Pandemiya zamanı dövlətin və vətəndaşın məsuliyyəti… - TƏHLİL
22-04-2020 14:56 / Bu xəbər 1228 dəfə oxundu
Və ya "Diqqətli” ol, "məsuliyyətli” ol, "Yandeks" bizi görür!
Pandemiya dövründə dünyanın ayrı-ayrı ölkələrinda tətbiq olunan karantin tədbirləri fərqlidir. Eyni zamanda, nəinki tədbirlər, həm də onlara riayət etmə səviyyəsi də fərqlənir.
Əksər ölkələrdə passport-icazə rejimi tətbiq olunur, bir çox ticarət obyektləri bağlanır (əsasən ictimai iaşə, böyük ticarət mərkəzləri və s.) və insanlara, xüsusi rejim qaydalarını pozduqlarına görə müəyyən sanksiyalar (xəbərdarlıq, cərimə, həbs) tətbiq olunur. Hətta daha sərt tədbirlər – fövqəladə vəziyyət və komendant saatı tətbiq edən dövlətlər də (ABŞ, Avropa ölkələri, Gürcüstan, Türkiyə, S.Ərəbistanı və s) az deyildir.
İnsanların xüsusi karantin rejimini əməl edilməsi məqsədilə dövlət və ictimai səviyyədə kampaniyalar ("evdə qal, sağlam qal”, "stayathome”, "sidimdoma”) həyata keçirilir, iqtisadi aktivliyin azaldılması naminə vətəndaşlara və biznesə maddi yardım (ayrı-ayrı ölkələrdə yardımın effektivliyi fərqlidir) paketləri hazırlanır.
Ümumiləşdirsək, karantin rejiminə əməl edilməsinə və "özünütəcrid”in (məqsədsiz və icazəsiz evdən çıxmama, sosial məsafə və s) effektivliyinə bir neçə şərt (hal) təsir edir:
• Maddi təminatın səviyyəsi. Əlbəttə ki, karantin rejiminə əməl edilməsi səviyyəsi insanların maddi təminatı ilə bilavasitə əlaqəlidir. Hökümətlər, vətəndaş və biznesin xüsusi karantin dövründə aktivliyinin azaldılması məqsədi ilə müəyyən "anti-böhran” paketləri hazırlayır, böhrandan çıxma tədbirləri görürlər. Həmin tədbirlərin əhatiliyi, əlçatanlığı, adekvatlılığı aktivliyə təsir edir. Belə tədbirlər nə qədər effektivdirsə insanların aktivliyi o qədər də azalır. Burada əlbəttə ki, hakimiyyətin məsuliyyəti böyükdür.
• Sosial məsuliyyət. Könüllü "özünütəcrid” səviyyəsi. Daha intizamlı, özlərinin və yaxınlarının sağlamlığı üçün daha çox narahat olanlar, tarixən və mental olaraq qanuna tabe olma mədəniyyətinin daha yüksək olduğu yerlərdə və epidemiya episentlərində olan insanlar daha çox könüllü şəkildə öz hərəkət azadlıqlarını məhdudlaşdırırlar.
• Əhalinin iqtisadi aktivlik səviyyəsi. Bölgələr üzrə iqtisadi aktivlikdən asılı olaraq, insanların küçələrdəki olan sayı fərqlənir. Əhalinin əksəriyyəti işləmirsə, evdə oturmağa alışıbsa, bu, əlbəttə ki, "özünütəcrid” səviyyəsinə müsbət təsir edəcək. Əksinə, bir bölgənin insanları aktivdirsə, hətta karantin dövründə belə onlar aktiv olaraq qalacaqlar (iqtisadi aktivliyin aşağı olduğu bölgələrdən nisbətdə).
