründə məişət zorakılığı

11-07-2020 19:13 / Bu xəbər 753 dəfə oxundu

Koronavirus pandemiyası zamanı elan edilmiş karantin dövründə dünyanın müxtəlif ölkələrində ailə zorakılığı halları 30%-dək artıb.[1] Azərbaycanda isə, rəsmi statistika olmadığından real vəziyyəti qiymətləndirmək çətindir.
 

Azərbaycanda vəziyyət
 

Hüquqşünas Rövşanə Rəhimli bu yaxınlarda ona müraciət etmiş, ailədaxili zorakılığa məruz qalmış qadının hekayəsini danışır: "Həmin qadın son vaxtlar əri tərəfindən mütəmadi zorakılığa məruz qaldığına görə mənə müraciət etmişdi. Dediyinə görə, yoldaşı evliliklərinin ilk illərində normal davranırmış, onlar yaxşı yola gedirlərmiş. Sonradan o, narkotikə meyllənərək, ailəsini tərk edib, başqa bir ölkəyə köçüb. Bir müddət sonra xaricdən zəng edərək, orada narkotik vasitələrin satışına görə həbs olunduğunu bildirib. Qadının sözlərinə görə, həyat yoldaşı həbsdən qayıdandan sonra ailəsinə münasibəti tam dəyişib. O, davamlı olaraq heç bir səbəb olmadan mübahisələr yaradıb, xanımına əl qaldırıb, təhqir edib, aşırı qısqanclıq sərgiləyib. Eyni zamanda qadın işə getdiyi vaxt onu gizli şəkildə təqib edib, işdən evə bir qədər gec gələndə zorakılığa keçib.”  Hüquqşünas danışır: "Qırx yaşlı xanım öz qazancı, gəliri ilə  ailəsini - yoldaşını və iki övladını dolandırırmış, həm də onun gəliri ərinin gəlirinə nisbətən çox imiş. Bu da, onun fikrincə, yoldaşına mənfi təsir edərək onda qıcıq yaradırmış. Məişət zorakılığı qurbanı olan qadının vəziyyəti koronavirus pandemiyası ilə mübarizə üçün tətbiq edilən karantin rejimi nəticəsində daha da pisləşib. Belə ki, bir yandan qazancı müəyyən qədər azalıb (bu hal yoldaşının ona qarşı qəzəbini bir qədər də artırıb), digər tərəfdən isə həftələrlə dörd divar arasına qapanmış ailə evin içində tüğyan edən gərginliyə psixoloji olaraq, tab gətirə bilməyib.  Kişi evdə hər xırda məqama qıcıqlanaraq, həmçinin uşaqlarına qarşı daha kobud davranmağa başlayıb. Qadın ümidsizdir, təssüf ki, bu situasiyadan çıxış yolu görmür. İllərlə əri tərəfindən zorakılığa məruz qalan, qorxu, təhdid içində yaşayan qadın özünə əminliyini itirib. Bütün bunlara baxmayaraq, yoldaşı ilə ayrılmaq fikrini ağlına gətirmir.” Qadın hüquqşünasa deyib ki, yolıdaşı onu hədələyib, boşansa,ə xəsarət yetirəcəyini bildirib. Yoldaşı tərəfindən mütəmadi izlənən və psixoloji gərginlik altında saxlanılan qadın məhkəməyə müraciət etməyə qorxur. Hüquqşünas R.Rəhimli, qadına psixoloji yardım almağ, hüquq mühafizə orqanlarına müraciət edərək, müvəqqəti "sığınacağa” yerləşməyi məsləhət görüb.  
 
