Pandemiya zamanı dövlət nə etməli?.. - ANALİZ

Pandemiya zamanı dövlət nə etməli?.. - ANALİZ

17-05-2020 04:16 / Bu xəbər 1159 dəfə oxundu

Və ya problemlər gizli imkanlardır...

"Korrupsiyanı məğlub etmək üçün günahı olan dostlarının və qohumlarının həbsindən başla. Sən də, onlar da bunun səbəbini gözəl bilir..."                                                                                            (Sinqapurun keçmiş baş naziri Li Kun Yu)
III yazı 

Pandemiya bir çox dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi və sosial xarakterli çoxsaylı zəif tərəflərini "ifşa" etdi: bazar iqtisadiyyatının "seçilmişlərə” aid olması, inkişafdan və müasir trendlərdən xroniki geri qalması, "yalançı” statistika, səhiyyənin hazırlıqsızlığı, geniş yayılmış yoxsulluq və işsizlik, artan sosial bərabərsizlik və dini fundamentalizm, təhsildə "boşluq”lar, korrupsiya və s.

Ölkədə olan bütün bu neqativ hallara baxmayaraq, hər bir böhran, hər bir problem öz-özlüyündə gizli imkandır. Bundan istifadə edib siyasi hakimiyyət ölkədə bir növ "sıfırlanma” (şimal qonşularımızda dəbdə olan bir termin), "refresh” əməliyyatına start verməli, "gizli” imkanlardan istifadə etməlidir. Korrupsiya ilə həqiqi mübarizədən başlamaq isə ən gözəl addım olardı. 

Azərbaycan hökuməti pandemiyanın yaratdığı problemlərin (həm əhali, həm də biznes üçün) aradan qaldırılması məqsədilə "antiböhran” planını təsdiq edib və icrasına başladığını bəyan edib. 

"Tədbirlər Planı" çərçivəsində bir çox görüləcək işlərlərlə birlikdə ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdə tutulub. 

Rəsmilərin bildirdiyinə görə, belə amnistiyanın keçirilməsi iqtisadi artımın, investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi və "kölgə” iqtisadiyyatının qanuni sahəyə gətirilməsi məqsədilə həyata keçirilə bilər.

Böhran şəraitində bir çox dövlətlər kapital amnistiyası ilə əvvəllər "itirilmiş” aktivləri yerli iqtisadiyyata cəlb etməyə çalışıblar. Dünya təcrübəsi göstərir ki, "ağıllı” yanaşma ilə kapital və əmlakın amnistiyası "kölgə” iqtisadiyyatın daralmasına, makroiqtisadi vəziyyətin sabitləşməsi və iqtisadi artımın reallaşması üçün təsirli vasitələrdən biri ola bilər. 

Sırf xarici aktivlərlə yanaşı, ölkədaxili aktivlərin də leqallaşması böyük əhəmiyyət kəsb edəcək. Belə ki, bir çox hallarda xarici sərmayə adı altında bizim pullar "ofşorlardan” geri qayıdır, yəni ölkədə fəaliyyət göstərən xarici şirkətlərin bir çoxunun həqiqi sahibləri əslində bizim vətəndaşlardır. Belə vəziyyətdə bizlər əslində üç dəfə itiririk: ilk dəfə - kapital ölkədən qanunsuz olaraq çıxarıldıqda; ikinci dəfə - "xarici” şirkət vergilərdən yayınmaq və xarici valyutanı ölkədən çıxarmaq üçün "offşor” sxemlərdən istifadə etdikdə; üçüncü dəfə isə həmin "xarici" şirkətin qazandığı gəlir dividend formasında ölkədən yenidən çıxarıldıqda...

Ümumiyyətlə hesab edilir ki, kapital amnistiyası (və ya "iqtisadi amnistiya") termini Qərbdə II Dünya Müharibəsindən sonrakı illərdə meydana gəlib. İlk belə amnistiya tədbirləri İsveçrədə, faşist Almaniyasına məxsus bank əmanətlərinin və kapitalın amnistiyası edildikdə həyata keçirilib. Amnistiyanın nəticəsi olaraq İsveçrənin bank sistemi dünyanın ən möhkəm bank sistemlərindən birinə çevrilib. 

Təcrübədə, ən uğurlu iqtisadi amnistiyalardan biri İtaliyada (2001-2002) həyata keçirilmişdir. Həmin tədbirlərin ilk iki ayı ərzində ölkəyə 61 milyard avro geri qaytarılmış, yığılan vergi rüsumları isə 24 milyard avronu ötüb. Bundan başqa, belə amnistiya tədbirlərinin uğurlu İrlandiya (1988) və Türkiyə (1998) nümunələri də var. Uğursuz nümunələr kimi Belçikanı (2004-cü il,  planlaşdırılan məbləğin cəmi 6% -i ölkə xəzinəsinə daxil oldu), Gürcüstanı (2005-ci il, 35 min dollarlıq kapitalla cəmi 8 nəfər amnistiyadan istifadə edib) qeyd etmək olar.