• Dövlət tərəfindən tətbiq olunan qadağaların sərtlik səviyyəsi. Sərhədlərin bağlanması, bir çox ticarət obyektlərin fəaliyyətinə qadağaların qoyulmas və ictimai nəqliyyatın hansı səviyyədə işləməsindən asılı olaraq insanların aktivliyi dəyişəcək. Əgər ictimai nəqliyyat bir yerdə qadağan olubsa, digər yerdə isə öz əvvəlki qrafikinə uyğun işləyirsə, bu qaçılmaz olaraq virusun yayılma sürətini ərazilərə görə fərqləndirəcək. Məsələn, metronun fəaliyyət göstərməməsi, avtobusların uzun zaman intervalı ilə hərəkət etməsi, taksi sayının azaldılması (taksi sürücülərinə qanunla bütün tələblərin irəli sürülməsi) virusun yayılma sürətinə birbaşa təsir edir. İctimai nəqliyyatda olan məhdudiyyətlərdən asılı olaraq, vətəndaşların hərəkəti (aktivliyi, fəaliyyəti) dəyişir.
• Dövlət tərəfindən tətbiq olunan qadağalara riayət edilməsi səviyyəsi. Karatin rejiminə əməl olunması üçün təkcə qanunvericilik səviyyəsində cinayət və inzibatı məsuliyyətin (sanksiyalar ölkədən ölkəyə dəyişir) bəyan edilməsi kifayət deyil. Bu sanksiyalar real olaraq tətbiq olunmalı, kağız üzərində qalmamalıdır. Bunun üçün polis vicdanla karantin rejiminin əməl edilməsinə nəzarət etməli, vətəndaş isə sosial məsuliyyətini dərk etməlidir.
Bütün bu şərtləri icra etmək üçün cəmiyyətin güclü demokratik təsisatlara ehtiyacı var. Belə olan halda vətəndaşların hakimiyyətə, təsisatların siyasi hakimiyyətə, siyasi hakimiyyətin təsisatlara etibarı zəruridir. Bundan başqa, vətəndaşlar niyə karantində olduqlarını anlamalı (hələ də koronavirusun mövcudluğuna inanmayan bir çox insan var) və bu barədə məlumatlar şəffaf və əlçatan olmalıdır.
Azərbaycanla bağlı durum necədir?
İndi isə konkretləşdirərək keçək Azərbaycana. Bəs bizdə xüsusi karantin rejiminə necə əməl edilir və dövlət bunun əməl edilməsi üçün "əlində” olan bütün imkanlarından istifadə edirmi? Heüsab edirəm ki, xüsusi karantin rejiminin pozulmasına görə cinayət və inzibati məsuliyyətə cəlb olunanların sayı (aprel ayı ərzində 40.000 çox insan) "özünütəcrid” qaydalarının əməl olunması səviyyəsini müəyyən etmək üçün kifayət deyil. Bunun araşdırılması üçün daha innovativ mənbələrə istinad etməliyik.
Sevindirici (yalnız yazıda qeyd olunan məsələləri təhlil etmək üçün sevindiricidir, digər məsələlərdə isə təhlükə "iyi” gəlir) haldır ki, artıq «Yandex» axtarış sisteminin tərtibatçıları tərəfindən xüsusi model və vasitələrlə müxtəlif şəhərlərdə "özünütəcrid” dərəcəsinin qiymətləndirməsi indeksi tərtib olunub. «Özünütəcrid» indeksi - "Yandex”in xidmətlərindən istifadə edənlərin lokasiya (yerləşmə) məlumatları əsasında hazırlanıb. Tərtibatçılar indeksi müəyyən etmək üçün tədqiq etdiyi şəhərin hazırkı və karantindən əvvəlki aktivliyini müqayisə edir.
Xüsusi rejim vaxtı gündəlik aktivlik adi günlə (pandemiyadan əvvəl) müqayisədə eynidirsə, deməli, "özünütəcrid” səviyyəsi aşağıdır - 0 bal. Əksinə - 5 bal. "Özünütəcrid” indeksi nə qədər yüksək olsa, o qədər də virusun yayılma ehtimalı azalır.