Sosial işçilər, hüquq müdafiəçiləri, fəallar Azərbaycanda ailə-məişət zorakılığının karantin zamanı artdığını sadəcə ehtimal edir. Hələ karantindən əvvəlki dövrlərdə sosial mediada ailə-məişət zorakılığı halları haqqında xəbərləri tez-tez görmək olurdu. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın dediyinə görə, mediada dərc olunan məlumatlara əsasən monitorinq aparılıb. (Monitorinqdə iştirak edən elektron KİV mənbələri  https://oxu.az, Kirminal.az, Modern.az , Baku.az, Oxu24.az,  Milli.az , Qafqazinfo, Correct.az ,  Sonxəbər.az,  Teleqraf.com, APA.az,  olaylar.az,  xəzər.xəbər,  Publika.az,  Baku.tv,  Unikal.org,  DİN.mətbuat,  Trend,  New24.az) Bu monitorinqin (sənədin rəsmi adı: "Azərbaycan Respublikasında ailədaxili zorakılıq faktlarının elektron KİV-də  monitorinqi") nəticəsində məlum olub ki, mətbuatda işıqlandırılan halların daha çoxu ilin yanvar və mart aylarına aiddir: Yanvarda məişət zəminində 12 qətl, martda isə 22 qətl hadisəsi olub. Mart ayında 16 nəfərin sağlamlığına ziyan vurma faktı qeydə alınıb. Aprel ayında qətllərin sayı 4-ə enib, sağlamlığa zərər vurma üzrə 12 hal təsdiqlənib, həmçinin bir nəfər özünü öldürməyə çalışıb. Bunlardan çoxu Bakıda baş verib: 15 qətldən 7-si qadınların payına düşür, 8-i isə kişilərin; 22 sağlamlığa zərər vurmada 17 zərərçəkən qadın, qalanı kişilərdir. Sumqayıtda 2, Abşeron rayonunda 3, Şəmkir rayonunda da 3 nəfərin sağlamlığına zərər vurulub, Bərdədə isə 2 nəfər qətl edilib. Zorlama faktlarının sayı 11-dir, bunlardan 7-si Bakıda baş verib.
 

 
"Toplanmış məlumatların aylar üzrə göstəricisi, yanvar və mart  aylarında cinayət hadisələrinin fevral və aprel aylarına nisbətdə üstün olduğunu göstərir. Aprel ayında--koronavirus pandemiyası dövründə cinayət hadisələrinin olduqca aşağı səviyyədə olması, intihar və zorlanma hadisələrinin qeydə alınmaması həmin ayda karantin dövrü ilə əsaslandırılır. Maraqlı fakt odur ki, pandemiya dövrü üçün  psixoloji və iqtisadi çətin olan bir dönəmdə heç bir intihar halı qeydə alınmamışdır.  Faktın olmaması isə bir neçə ehtimalı irəli sürməyə əsas verir: Elektron KİV  yalnız pandemiya ilə bağlı məlumatları qeyd edib, qadına qarşı zorakılıq faktlarının qeydini əhəmiyyətli hesab etməmiş,  hərəkət məhdudiyyəti olduğundan  jurnalistlər üçün məlumatlar əlçatan olmamışdır." Hesabatda qeyd olunur.
 
 

 
35 illik evlilik müddətində Səmayə xanımın (ad şərtidir) xoşbəxt günləri çox az olub. Yoldaşı elə ailə qurandan onu təhsilindən məhrum edib, sonradan işləməyə də icazə verməyib. Ticarət sahəsində işləyən yoldaşının işsiz qaldığı da olub. "Düzdür, içki içmir, qumar oynamır, amma xasiyyəti çox ağırdır”, Səmayə xanım deyir, "xırda şeylərin üstündə -- çayını az isitmişəm, ya həkimdən bir az gec gəlmişəm, ya paltaryuyan maşını tokdan çıxarmayıb həyətə çıxmışam - çox əsəbləşirdı. Qabları başımda qırırdı, iki övladımız da bunları görürdü". Uzun, əzablarla dolu ailə həyatı bitsə də, keçmiş həyat yoldaşlarının ayrı yaşamaq imkanları olmayıb, eyni yataqxanada ayrı otaqlarda, amma bir məkanda qalası olublar. Karantin bu gərginliyi daha da artırıb. Evdən heç çıxa bilmədiklərindən əhval-ruhiyyələri pisləşib, şiddət artıb. Kişi qapını çırpıb, keçmiş həyat yoldaşına acı sözlər deyib, bıçaqla hədələyib. "Üstümə qışqırır, deyir ki, usta gətirib, evin içində divar tikdirim ki, mənim üzümü görməsin,”  Səmayə xanım danışır, "mənim buna imkanım var? Məcbur olub, dözürəm..."
 
