Parlament bir neçə qanun layihəsini səsverməyə çıxarıb

Parlament bir neçə qanun layihəsini səsverməyə çıxarıb

24-11-2020 13:27 / Bu xəbər 387 dəfə oxundu

"Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi də ikinci oxunuşda təsdiqlənib

Milli Məclisin noyabrın 24-də keçirilən iclasında Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediməsi və "Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallarının təsis edilməsi ilə əlaqədar qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və II oxunuşda təsdiqlənib.

Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə”, "Zəfər” və "Qarabağ” ordenləri, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.

Əsasnaməyə görə, "Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir və eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

İclasda Azərbaycanda polietilen torbalar və birdəfəlik qablar qadağan edilməsi ilə bağlı "Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi də ikinci oxunuşda təsdiqlənib. Layihəyə əsasən, Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Həmçinin bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət də müəyyən edilir.

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Bu inzibati tənbehləri almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Plenar iclasda dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası ilə bağlı Dövlət qulluğu haqqında” qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq təsdiq edilib.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən qiymətləndirmə forması əsasında aparılacaq. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50%-i tapşırıqların (hədəflərin) icra vəziyyətinin qiymətləndirilməsinə, 40 %-i meyarlar əsasında qiymətləndirilməyə, 10 %-i isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək.

Parlamentin növbəti plenar iclası noyabrın 26-da keçiriləcək.///Meydan.Tv