Dünya praktikasında, "iqtisadi amnistiya” (buraya vergi amnistiyası da daxildir) dedikdə ilk olaraq biznesin "qara” əməllərinin leqallaşması nəzərdə tutulsa da bizim reallıq əksini deyir – bu tədbirlər əsasən məmur və onların qohumlarının (yaxın və uzaq) qanunsuz yolla əldə olunanın "leqallaşması” nəzərdə tutulmalıdır. İlin əvvəlindən başlayan həbslər və istintaq tərəfindən nümayiş etdirilən görüntülər heç kəsdə təəccüb doğurmadı, ölkə əhalisi əmindir ki, yüksək və orta çinli məmurların əksəriyyəti görüntülərdə və rəsmi məlumatlarda qeyd olunan sxemlərlərlə (dövlət pulunu mənimsəmək, ”otkat”, rüşvət müqabilində işə qəbul, şəxsi biznesin qurmaq və biznez rəqiblərinin qanunsuz yollarla "sıradan” çıxarmaq) uzun illərdi işləyirlər və məhz bu səbəbdən də əməkhaqqı 1000-2000 manat olan dövlət işlərinə can atırlar. Deməli, belə amnistiya hətaya keçirilərkən məhz (əsasən) bu "kontingentə” uyğun sistem işlənib hazırlanmalıdır. 
 
"Vəzifəni pulnan alanlar ondan mənfəət götürməyə tez alışırlar". 
                                                              (Aristotel)
 
Ölkə başçısı tərəfindən korrupsiyaya qarşı mübarizə rəsmi olaraq məqsəd kimi müəyyən edilib, lakin bu sahədə aparılan fəaliyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Düzdür, bir tərəfdən "ASAN” xidmət mərkəzləri şəbəkəsi vasitəsi ilə dövlət sektorunda aşağı səviyyəli korrupsiyanın (məişət korrupsiyası) qarşısı effektiv olaraq aradan qaldırılmış,  sahibkarlıq fəaliyyətinə təzyiqlər, xırda rüşvətin məcburi alınması halları xeyli azalıb (vergi və gömrük sistemində). Digər tərəfdən isə hamı anlayır ki, son həbslər belə ayberqin görünən üst qatıdır, böyük mozaikanın balaca bir parçasıdır və korrupsiyanın dövlət qulluğunun yuxarı səviyyələrində aradan qaldırılması ilə bağlı fəaliyyət isə "ürəkaçan” deyil. Təsadüfi deyil ki, "Amnesty İnternational" qeyri-hökümət təşkilatının illik tərtib etdiyi hesabatlarda Korrupsiya Qavrama İndeksinə (CPİ) görə Azərbaycan sıralamada daima ikinci yüzlükdə yer alır. 2019-cu il üçün açıqlanan reytinqə görə (http://transparency.az/wp-content/uploads/2020/01/CPI2019_Report_EN-PRINT.pdf)) dövlətimiz 180 ölkə arasında 30 balla Cibuti, Qırğızıstan və Ukrayna ilə birlikdə 126-129-cu yerləri bölüşür.
 
Kapitalın və əmlakın amnistiyası ilə parallel olaraq böyük miqyasda kompleks tədbirlər görülməsə hökümət, elan etdiyi və qarşısında qoyduğu məqsədlərə çata bilməz, bu addımların səmərəliyi heçə enər, bir sözlə yenidən korrupsiya ilə mübarizə "imitasiyası”ndan yan keçə bilməz. Gəlin, bir-bir kompleks tədbirlərin nədən ibarət olmasını araşdıraq. 

Araşdırmada şəffaflığın təmin edilməsi, vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarının aradan qaldırılması və dövlət institutlarına ictimai inamın bərpa edilməsi məqsədilə bəzi təkliflər irəli sürüləcək.  


1. Vəzifə şəxslərin maliyyə xarakterli məlumatların təqdim edilməsi. 

Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 sentyabr 2005-ci il tarixdə təsdiq edilmiş Qanunla Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası təsdiq edilib. Həmin Konvensiya ilə Azərbaycan Korrupsiya ilə mübarizə ilə bağlı bir çox öhdəliklər götürüb. 