Sosioloq və Sosial xidmətlər Mərkəzinin işçisi Sənubər Heydərovanın sözlərinə görə, zorakılıq qurbanlarının sayını hesablayanda, rəsmi statistikaya əsaslanmaq olmur: "Real vəziyyəti təxmin etmək üçün dərc olunan rəsmi rəqəmləri üç-dörd dəfə artırırıq və alınan rəqəmlərə əsaslanırıq. Bu mövzuda keçirilən tədqiqatlar yalnız dövlət tərəfindən təsdiq olunmuş tədqiqatlarlardır, digərləri isə  açıq deyil. Ona görə biz öz müşahidələrimizə  əsaslanırıq... Məsələn, qadınlar və uşaqlar səbirsizliklə gözləyirlər ki, kişilər, nəhayət, işlərinə getsinlər. Bu, ailədə zorakılığa meylli olan kişilərə aiddir. Elə ailələr var ki, istirahət günləri çox əziyyət çəkir, gərginlik içində yaşayır, baxmayaraq ki, bu ailə üzvüdür, ailə başçısıdır. Pandemiya dövrü həm də dolanışığa təsir edib,
bu da gərginliyi artırır. Və buna görə ehtimal edirik ki, karantin dövründən sonra boşanmalar çoxalacaq. Hüquqşünasların bizə verdikləri məlumata görə, boşanmaya aid müraciətlərin sayı artıb". Sənubər xanım tək qadınların yox, həm də uşaqların bu vəziyyətdə zorakılığa məruz qaldıqlarını vurğulayır: "Qonşularımdan belə görürəm ki, valideyinlərin də aqressiyası artıb. Adətən qadınları həyətə çıxarıb döymürlər, səs-küy çıxartmağa da imkan vermirlər, həm də ki, qadın bu haldan özü utanır və çox vaxt məruz qaldığı zorakılığı biruzə vermir. Əlbəttə ki, bu, statistika deyil, amma bir göstəricidir".
 

Sənubər Heydərova - audio yazını bu linkdən dinləyə bilərsiniz
 

Niyə Bakı?
 
Ramilə də (ad şərtidir) yoldaşı tərəfindən daima zorakılığa məruz qalıb. Hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, yoldaşı onu uşaqlarının əlindən alınması ilə hədələyib. Çıxılmaz duruma düşən Ramilə rayonda yaşayan valideynlərinin yanına getmək istəyib. Amma karantin şəraitinə görə, Bakıdan çıxa bilmir. Yoldaşının hədə-qorxularına, daimi təhdidlərinə qarşı polisdən kömək istəməkdən çəkinir.
 
M.Zeynalovanın verdiyi rəqəmlər zorakılıq hallarının daha çox Bakıda qeydə alındığını göstərir. Urbanistika üzrə müstəqil tədqiqatçı Anar Vəliyev danışır: "Ümumiyyətlə, şəhər həyatının qeyri-şəhər həyatından fərqi, tək yaşamda deyil, məhz şəhərin təmin etdiyi müxtəlif xidmətlərdədir. Bunlara həm mağazalar, ticarət mərkəzləri, həm kafelər, idman mərkəzləri, kinoteatrlar kimi asudə məkanlar, yəni şəhərdən kənarda əlçatmaz olan xidmətlər daxildir. Sadalanan yerlərə insanlar tək gördükləri xidmətə görə yox, həm də ünsiyyət, sosial əlaqələ qurmaqdan ötrü gedirlər. Karantin şəraiti bu əlaqələri kəskin şəkildə məhdudlaşdırdı. Bu, gərginliyin artmasına səbəb ola bilər. Dörd divar arasında qalan insanlar özləri üçün adiləşən xidmətlərdən və əlaqələrdən məhrum edilib, bu onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bu hallar isə ictimai və ailədaxili gərginliyi daha da artırır".
 