"Yandex”, Rusiyadan sonra tədqiqat arealını genişləndirərək MDB-nin bir çox şəhərlərini öz "əhatə dairəsinə” əlavə edib (Rusiya şəhərlərindən fərqli olaraq bu şəhərlərdə "Yandex”in xidmətlərindən nisbətən az istifadə olunsa da, tərtibatçılar hesablama medotuna korrektə edərək proqramı qeyd olunan şəhərlərə görə uyğunlaşdıra biliblər).
Əhatə dairəsinə Bakı və Gəncə şəhərləri də daxildir. Aprel ayı üzrə (01-20 aprel, xüsusi rejimin qüvvədə olduğu zaman) Bakı və Gəncə şəhərlərində "özünütəcrid” indeksi ilə (sutka ərzində orta statistik) aşağıdakı linkdən və cədvəldən tanış olmaq olar. (https://yandex.ru/web-maps/covid19/isolation?ll=55.044307%2C41.951723&z=5.8)

Burada:
0,0 – 2,9 bal – şəhərdə aktivlik həddindən artıq çoxdur.
3,0 – 3,9 bal – şəhərdə aktivlik çoxdur.
4,0 – 5,0 bal – şəhərdə aklivlik demək olar ki yoxdur.
Bu cədvəl əsasında Bakı şəhərində olan vəziyyəti təhlil etsək (Gəncədə də oxşar vəziyyət olduğundan hər iki şəhərin ayrı-ayrılıqda təhlilinə lüzum görülmədi və təhlili bütün ölkə üzrə keçərlidir) görərik ki, əhali xüsusi karantin rejimini tam "iqnor” etməsə də (indeks 2,9 bala qədər enməyib) "özünütəcrid”-ə tam səviyyədə əməl olunmayıb (halbuki, məhz "özünütəcrid” virusun yayılmasının qarşısını alır, səhiyyənin üzərinə düşən yükü azaldır). Əldə olunan məlumatları 3 zaman kəsiyinə bölsək aşağıdakıları görə bilərik:
* 01-04 aprel. "Özünütəcrid” indeksi ortalama 3,8 baldır – aktivlik var, insanların sosial məsuliyyəti "axsayır”. Virusa yoluxma halları artır. Nəhayət ki, dövlətin tədbirlər planı açıqlanıb. Amma hələ də suallar var, qeyri-müəyyənlik çoxdur.
* 05 – 12 aprel. "Özünütəcrid” indeksi ortalama 4,1 baldır – şəhərdə aktivlik demək olar ki, yoxdur. Bunu sosial məsuliyyətlə deyil, məhz aprel ayının 5-dən "sms icazə”-nin işə düşməsi və vətəndaşlara qarşı real olaraq cəza sanksiyaların tətbiq olunması ilə əlaqələndirmək lazımdır. Nəqliyyatda tətbiq olunan məhdidiyyətlər (metronun bağlanması, avtobusların daha uzun zaman intervalı ilə hərəkət etməsi, taksilərin sayının azalması) əhalinin aktivliyinə təsir edir. Gündəlik virusa yoluxma halları çoxalır. İnsanlarda qorxu yaranıb və onlar "gözləmə” mövqeyindədir.
* 13 – 20 aprel. "Özünütəcrid” indeksi yenə də ortala 4,0 baldan aşağıdır – şəhərdə aktivlik çoxdur (nəzərdən qaçmır ki, 19 aprel bazar günü indeks 4,1 bal olub, cədvələ diqqət yetirsək görərik ki, xüsusi karantin rejimi zamanı bazar günlərində "özünütəcrid” indeksi digər günlərə nisbətdə yüksək olsa da, orada da indeksin aşağı düşmə tendensiyası hiss olunur: 05 aprel 4,6 bal; 12 aprel 4,3 bal; 19 aprel 4,1 bal).
Bu niyə baş verir?
