Parlament hərəkatı

Parlament hərəkatı

03-12-2019 15:18 / Bu xəbər 996 dəfə oxundu

Elman Fəttah

Bu ölkənin ən çox ehtiyacı olan şey siyasi mədəniyyətdir

Növbədənkənar parlament seçkiləri çirkli atışmaları yenidən alovlandırıb. Bizim məmləkətdə siyasi müzakirələrin ənənəvi olaraq bu müstəviyə yuvarlanması gözlənilməz olmasa da, hər dəfə məyusedici olur.

"Seçkini boykot edək”lə, "seçkidə iştirak edək” kimi "dejurni” mövqe üzərindən söylənilən qarşılıqlı ağır ittihamlar o qədər mənasızdır ki, onların nə dəyərlərlə, nə də siyasi mübarizəylə əlaqəsini tapmaq mümkün deyil.

Halbuki həm "Seçkidə iştirak etmək mənasızdır” deyənlər (ölkədə seçki mühiti yoxdur, iştirak heç bir müsbət nəticə vəd etmir) həqiqəti söyləyir, həm də "Seçkidə iştirak edib, bütün mümkün imkanlardan yararlanmalıyıq” deyənlər (iştirak edib yeni siyasi situasiya yaratmağa cəhd etmək, bütün hallarda aktiv seçki müqavimətini faydalı saymaq) həqiqəti söyləyir. Bu həqiqətlərlə razılaşmaq çətin olmamalıdır axı? Şəxsən mənə görə indiki mərhələdə bu iki "əks mövqe” peşəkar siyasət baxımından daha çox uzlaşma imkanları təqdim etməlidir, nəinki qarşılıqlı ittihamlar.

Gəlin, bu iki əks mövqe sahiblərinin asanlıqla uzlaşa biləcəkləri məsələlərin bir neçəsini sıralayaq: 1. Ölkədə avtoritarizm hər gün bir az daha çox möhkəmlənir. Bunu durdurmağın yollarını tapmalıyıq.

1. Ölkədə seçki mühiti məhv edilib. Bunu bərpa etməyin, yenidən yaratmağın yollarını tapmalıyıq.
2. Ölkə ailə avtoritarizminə yuvarlanır və elan olunacaq parlament seçkiləri rejimin bu niyyətini təmin etmə vasitəsidir.
3. Protest elektoratının təşkilatlandırılması müqavimətin əsas instrumentidir. (ha seçkidən əvvəl, ha seçkidən sonra)
Siyahını xeyli uzatmaq olar.

Bəs bu iki "əks mövqe” sahiblərini uzlaşmaya qoymayan səbəblər hansılardır? Azərbaycanın demokratikləşməsimi? Xeyr. Azərbaycanın hüquqi dövlət olmasımı? Xeyr. Azərbaycanda güclü parlamentarizmin qurulmasımı? Xeyr. Cəmi bir səbəb var: onlar uzlaşa biləcəkləri strateji maraqlara yox, boğuşa biləcəkləri yaxın maraqlara kökləniblər.

Siyasət üçün boğuşma yad məsələ deyil. Ümumiyyətlə, peşəkar siyasətdə uzlaşma da, boğuşma da siyasi mədəniyyətdir. Amma peşəkar formada. Məsələn, dəyərlər (demokratik-antidemokratik, dürst-fırıldaqçı) baxımından antoqanist mövqedə dayanan siyasi qüvvələrin ideoloji çəkişməsi, şəxslərin didişməsi əsl siyasi boğuşmadır və zəruridir. Çünki onları ayıran dəyərlər var. Amma ideoloji, xüsusilə də strateji mənada maraqları toqquşmayan siyasi qüvvələrin uzlaşma əvəzinə boğuşmanı seçməsinin nə peşəkar izahı, nə də arqumental gücü var.

Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar yazısında dostlardan biri mühüm məsələyə toxunmuşdu: "Ölkə yolayrıcındadır”. Çox doğru təsbitdir. Bizim anti-əliyevlər mübarizəmizin son 26 illik nəticəsi gəlib çatdığımız "tupik”dir. Seçki yox, siyasi mühit yox, avtoritarizmə müqavimət üçün demək olar bütün siyasi və hüquqi instrumentlər məhv edilib. Bu təsbit mübarizənin uğursuzluğuna görə indi kimlərisə ittiham etmək deyil (uzlaşmaya ziddir). Gəlib çatdığımız acı reallığı dərk etməkdir. Bu reallıqda bizim hansı individual siyasi marağımızın təmin müstəvisi qalıb ki, bizi uzlaşmağa yox, boğuşmağa vadar edir? Halbuki hamımızı düşündürən əsas məsələ gəlib çatdığımız "tupik”dən necə çıxmağın yollarını axtarmaq, tapmaq və irəliləmək olmalıdır. Əlbəttə, söhbət həqiqətən də ölkənin gələcəyini düşünən, nəsə etmək istəyən şəxs və təşkilatlardan gedir. Brejnevin durğunluq dövründəki kimi pərdə yelləyən qatar bələdçilərindən yox.

Siyasət tarixinin haqlar uğrunda mübarizə xronologiyasına baxsaq, parlamentarizm uğrunda mübarizənin bu tarixdəki yerinin nə qədər həlledici və uğur vədedici olduğunun şahidi olarıq. Bu baxımdan, ölkədə yeni bir prosesi parlament seçkiləri kontekstində başlatmaq ağlabatan görünər. Lakin bu prosesin "Boykot” və ya "İştirak” kimi dəfələrlə üzü astarına çevrilmiş taktika ilə başlayacağını düşünmək ağlabatan deyil.

Ölkənin gələcəyinin siyasi baxımdan dalana dirəndiyini dərk edən, bu acı reallığı qəbul edən nüfuzlu şəxslər, prinsipial siyasi təşkilatlar seçkiyə münasibətdə öz mövqelərində qalmaqla ən sonuncu məsələ olan "boykot, yoxsa iştirak” boğuşmasını kənara qoyub, strateji məqsəd (parlamentarizm) naminə PARLAMENT hərəkatını başlada bilərlər.

Mən anlayıram ki, bizim insanımız seçki sözünə rişxəndlə baxır. Mən anlayıram ki, bizim insanımız ölkədə dəyişiklərə inanmır və gözləmir. Amma mən ona inanıram ki, bizim insanımız kəslərin yox, hər kəsin marağına uyğun, yaxşı adamların başladacağı prosesə laqeyd qalmaz. Bizim insanımızı "seçkiyə gələrsə, nəticə olacağına” inandırmağa çalışmaq imkansız görünür. Amma onun öz hakimiyyətini qurmağa çağırmaq bəlkə də inandırıcı gələr.

Birinciyə inanmayan xalqın ikinciyə niyə inanacağını düşünürəm? Birinci, yəni seçki xalqın gəldiyi və nəticəsini görməyib iyrəndiyi təklifdir. Seçki mühitində ciddi dəyişiklik olmadan yenidən gəlməyəcək. Öz hakimiyyəti isə onun görmədiyi şeydir. Xalqdır də, bəlkə də bunu istədi. Hətta arzulanan nəticə olmasa belə, əgər ölkənin yaxşı imicə malik nüfuzlu şəxsləri, prinsipial mövqedən çıxış edən siyasi təşkilatları növbədənkənar seçki kontekstində parlamentarizm uğruna ortaya bir uzlaşma nümunəsi qoya bilsələr və 2 ay sonra boğuşmasalar, bunun özü belə təkbaşına böyük uğur olar. Siyasəti bizim təsir imkanlarımız çərçivəsində peşəkarlaşdıra bisək, xalqdan siyasi mənada aktivlik istəməyə də üzümüz olar.

Sözüm "heç olmasa nəsə edək” deyə (gənclər, aktiv dostlar) çıpınanlaradır. Uzlaşın. Yaxşı nümunə yaradın. Bu ölkənin ən çox ehtiyacı olan şey siyasi mədəniyyətdir. Bütün yaxşı şeylər ondan sonra baş verəcək.

Yazı "meydan.tv"dən götürülüb.