Statistikanın daha çox Bakıya aid olmasının başqa səbəbi də var. Media qurumlarının, fəalların çoxu Bakıda yerləşir. Pandemiya dövrü və dövlətin bununla əlaqədar qoyduğu məhdudiyyətlər həm də jurnalistlərin, fəalların məlumat almasını çətinləşdirib; jurnalistlərin çoxunun vəsiqələrinin və ya müvafiq icazələrinin olmaması regionlardan məlumat toplanmasının qarşısını alıb.
 
Pandemiya dövründə məişət zorakılığı bütün dünyada artıb: 30%

 
Koronavirus zamanı zorakılıq təhlükəsi bütün dünyada hüquq müdafiəçilərini və fəalları narahat edir. Karantin elan ediləndən sonrakı bir həftə ərzində dünyada, eləcə də Avropa ölkələrində zorakılıq hallarının 30% artdığı müəyyən edilib. "Human Rights Watсh"ın hesabatına görə, Çində karantin elan edildikdən sonra ailə zorakılığın artması müşahidə olunub. Krizis, karantın -- artmış stress, çətin yaşayış şəraiti, habelə ictimai institutlarının daha az əlçatan olması – ailə məişət zorakılığına effektini göstərib.[2]Fəalların yerli mediaya verdiyi məlumata görə, koronavirus pandemiyasının başlandığı ilk məkan-- Hubey vilayətində ailədə təcavüzlərin sayı keçən ilin fevral ayı ilə müqaisədə 47-dən 162-yə qalxıb.[3] Kataloniyadakı regional hakimiyyətin məlumatına görə, karantinin ilk günlərindən zorakılıq qurbanlarına dəstək olan xətlərə zənglər 20% artıb; Kiprdə isə qaynar xətlərə olan zənglərin sayı 30% çox olub. Fransada, həmçinin, karantinin iki həftəsində məişət zorakılığı 30%[4], Böyük Britaniyada qaynar xəttə daxil olan zənglərin sayı 8 dəfəyədək artıb[5]
 

 
Avropa Şurasının Qadın hüquqları və Gender Bərabərliyi Komitəsinin sədri Evelin Reyner Avropa Birliyini və üzv ölkələri koronavirus böhranı zamanı məişət zorakılığı qurbanlarına dəstəyi artırmağa çağırıb.[6]
 
Azərbaycanda durumun pisləşəcəyindən narahat olanlar var
 
Sumqayıtda yaşayan Nuşabənin (ad şərtidir) ev dustaqlığı karantin elan ediləndən illər əvvəl başlayıb. "Həyat yoldaşımla çox vaxt mübahisələrim olurdu,” o, danışır, "bir neçə dəfə mənə əl də qaldırıb. Polisə müraciət edib, ərizə yazdım. Düzdür, ona qarşı heç bir tədbir görülmədi, amma, düşünürəm ki, mənim belə qətiyyətli addım atmağım onu qorxutdu və o, mənə əl qaldırmaqdan çəkindi. Amma psixoloji zorakılıq daha da artdı”. Oğlunu atasıgilə gətirən Nuşabə deyir ki, karantin bəhanəsi ilə övladını görə bilmir: "Yoldaşım uşağı mənə qaytarmaqdan imtina edib, deyir ki, koronavirusa yoluxa bilər. Bir dəfə bulvarda görüşəndə uşağı heç bağrıma basmağa imkan vermədi. Bu çətin zamanda evdə tək, üstəlik, oğlumdan məhrum oldum".
 
