Parlament hökumətə vaxt verdi

Parlament hökumətə vaxt verdi

23-11-2017 17:10 / Bu xəbər 1642 dəfə oxundu

Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirməkdən ötrü hökumətə 8 gün vaxt verilib.

APA-nın xəbərinə görə, parlamentin sədri Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər. Dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Maliyyə naziri Samir Şərifov da deyib ki, deputatların təklifləri hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.

Parlament noyabrın 21-dən 2018-ci il dövlət büdcəsi layihəsini müzakirə edirdi. Layihəyə görə, növbəti il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edəcək.

Deputatlar bəzi sahələrə ayrılan vəsaitlərin artırılmasını təklif ediblər. Belə təkliflərdən birini Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov verib. O, səhiyyəyə ayrılan vəsaitin artırılmasını vacib sayıb.

"Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun", - deyə komitə sədri vurğulamışdı.

2018-ci ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri 740.7 milyon manat təşkil edir. Bu rəqəm 2017-ci ildə 745.4 milyon manat nəzərdə tutulub. Büdcədə 2017-ci ildə də səhiyyəyə ayrılan vəsait 2016-cı illə müqayisədə azalmışdı.

Halbuki, layihəyə görə, bu illə müqayisədə gələn il büdcənin xərcləri təqribən 3 milyard manat artırılıb.