Parlamentdə icra hakimiyyətlərinin ləğvi təklif edilir

Parlamentdə icra hakimiyyətlərinin ləğvi təklif edilir

12-02-2021 16:23 / Bu xəbər 640 dəfə oxundu

Vitse-spiker: "Xüsusi nümayəndəlik institutu özünü doğrultsa, digər ərazilərdə də tətbiq olunacaq”

"Nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik”.

Milli Məclisdə Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə bağlı "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa belə deyib.

O təklif edib ki, burada toqquşan səlahiyyətlər məsələsi də olduğu üçün xüsusi nümayəndə təyin edilən yerlərdə yerli icra hakimiyyəti orqanları ləğv olunmalıdır:

Fazil Mustafa
Mənbə: Facebook

”Bu bölgələrdə "Smart şəhər”, "Smart kənd” layihələrindən əvvəl "Smart insan” layihəsini həyata keçirməliyik. Bu ərazilərə xarizmatik insanları təyin etməliyik. Kadr bankının yaranmasına ehtiyac var. Qarabağa könüllü insanları göndərməliyik. Şıxlar kəndindən 150 ailə Qarabağın bir kəndində yerləşməyə hazır olduğunu bəyan etdi. Biz istiqaməti bu cür qurmalıyıq. Polisin, sərhəd qoşunlarımızın əməkdaşları ən ağır, çətin şərtlərdə fəaliyyət göstərirlər”.

Deputat qeyd edib ki, xüsusi nümayəndəliyin işi elə qurulmalıdır ki, yerlərdə olan qurumlarla anlaşmazlıq yaranmasın”.

Əli Hüseynli: "Xüsusi nümayəndəlik institutu özünü doğrultsa, digər ərazilərdə də tətbiq olunacaq”

Deputat Sabir Rüstəmxanlı da xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmənin necə olacağı barədə sual verib.

Milli Məclisin I vitse-spiker Əli Hüseynli bildirib ki, bu institut sadəcə işğaldan azad edilmiş ərazilərdə yaradılır: "Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir. "Xüsusi nümayəndələr haqqında Əsasnamə” ilə "Yerli icra orqanları haqqında Əsasnamə” ciddi şəkildə araşdırılıb. Yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa və effektiv olsa, digər ərazilərdə də tətbiq olunacaq. Amma hələlik hər hansı vəzifənin üst-üstə düşməsi mümkün deyil”.

Qüdrət Həsənquliyev: "Gələcəkdə icra hakimiyyətləri ləğv olunmal, səlahiyyətləri bələdiyyələrə verilməlidir”

Deputat Qüdrət Həsənquliyev deyib ki, xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır:

Qüdrət Həsənquliyev
Mənbə: arxiv

"Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər. Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

Xüsusi nümayəndələr dövlət qulluqçusu statusunda olacaq

Yanvarın 19-da Prezidentin fərmanı ilə "prezidentin xüsusi nümayəndələri” təsis edilib. Bununla bağlı "Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir.

Layihəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.///Meydan.Tv