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın sözlərinə görə vəziyyət gərgindir və zorakılıq hallarının artması ehtimalı yüksəkdir. Statistika olmadığına, dəqiq tədqiqat aparıladığına görə dəqiq rəqəmləri demək çətindir: "Amma sosial mediada da müşahidə etdiyimə görə, insanların psixoloji vəziyyəti qənaətbəxş deyil, nəzərə alsaq ki, qeyri-müəyyənlik də insanları ruhdan salır, orta statistik Azərbaycan ailəsi bunun ucbatından əziyyət çəkir. Sosial-iqtisadi gərginlik hər zaman ailə-məişət zoakılığın əsas təkanlarından olub. Və bu məntiqlə ehtimal edirəm ki, eyni, dar məkanda, şəxsi məkan olmayan yerdə, uzun müddət birlikdə qalmağa məhkum ailələr çox böyük gərginlik yaşamaqdadır. Qadınlara bu təqdirdə böyük yük düşür; həm ev işlərinin artması, bəzən bunları əsas işlə uzlaşdırmaq zəruriyyəti, maddi yardım almaq çətinlikləri...” Ekspert bu durumun getdikcə şiddətlənəcəyindən narahatdır.      
 
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin təsvir etdiyi mənzərə bir az fərqlidir. Onun sözlərinə görə, karantin elan ediləndən ailə-məişət zorakılığı zəminində olan cinayət işlərinin sayı azalıb: "Uşaqların atılma faktları, demək olar ki, azalıb. Bəli, sığınacağa (Azərbaycan Uşağlar birliyinin nəzdində olan uşaq sığınacağı) müraciətlər var. Karantın başlanandan bir-iki fakt olub, onlar da kirayə pulunu ödəyə bilməyən və evsiz qalmış uşaqlı qadınlar tərəfindən. İlk günlərdə ajiotaj yarandı, təqribən əlliyə yaxın qadın maddi durumlarının pis olması ilə əlaqədar bizə müraciət etdi. Amma küçələrdə kimsəsiz uşaqların sayı, cinayət işləri azalıb”.  Amma Birliyin sədri karantin bitəndən sonra məişət zorakılığı hallarının kəskin artacağını proqnozlaşdırır: "Yenidən iş yerlərinə bərpa olunmaq, əvvəlki həyatlarına qayıtmaq, biganəlik prosesinə qoşulmaq ailələrdə münaqişələrin artmasına gətirə bilər. İndiki zamanda sadəcə oturub, susurlar”.
 
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri M.Zeynalova K.Ağazadənin sözlərini təsdiqləyir. Onun sözlərinə görə, bu ərəfədə sığınacağa müraciətlərin çoxu sosial məsələlərlə bağlı olub: "Kirayə pulunu verə bilməmək, ailənin, uşaqların küçədə qalmaq ehtimalları var idi. Bir necə hal oldu, onlar əsasən rayonlarla bağlı idi. Rəsmi prosedura əsasən, Ailə, Qadın, Uşaq Komitəsi, Daxili İşlər Nazirliyi və biz operativ əməliyyatları keçirdik və müraciət eləyənləri sığınacağa qəbul etdik. Kimsə kanarda qalmadı, dərhal Daxili İşlər Nazirliyindən icazə alındı”.

Feminist fəal Gülnarə Mehdiyeva zorakılığın artması ehtimalını belə əsaslandırır: "Təcrübəmizdən bilirik, zorakılıqla üzləşmiş qadın, adətən, öz ata ailəsinə qayıtmağa meyllidir. Ailə isə bəzən rayonlarda, bəzən başqa ölkədə ola bilər. Və karantin hərəkəti məhdudlaşdırdığına görə evə qayıtmaq mümkün olmur. Çox vaxt zorakı yoldaşından ayrılmaq istəyən qadın uşaqları ilə birlikdə kirayə evə çıxır. Biz yığdığımız ianələrlə, onlara dəstək olmağa çalışırdıq, heç olmasa iş tapana qədər qadının bir-iki aylıq kirayə pulunu ödəyirdik. İndi karantinə görə imkanlar azalıb, iş tapmaq da çətindir. Və məncə, həmin qadınlar bu şəraitdə çıxılmaz vəziyyətdə qalır, heç yerə müraciət edə bilmir".
 
