Parlament seçkilərini daha bir boykot çağırışı

Parlament seçkilərini daha bir boykot çağırışı

17-07-2024 00:57 / Bu xəbər 712 dəfə oxundu

AXCP-nin ardınca Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) da 1 sentyabr növbədənkənar parlament seçkilərini boykot edəcəkləri barədə bəyanat yaydı.

Milli Şura noyabr ayının əvvəlində keçirilməli olan bir seçkini 2 ay önə çəkməyin hansı zərurətdən doğduğunun bəlli olmadığını və qərarın COP 29  tədbiri ilə əsaslandırmağı qeyri-ciddi adlandırıb: "Görünən odur ki, parlamenti özünün notarial kontoruna çevirmiş İlham Əliyev yalnız özünə və yaxın ətrafına məlum olan motivlərlə belə bir qərar verib”.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda seçki institutu bilavasitə İlham Əliyevin məqsədli siyasəti ilə məhv edilib və vətəndaşların seçkiyə heç bir marağı, inamı qalmayıb: "1 sentyabr seçkisinə xalqın etinasız münasibəti də bundan irəli gəlir. Elan olunan seçkinin kampaniya müddətinin artıq 3 həftəsi geridə qalır, lakin ölkədə hər hansı seçki ab-havası hiss olunmur. Acınacaqlısı budur ki, İlham Əliyev hökuməti də məhz belə olmasını istəyir”.

"Azərbaycan hakimiyyəti bu seçkiyə sayı 300 nəfəri keçmiş siyasi məhbusla, azad medianı boğub sıradan çıxarmaqla, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə divan tutmaqla gedir. Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır, bütün saxtakarlıq imkanları artırılmış şəkildə yerli və mərkəzi seçki komissiyalarının sərəncamındadır. Vətəndaş cəmiyyətinin, müxalifətin və müstəqil quruluşların səsvermə və səslərin sayılmasına nəzarət imkanı yoxdur”, – bəyanat müəlliflləri vurğulayır.

Daha sonra qeyd olunur ki, mitinq və toplantılar üzərində qeyri-rəsmi qadağa qüvvəsində qalır.

"Vəziyyət o həddə çatıb ki, daxili işlər nazirinin müavini seçkinin həm kampaniya müddətində, həm də səsvermə günü total polis nəzarəti altında keçəcəyini açıq bəyan etməkdən belə çəkinmir. Bir sözlə, İlham Əliyev hökuməti seçki adı altında növbəti deputat təyinatlarına hazırlaşır”,-deyə bəyanatda bildirilir.

Milli Şura bəyan edir ki, belə bir şəraitdə keçirilən seçki xalqın iradəsini ifadə edə bilməz və legitim deyil: "Milli Şura 1 sentyabr seçkisini seçki yox, nəticəsi əvvəlcədən müəyyən edilmiş, şəxsən İlham Əliyevin istəyinə uyğun ssenariləşdirilmiş ucuz tamaşa sayır və orada iştirakı lüzumsuz, milli maraqlar baxımından zərərli hesab edir. Bu mənada Milli Şura AXCP-nin 1 sentyabr seçkisini boykot etmək qərarını müdafiə edir və milli maraqları düşünən bütün siyasi qüvvələri belə bir qərar verməyə səsləyir. Milli Şura ölkə vətəndaşlarını səsvermə günü məntəqələrə getməməyə, xalqın hüquq və azadlıqlarını, xoşbəxt yaşamaq imkanlarını qəsb etmiş bir hakimiyyətin saxta seçki tamaşasını hamılıqla boykot etməyə çağırır”.
 
Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.