Axı nəqliyyatda mövcud olan məhdudiyyətlər davam edir, polis yenə də xüsusi karantin rejimini pozanları "bağışlamır” (hətta sms icazəsi ilə mənzili tərk edənlərin mənzildən çıxma səbəbləri araşdırılır və "saxtakarlığa” yol verənlər cəzalandırılır), hətta rəsmi icazəsi olan şəxslərin sayı azalıb (iсaze.gov.az portalında qeydə alınanların təxminən 50.000 nəfərinin iсazəsi sonradan ləğv olunub), koronavirus isə öz yerində - yoluxanların sayı artır.
Məncə, bu zaman kəsiyində olan məlumatlar bizə bir çox mətləblərdən xəbər verir və buna görə də hərtərəfli təhlilə ehtiyac var. Bununla bağlı ağağıdakı nəticələrə gəlmək olar:
- İnsanlar artıq "koronavirus” xofundan çıxıb. Artıq yoluxan və ölənlərin sayı onları qorxudmur, belə xəbərlər onlar üçün artıq adiləşib ( necə ki, 15-20 il bundan qabaq terror hadisəsi barədə xəbər alıb sarsılan insan hal-hazırda "bir tükü” belə tərpənmədən bu barədə məlumatları oxuyub yan keçir);
- İnsanımızn intizamsızlığı özünü əyani şəkildə biruzə verir. Sosial məsuliyyət dərəcəsi çox aşağı səviyyədədir (koronavirusun mövcudluğuna inanmamaq, mənasız yerə küçəyə çıxmaq, uşaqları market və dükanları gəzdirərək təhlükə ilə üz-üzə qoymaq, ictimai yerlərdə maska taxmamaq, icazə sms-i alıb futbol oynamaq və s);
- Özünü sıxaraq "özünütəcrid” edib "gözləmə” mövqeyində olan insanımız dövlətin təsdiq etdiyi tədbirlər planını effektiv olmadığı qənaətinə gəlib. Tədbirlər planı çərçivəsində göstərilən maliyyə dəstəyi ehtiyacı olan bütün insanları və biznesi əhatə etməyib və ya nəzərdə tutulan maddi yardım yaranmış vəziyyətə adekvat olmayıb. Üstəgəl, yardım ünvanlara vaxtında çatmayıb (nəzərə alınmalıdır ki, aztəminatlı ailələrin maliyyə "yastığı” olmur ki, bir ay dözsün);
- Polis artıq əvvəlki əzmlə xüsusi karantin rejimin əməl edilməsinə nəzarət etmir. Həmçinin cərimənin effekti azalıb və ya "islanmışın” yağışdan qorxusu olmur
Göründüyü kimi, hakimiyyət pandemiya zamanı öz vətəndaşından intizam və sosial məsuliyyət gözlədiyi halda özü də əlində olan bütün resurslardan istifadə edib lazımı qaydada və/və ya miqdarda onun "özünütəcrid”ini maddi cəhətdən təşviq etməyib. Koronavirus qorxusu, cərimə və məhdudiyyətlər insanımızı evdə "saxlaya” bilməz. Azərbaycan insanının öz ailə üzvlərinə qarşı (uşaqlar, yaşlı valideynlər) məsuliyyəti var, bunu həmişə hiss edir və çalışır ki, onları "çörəklə” imtahana çəkməsin.
Son olaraq bir cümlə ilə vəziyyətimizi xarakterizə etsək, belə deyə bilərik: bir çox hallarda intizamsız olan insanımız qısa dövr ərzində cərimə qorxusu altında sosial məsuliyyətini dərk edərək "özünütəcrid” edib yardım üçün "üzünü” dövlətə çevirmiş və gözləntiləri "çin” olmadığından ailə məsuliyyətini hiss edərək "çörək pulu” dalınca küçələrə çıxıb.
Özünüzdən müğayət olun, çalışın xəstələnməyin və cərimələnməyin.
Nizami Bağırov