G.Mehdiyeva bir müddət Facebook sosial şəbəkəsində "Feminizm" adında qrupu idarə edib: "Qrupdakıların əksəriyyəti heç fəal da deyildi, çoxu öz hekayələrini paylaşmaq, bir məsləhət almaq üçün qrupa yazırdı, biz isə imkan daxilində onlara məsləhət verirdik, faydalı məlumatları paylaşırdıq, suallara cavab yazırdıq. Elə oldu ki, qrupun bir çox üzvünün evinə sahə polis müvəkkili gəldi. Sadəcə sorğu-sual etdilər, "Adın, soyadın, iş yerin, məşğuliyyətin nədir?" soruşdular. Həmin qrupla əlaqədar heç bir sual vermədilər. Amma, çox güman, bu, qrup üzvlərini qorxutdu və çoxu qrupu tərk etdi".
 
Bəs karantin şəraitində ailə-məişət zorakılığı halları olanda, çıxış yolu nədir?
 
Hüquqşünas, fəal Vəfa Rüstəm deyir ki, zorakılıq hallarının artdığını eşitsə də, məlumat toplaya bilmirlər, hərəkət məhdudiyyəti olduğundan belə xəbərlər yayılmır: "Bir neçə ay bundan əvvəl bir rəfiqəm mənə zəng etdi, həyat yoldaşı ilə "dava-qırğına” başladıqlarını dedi. Dərhal 102-ni yığdım. Sırada iyirminci nəfər idim. Təsəvvür edin ki, siz polisə zəng edirsiniz ki, ərim məni döyür, öldürür, qırx dəqiqə telefon xəttində gözləməli olacaqsınız. İndi 142 telefon xidmətini daxil etsələr belə (142 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttidir, sosial təminat, əmək qanunvericiliyi və s. xidmətlər üçün nəzərdə tutulub, dövlət tərəfindən sosial müavinət təyin ediləndən sonra bu xətt üzrə zənglərin sayı dəfələrlə artıb), insanlar nədənsə 102-ni yığırlar, bu isə xəttlərin məşğulluğunu daha da artırır”. Amma hər halda, zorakılıqla qarşılaşana fəal ilk növbədə polis şöbəsinə zəng etməyi tövsiyə edir: "Karantin qaydalarına baxmayaraq, zəruri halda həm də qaçıb polisə getmək olar, sms göndərməyə ehtiyac yoxdur”.
 
V.Rüstəm qeyd edir ki, Azərbaycanda qadın ailədə zorakılıqla qarşılaşanda polis onu çox vaxt yola verir: "İki kişi bir-birini döyürsə, bir kişi küçədə qadını döyürsə, bu, cinayət işidir, amma kişi qadını evin içində döysə və həmin qadın hüquq-mühafizə orqanlarına müraciət etsə, polis məsələni sülh yolu ilə həll etməyi məsləhət görür və "yaşaya bilmirsənsə, get məhkəməyə, boşan," deyib, məqamı mülki məsələyə çevirməyə çalışır.” 