Onlardan biri də vəzifəli şəxslərin maliyyə xarakterli məlumatların bəyan edilməsi sisteminin yaradılmasıdır (maddə 8). Konvensiyaya uyğun korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, bununla bağlı Fəaliyyət Planları və "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun (bundan sonra "Qanun”) əsas elementlərindən biri olan vəzifəli şəxslərin maliyyə bəyannamələrinin təqdim edilməsi haqqında Qanun 2005-ci ildə qəbul edilsə də hələ də icra olunmamış qalıb.
 
Belə ki, "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti iki ay müddətində bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
 
Bundan başqa, vaxtaşırı təsdiq edilən Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planlarının (2007-2011, 2011-2015, 2019) tərkib hissəsi kimi Qaydalarda əsk olunan bəyannamənin forması və təqdim edilmə qaydasının hazırlanması, Qaydaların təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin, 15 il keçməsinə və üç Baş Nazirinin dəyişməsinə baxmayaraq bunun icrası təmin olunmamışdır.  Belə olan, əlbəttə ki, korrupsiya ilə effektif mübarizədən danışırıqsa ilk olaraq qeyd olunan Fərmanın icrasından başlayıb qısa zamanda bunun həll olunması təmin edilməlidir.

• Kimlər bəyannamə təqdim etməlidirlər?

Qaydalara əsasən, bu qaydalar Qanunun 2-ci maddəsində qeyd olunan şəxslərə şamil edilir:
- Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
- xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
- inzibati vəzifə tutan dövlət qulluqçuları;
- dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
- Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
- yuxarıda qeyd olunan vəzifəli şəxslərin ailə üzvləri (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) 

 Təkliflər: 

a) Bəyannamə verən vəzifəli şəxslərin sırası genişləndirilməli və qeyd olunan şəxslər siyahıya əlavə edilməlidir: dövlətin nəzarət səhm zərfinə sahib olduğu  təsərrüfat subyektləri ilə kifayətlənməyərək dövlətin payı 30% olan təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, dövlət tərəfindən maliyyə və qrant alan təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, dövlət satınalınmalarında iştirak edən təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, yeni yaradılacaq nəzarət edən orqanın vəzifəli şəxsləri (üzvləri);

b) Qanunvericiliyin bu hissəsində vəzifəli şəxslərin "ailə üzvləri” və "birgə yaşayan” terminlərdən imtina olunmalı, həmin siyahı vəzifəli şəxslin yaxın və uzaq "qohumu” kimi tərtib olunmalıdır.  Vəzifəli şəxsin tutduğu "post”a uyğun (bunula bağlı ayrıca vəzifələrin təsnifatı hazırlanmalıdır, mövcud olan vəzifə təsnifatları bütün vəzifəli şəxsləri əhatə etmir) bəyannamə verən qohum şəxslərin dairəsi genişlənməli və onunla "yaşaması” şərt olmamaıldır - ər/arvad, valideynlər, uşaqlar və onların əri/arvadı, nəvələr, bacı-qardaşlar, onların əri/arvadı və uşaqları, əmi, dayı, bibi, xala, onların əri/arvadı və uşaqları. Əlavə olaraq, vəzifəli şəxsin "qohumu” ilə kifayətlənməyərək onun ərinin/arvadının qohumları da bəyannamə verən şəxslərin sırasına daxil olmalıdır. Düzdür, siyahı böyükdür və bunula bağlı çox suallar yarana bilər, lakin belə olmadıqda, "bacıoğlunun”, "mamaoğlunun”, "yeznə-qayının” şirkətlərinin qanundankənar vasitələrlə gəlir əldə edilməsinin, "gəlinin” firmasının iqtisadiyyatın müəyyən sahəsində "at” oynadılmasının qarşısının alınması mümkünsüz olacaq. Əlbəttə ki, məqsəd kiminsə qohum-əqrabasını siyahıya alması deyil, sadəcə əlində müəyyən maliyyə və digər "rıçaqları” olan vəzifəli şəxslərin həmin o "uzaq” qohumlardan istifadə edilməsindən çəkindirməkdir. Məqbul variant kimi qanunvericilikə bəyannamə verən şəxslər kimi vəzifəli şəxslə birgə yaşamasından asılı olmayaraq ailə üzvləri (ər/arvad, valideynlər, uşaqlar və onların əri/arvadı, nəvələr və onların əri/arvadı, bacı-qardaşlar, onların əri/arvadı və uşaqları) qeyd oluma bilər, digər qohumlarının isə sadəcə siyahısının təqdim edilməsi kifayət edər. Belə addımların atılması şəffaflığın təmin edilməsi üçün zəruridir.  

Nizami Bağırov
Arqument.az
 
(ardı var)