Qısamüddətli mühafizə orderinin alınması da müəyyən problemlərlə üzləşdirir. V.Rüstəmli deyir ki, zorakılığa məruz qalan qadınların bəzən kifayət qədər savadı, biliyi olmur və orderin alınması çox vaxt aparır. Orderin alınmasını çətinləşdirən həm də prosedur qaydalarıdır. Azərbaycanda belə orderi vermək səlahiyyət İcra Hakimiyyəti orqanlarına həvalə edilib.[7] Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünas R. Rəhimli də təsdiqləyir ki, icra hakimiyyətinin bu səlahiyyətləri yerinə yetirməsi xeyli vaxt aparır: "Qərb ölkələrində belə bir orderin verilməsi hüququna hüquq-mühafizə orqanları malikdir və zərərçəkən onlara müraciət edib, qısa zamanda sənədi ala bilər. Bizdə isə bu iş mərhələ-mərhələ keçdiyinə görə proses ləngiyir.” R.Rəhimlinin sözlərinə görə, mühafizə orderi, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan respublikasının 22 iyun 2010-cu il tarixli 1058-IIIQ nömrəli qanunun 1.1.19-ci bəndində göstərilib. Order zorakılıq törədən şəxsin qurbanla münasibətlərinə qoyulan məhdudiyyət sənədidir. Bu sənəddə zorakı şəxsin qurbana münasibətdə müəyyən hərəkətləri sadalanaraq, qadağan edilir. Bura həm fiziki, həm psixoloji, həmçinin iqtisadi zorakılıq kimi qiymətləndirilən hərəkətlər daxil oluna bilər. Bu sənədin icrası icra və probasiya şöbələrinə həvalə olunur. Mühafizə orderinin tələbləri zorakılıq törədən şəxs tərəfindən pozularkən o, buna görə qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyətə cəlb olunmalıdır. Qanunun tələblərinə nəzər salsaq, əslində icra hakimiyyəti orqanı onlara müraciət edildikdən sonrakı 24 saat ərzində şikayəti araşdırmalı, məişət zorakılığını törədən şəxsə xəbərdarlıq etməklə zərərçəkmiş şəxsə 30 gün müddətinə mühafizə orderi verməlidir. Bu məsələlərdə "24 saat müddəti çox önəmlidir, ancaq praktikada çox vaxt icra hakimiyyəti orqanları bu müraciətləri vətəndaşların adi müraciətləri ilə bərabərləşdirir, ərizəni 15 gün ərzində araşdırırlar. Bu isə qanunun tələbinə tamamən ziddir.” Hüquqşünas R.Rəhimli deyir.
 
 
 
Təcavüzlə qarşılaşmış qadınlar sığınacağa da gedə bilərlər. Təəssüf ki, Azərbaycanda belə sığınacaqların sayı çox azdır. Avropa Şurası Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyanın (İstanbul Konvensiyası) izahlı hesabatında tövsiyə edilir ki, sığınacaqlarda əhalinin hər 10.000 nəfərinə bir yataq yeri (bir qadın və uşaq üçün) olmalıdır[8]. "Bizdə isə cəmi üç-dörd sığınacaq var. Orada da adam çox, vəziyyət gərgindir, ona görə qadınlar çox vaxt maddi duruma, ev şəraitinə, uşaqların bağça-məktəbinə görə, məcbur evlərinə qayıdırlar,” V. Rüstəmli xatırladır.
 
Məsələn, Avstriyada əhalinin sayı 8,858 min nəfər (2019-cu ilin məlumatıdır), yəni Azərbaycan əhalisindən bir milyon az olsa da, oradakı sığınacaqların sayı Azərbaycandakından on dəfə çoxdur.
 

V.Rüstəmli Azərbaycanda qərbdən fərqli olaraq, kifayət qədər sığınacaq, reabilitasiya mərkəzi olmadığını, üstəlik, illərlə zorakılıq qurbanı olan qadının məhkəməyə müraciət edərkən hakimdən "ailəni dağıtma” kəlməsini eşitdiyini vurğulayır, "Halbuki, ortada heç ailə yoxdur”, deyir. Onun fikrincə, qanun (Məişət zorakılığının qarşısı alınması haqqında Azərbaycan Respublikasının qanunu) yaxşı və kifayət qədər hərtərəfli olsa da, onun icraatı suallar doğurur.  
 
Dünya təcrübəsi: kodlar
 

Karantin elan edilmiş ölkələrdə qadınlara dəstək üçün müxtəlif üsullar tapılır. Məsələn, İspaniyada zorakılıqla qarşılaşmış qadınlar aptekə gəlib "Maska-19” istəyə bilərlər; bu, kod sözüdür, bunu eşidən aptek işçisi dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Oxşar sistemlər Fransa, Norveç, Almaniya, İtaliya və Argentinada işləyir. Həmçinin İspaniyada polisə zəng edib və zorakılıqdan heç bir söz istifadə etmədən məlumat vermək üçün xüsusi tətbiq yaradılıb.[9]  Polşada zorakılıq qurbanları kosmetika satan onlayn mağaza altında yaradılmış xüsusi qrupa müraciət edə bilərlər; zorakılıq qurbanı olduqları haqda məlumatı çatdırmaq üçün onlara, sifarış verib ünvanı yazmaq tövsiyyə olunur.
 
Qadın hüquqları üzrə fəal Gülnarə Mehdiyeva deyir: "Avstraliya hökuməti 150 milyon avstraliya dolları ayırıb ki, pandemiya dövründə zorakılıqdan əziyyət çəkənlərə dəstək ola bilsin. Azərbaycanda məhz məişət zorakılığı ilə bağlı qaynar xəttin olması barədə məlumat yayılmayıb. Ümumiyyətlə, Azərbaycan hökuməti bu məsələni diqqətdə saxladığını hər hansı formada bəyan etməyib. Lakin nəzərə alsaq ki, karantin dövrü həm də QHT-lərin və aktivistlərin zərərçəkənlərə kömək etmək imkanlarını məhdudlaşdırır, bu sektora xüsusi dəstək ayrıla bilərdi. Mağaza və apteklərdə qadınların müraciət edə bilməsi üçün şərait yaradılardı. Ya da qeyd oluna bilərdi ki, kimsə öz təhlükəsizliyinə görə narahat olub karantin rejimini tərk edirsə, onu cərimələmək və evə göndərmək əvəzinə, yardım göstərilsin”.

Məhdud iş rejiminə görə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamaq mümkün olmadı, amma komitənin saytındakı məlumatına görə, koronavirus pandemiyası zamanı artan məişət zorakılığı gündəmə gətirilib. Məlumatdan görünür ki, Azərbaycanda statistika aparılmır, amma komitəyə edilən müraciətlər, zənglər, müşahidələr "narahatlıq yaradıb”. "Sosial təcrid dövründə məişət zorakılığına və ya gender əsaslı zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi ilə bağlı iş aparılır. Davamlı olaraq, İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən monitorinq qrupları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır.” Komitənin məlumatında belə deyilir.
 
Hüquqşünas R.Rəhimli hər bir halda hüquq-mühafizə organlarına müraciət etməyi tövsiyə edir. "Evdən çıxa bilmirsinizsə, mütləq polisə zəng etmək lazımdır. Daxili İşlər Nazirliyinin 102 zəng xəttinə daxil olan şikayətlər rayon üzrə şöbələrə yönəldilir və ərazi üzrə sahə inspektoru ən qısa müddətdə şikayətçi ilə əlaqə yaradır. Belə hallarda sahə inspektorunun və ya sahə müvəkkilinin evə gələrək, şikayət ərizəsini evdə qəbul etməsini tələb etmək lazımdır. Polis öz növbəsində evdən çıxmaq imkanı olmayan zorakılıq qurbanının ərizəsini və izahatını qəbul etməyə borcludur.”

[1] https://en.m.wikipedia.org/wiki/Impact_of_the_COVID-19_pandemic_on_domestic_violence

[2] https://www.hrw.org/news/2020/03/19/human-rights-dimensions-covid-19-response#_Toc35446584 

[3] https://www.theguardian.com/society/2020/mar/28/lockdowns-world-rise-domestic-violence

[4]  https://www.france24.com/en/20200330-france-to-put-domestic-violence-victims-in-hotels-as-numbers-soar-under-coronavirus-lockdown

[5] https://www.theguardian.com/society/2020/apr/12/domestic-violence-surges-seven-hundred-per-cent-uk-coronavirus. 

[6] https://www.europarl.europa.eu/news/en/press-room/20200406IPR76610/covid-19-stopping-the-rise-in-domestic-violence-during-lockdown 

[7] http://www.e-qanun.az/framework/20131

[8] https://eige.europa.eu/thesaurus/terms/1439